Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-54/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəh, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, mənzil 32 ilə bağlı 24.2 kv.metr sahəyə görə artıq ödənilmiş (24.2 x 950=22.900 AZN) 22.900 (iyirmi iki min doqquz yüz manat) AZN məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə yaşayış sahəsi üçün mənzil inşaat müqaviləsi imzalanmış, müqavilənin şərtinə əsasən iddiaçı Cavabdeh MMC ünvan 1 ünvanında özünə məxsus torpaq sahəsində inşa etdiyi yaşayış kompleksinin 1-ci məhəllə, 9-cu blokunun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155.00 kv.m olan, 4 otaqlı 2 nömrəli təmirsiz mənzil ilə iddiaçını təmin etməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 147.250.00 (bir yüz qırx yeddi min iki yüz əlli manat) AZN müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə əvvəlcə 1000 manat beh verdikdən sonra (bu barədə qəbzlər əlavə olunur) xx.xx.2021-ci il tarixdə 146.250.00 (yüz qırx altı min iki yüz əlli manat) AZN pulu nəğd şəkildə Cavabdeh MMC-yə ödəmiş və bu barədə ona mədaxil orderi (maliyyə arayışı) təqdim edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, SMCP-037/21 saylı müqaviləyə əsasən iddiaçıya təqdim olunan mənzilin ümumi sahəsi və hesablaşma sahəsi 155.00 kv.metr təşkil etməli idi. Lakin, alqı-satqı müqaviləsindən bir ay sonra, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı mənzilə mülkiyyət hüququna dair çıxarış almış, çıxarışı əldə etdikdən sonra iddiaçıya mənzilin ümumi sahəsinin 130.80 kv.metr təşkil etdiyi məlum olmuşdur. Qeyd edir ki, çıxarış alınarkən iddiaçı mənzilin konstruksiyasında hər hansı bir dəyişiklik etməmiş, mənzil təmirsiz vəziyyətdə olmuş, mənzilin açarının bir nüsxəsi MMC-də olmuşdur. Cavabdeh iddiaçıya satdığı mənzilin ümumi sahəsinin 155.00 kv.metr sahəsi olduğunu müqavilədə və maliyyə arayışında göstərsə də, faktiki olaraq yaşayış sahəsi 130.80 kv.metr olmuşdur. Yəni iddiaçının aldığı 155.00 kv.metr mənzilə etdiyi ödəniş ilə mənzilin faktiki sahəsi və ona təqdim edilən çıxarış arasında fərq 24.2 kv.metr təşkil etmişdir. İddiaçı 24.2 kv.metr yaşayış sahəsinin pulunu (hər kv.metrə görə 950 manat) əlavə olaraq cavabdehə ödəmişdir. (24.2 x 950=22.900 AZN). Göründüyü kimi cavabdeh şirkətin təqsiri üzündən iddiaçıya cəmi 22.900 AZN (24.2 x 950=22.900 AZN) maddi ziyan dəymişdir. Bu səbəbdən də həmin artıq ödənilmiş pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. İddiaçı qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mənzilin konstruksiyasında hər hansı bir dəyişiklik edilməmişdir. Mənzil təmirsiz vəziyyətdə olmuşdur. Həmin formada iddiaçı Reyestr Xidmətinə müraciət edərək çıxarış almışdır. Daha sonra iddia ərizəsində qeyd edilən hallar, yəni mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olduğu müəyyən edilmişdir. Bundan başqa ekspert rəyi ilə də tanış olub və rəyi qismən qəbul edir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, baxış keçirilən zaman iddiaçıya təqdim edilən balkonun sahəsinin tam olmadığı müəyyən edilmişdir. Lakin bununla bağlı rəydə qeyd aparılmayıb. Həmçinin otaqların sahəsi ilə bağlı da ziddiyyətlər var. İddiaçı ona bildirmişdir ki, ekspert mənzilə formal nəzəri baxışlarla rəy verib. Bundan başqa onlar müstəqil rəy də alıblar. Bundan başqa müqavilədə mənzilin kvadrat metrinin qiymətinin nəzərdə tutulmaması barədə cavabdehin nümayəndəsinin dedikləri ilə razılaşmır. Belə ki, o, həmin MTK-nın saytından mənzilin kv.metrinin qiymətinə dair məlumatlar çıxarmış və məhkəməyə təqdim etmişdir. Həmin məlumatlardan da görünür ki, cavabdeh MTK-da mənzillərin kv.metri 1000 manatdan satışa qoyulmuşdur. Hesab edir ki, cavabdeh tərəf iddiaçıya mənzilin ölçüsü ilə bağlı yanlış məlumat verib və ondan əlavə pul alıb. Mənzilin alqı-satqısı həyata keçirilərkən cavabdehin əlində mənzilin sahəsinin daha az olması barədə çıxarış olsa da, bu barədə iddiaçıya məlumat verilməyib. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının istinad etdiyi müqavilə etibarlı müqavilə deyil. Belə ki, MM-nin tələbinə əsasən daşınmaz əmlakla bağlı müqavilə notarial qaydada təsdiqlənməlidir. Reyestrdə qeydə alınmayan daşınmaz əmlakla bağlı ümumiyyətlə müqavilə bağlana bilməz. İddiaçının mülkiyyətində olan mənzilə müvafiq çıxarışın verilməsi üçün əsas, iddiaçının istinad etdiyi mənzil inşaatı müqaviləsi deyil, iddiaçı ilə cavabdeh arasında notariat ofisində bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilədə də mənzilin ümumi sahəsi 141,2 kv. metr göstərilmişdir. Sonradan iddiaçıya verilən çıxarışda sahənin 130 kv.m qeyd edilməsinin dəqiq səbəbini bilmir. Çox güman ki, Reyestr Xidməti tərəfindən balkona 03 əmsalı tətbiq edilib, nəticədə həmin fərq yaranmışdır. Bir daha bildirir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış xx.xx.2021-ci il tarixli müqavilə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (əlaqəsinə) dair hər hansı müddəa mövcud deyil. Yəni müqavilədə nəzərdə tutulmuş qiymət mənzilin xüsusiyyətlərinə görə müəyyən edilmiş ümumi qiymətidir, orada mənzilin kv.metrinin qiyməti müəyyən edilməmişdir. Bundan əlavə, müqavilənin 1-ci maddəsində Mənzilin ümumi sahəsinin hesablanma qaydası da müəyyən edilmişdir. Həmin maddəyə görə, “inşaat sahəsi” dedikdə, mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tutduğu sahələrin hamısı, qonşu divarlarının isə yarısı nəzərdə tutulur. Hesab edir ki, qanunlarla işgüzar adətlər arasında fərq var. Belə ki, tikinti şirkətləri vətəndaşlara bütün xərclərini, vergi ödənişlərini nəzərə alıb inşaat sahəsi satırlar. Sonradan dövlət orqanının həmin sahəni başqa cür hesablaması düzgün deyil. Tərəflər arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Odur ki, müqavilə tərəfləri arasında mübahisə yarandığı zaman podrat müqaviləsi üzrə münasibətlərini tənzimləyən Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Podrat müqaviləsi üzrə tərəflər arasındakı hüquq münasibətlərini tənzimləyən qanunvericilikdə podratın nəticələrindən narazı qalan sifarişçinin istənilən vaxt müqavilədən imtina hüququ nəzərdə tutulmuşdur. Lakin iddiaçı nəinki bu hüquqdan istifadə etməmiş, əksinə olaraq, qüsurlu hesab etdiyi mənzili qəbul edərək, hətta çıxarış almışdır. Onu da qeyd edir ki, iddia ərizəsində Mülki Məcəllənin zərər vurulması ilə bağlı normalarına istinad edilsə də, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona iddia ərizəsində göstərildiyi həcmdə maddi zərərin vurulmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir tədbir görməmişdir. Real maddi zərər vurulması barədə heç bir sənəd təqdim edilməyib. Onu da qeyd edir ki, iş üzrə ekspertiza keçirilməsinə ehtiyac yox idi, çünki onlar ümumiyyətlə iddia tələbini qəbul etmirlər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan SMCP-037/21 nömrəli, xx.xx.2021-ci il tarixli Mənzil İnşaatı müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, 9-cu blokun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155.00 kv.metr olan 4 otaqlı, 2 nömrəli təmirsiz mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı üçün Beh haqqında Razılaşmadan görünür ki, Cavabdeh MMC Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, 9cu blokun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155.00 kv.metr olan 4 otaqlı, 2 nömrəli təmirsiz mənzil ilə İddiaçı təmin etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 147250 manat təşkil edir. İddiaçı həmin mənzili almaq niyyətində olduğu üçün xx.xx.2021-ci il tarixinədək Cavabdeh MMC ilə Mənzil İnşaatı müqaviləsi bağlamağı öhdəsinə götürür. İddiaçı Cavabdeh MMC-yə 1000 manat məbləğində beh ödəmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı Cavabdeh MMCyə 146250 manat məbləğində pul ödəmişdir. İşdə olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MMC-yə hal-hazırda borcu yoxdur. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, sahəsi 130,80 kv.metr olan 32 saylı mənzil (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər Ərazi vahidi, Bulvar küçəsi, 25, M 8, m 2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli mənzil inşaatı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı aldığı mənzilin dəyərini tam ödəmiş və həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı sözügedən müqavilə üzrə aldığı mənzilin faktiki ölçüləri ilə müqavilədə nəzərdə tutulmuş ölçüləri arasında fərq olduğunu iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Mülki Məcəllənin podrat müqaviləsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Maddə 752.1). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (Maddə 752.2). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (Maddə 753.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Maddə 762.1). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (Maddə 766). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (Maddə 776.1). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. 41. Bənd 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Həmin qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə mənzil inşaatı haqqında müqavilə bağlayarkən ona cavabdeh şirkət tərəfindən 155 kv.m ölçüdə mənzilin təhvil verilməsi barədə razılaşmış, müqavilə ilə həmin sahəli mənzilin dəyəri 147.250 manat məbləğində müəyyən edilmişdir. Beləliklə tərəflər mənzilin 1 kv.metrini 950 manat (147250 manat / 155 kv.metr) məbləğində qiymətləndirməklə sözügedən müqaviləni bağlamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı rəyindən isə görünür ki, ekspertiza nəticəsində Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin faktiki sahəsi 134,72 m2 müəyyən olunur. Sumqayıt şəhəri, Bulvar küçəsi. 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi 155 m2 müəyyən olunur. Sumqayıt şəhəri, Bulvar küçəsi. 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin faktiki sahəsi ilə həmin mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi arasında 20.28 m2 fərq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda hazırda formalaşmış məhkəmə təcrübəsinə görə podrat müqaviləsi üzrə görülən işlərin qiymətləndirilməsi zamanı hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus 32 nömrəli mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahəsi arasında 20.28 m2 (155-134.72) fərq vardır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi halda, Cavabdeh MMC iddiaçıya müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsi verməklə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən əksik verilmiş sahənin hər kv.metri 1 kv.metrinin dəyərinə (147.250/155=950 manat) vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (20.28 x 950=19266 manat). Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf ekspert rəyi ilə qismən razılaşsa da, balkonların sahəsi tam olmadığı halda rəydə bununla bağlı qeyd aparılmadığını, yaşayış otaqlarının ölçüsü ilə bağlı rəyin əsassız və ziddiyyətli olmasını bildirmişdir. Qeyd edilən halın təsdiq edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin ümumi daxili sahəsinin 133,71 m2 olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçının həmin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzilin faktiki sahəsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı ekspert rəyi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi arasında cuzi fərq (cəmi 1,01 kv.metr) vardır. Balkonların sahəsi isə hər iki rəydə eyni ölçüdə (müvafiq olaraq 4,05 və 3,97 kv.metr) müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı ekspert rəyinin məzmunundan görünür ki, ekspert tərəfindən mənzilin 10 saylı balkonunun texniki pasporta uyğun olmadığı müəyyən olunmuşdur. Belə ki, binanın 8-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus 32 saylı mənzilin texniki pasportda yarım dairə şəklində bir balkonu olduğu təsvir olunsa da, faktiki vəziyyətdə 2 balkonunun olduğu müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, binanın yalnız ikinci, üçüncü və dördüncü mərtəbələrinin mənzillərinin (1-ci mərtəbə qeyriyaşayış) yarım dairə şəklində bir balkonu vardır. Eyni zamanda eksert rəyində mənzilin faktiki sahəsi hesablanarkən balkonların sahəsinə azalma əmsallarının tətbiq olunmadığı qeyd edilmişdir. Məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqavilənin notarial qaydada təsdiqlənmədiyindən etibarsız hesab edilməli olması barədə etirazının dəlilləri ilə də razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə onda ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakterinə görə podrat müqaviləsinə uyğundur. Mülki və digər qanunvericilik aktlarında isə podrat müqaviləsinin notarial qaydada təsdiq edilməli olması nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (əlaqəsinə) dair hər hansı müddəanın mövcud olmaması barədə dəlilləri ilə də razılaşmır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, cavabdehə məxsus saytda mənzillərin satışı onların hər kvadrat metrinə görə qiymətləndirilməklə satılır. Eyni zamanda məhkəmə bu nəticəyə gələrkən hal-hazırda ölkədə yeni tikilən mənzillərin alqı-satqısı üzrə formalaşmış bazarda mənzillərin yerləşdiyi yer və mərtəbəsi də nəzərə alınmaqla dəyərinin sahəsinə görə müəyyən edilməsi təcrübəsini də nəzərə alır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 19266 (on doqquz min iki yüz altmış altı) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən (təxminən 84 faiz həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 158.70 manat dövlət rusumunun 133 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 25.70 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. İddia qismən (təxminən 84 faiz həcmində) təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 42 manat hissəsi cavabdehə, 8 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 19266 (on doqquz min iki yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumunun 133 (bir yüz otuz üç) manat hissəsi tutulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçı 8 (səkkiz) manat, Cavabdeh MMC-dən 42 (qırx iki) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-54/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-54/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver