Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5344/2022 29.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 91,20 manat maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx/xx/2014-cü il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-tarixli e-2(060)-3030/23021-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. xx.xx.2022-ci il tarixdə ödənilən 608 manat "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 91,20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, həmin bildirişin xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğundur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmuu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2021-ci il tarixli, e-2(060)-3030/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh əsas məbləğ üzrə 448,97 manat, əsas məbləğə hesablanmış faiz borcu 55,24 manat, cərimə borcu 66,82 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi 577,83 (beş yüz yetmiş yeddi manat səksən üç qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı «X1 Azərbaycan» QSCnin xeyrinə tutulması qət edilmişdir. Bank ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, müqavilə istehlak kreditləri, kredit kartları və kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-cİ il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 608 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 91,20 manat məbləğində xidmət haqqı ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, Cavabdeh üzərinə düşən öhdəliyi icra mərhələsində icra etmişdir. İddiaçı, Cavabdeh borclu olduğu icra icraatı zamanı "xxxx" MMC tərəfindən borcun tam həcmdə geri ödətdirilməsinin təmin edildiyini göstərsə də icra icraatı zamanı "xxxx" MMCnin iddiaçı «X1 Azərbaycan» QSC-yə hansı xidməti göstərməsi, həmçinin borclu tərəfindən borcun ödənilməsinin təmin edilməsi istiqamətində hansı hərəkətləri etməsi qeyri-müəyyəndir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı 91,20 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284- 1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5344/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5344/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver