Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5491/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin etibrasız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, əslini və surətini görmədiyi Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 131-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə bərpa olunmağı, müəssisədən xx.xx.2024-cü il tarixindən işə bərpa оlunacağı günə qədər оlan məcburi işburaхmaya görə əmək haqqı tələb оlunması, mediasiya xərcləri (rüsum və kargüzarlıq xərci), əmək haqqından çıxarış üçün banka ödədiyi məbləğ və əmək mübahisəsi zamanı çəkdiyi digər xərclərin onun xeyrinə müəssisə tərəfindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 12 iyul 2019-cu il tarixində Cavabdeh MMC-də (keçmiş adı “X4” MMC) işə başlamışdır. İşə qəbul zamanı 4 mərhələdən uğurla keçərək “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə qəbul edilmişdir. Qəbul zamanı onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 aylıq müddətə əmək müqaviləsi bağlanmışdır. Hər nə qədər hüquq bərabərliyi nəzərdə tutulsa da, işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik olduğuna görə, işəgötürən daha üstün mövqeyə malik olduğu üçün əmək müqaviləsinin qeyd edilən müddətə bağlanılmasına razı olmuşdur. Bununla belə Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsi 15 dəfə eyni müddətə uzadılmışdır. 2023-cü ilin iyun ayının 1-də isə vəzifə dəyişikliyi (artımı) ilə əlaqədar “İnsan resursları üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmiş və bu dəfə onunla 1 illik müddətə müqavilə bağlanmışdır. Şöbəyə xx.xx.2023-cü il tarixində yeni təyin olunan rəhbər X1 təyin olduğu zamandan öz vəzifə və statusundan istifadə edərək, müxtəlif üsullarla onu işdən çıxartmağa çalışmış, ən sonda isə əmək müqaviləsinin bitməsini əsas tutaraq bu istəyinə nail olmuşdur. xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.”b” – “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsi ilə xitam verilmişdir. Xitamın qanunsuz olduğunu hesab edir, belə ki, xitam zamanı Əmək Məcəlləsinin 83.2-ci maddəsinin bütün tələbləri pozulmuşdur. Xitam barədə əmrin surəti tərəfinə təqdim edilməmişdir. Ümumiyyətlə xitam əmri həmin gün hazırlanıb imzalanmamışdır. Son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü, yəni xx.xx.2024cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. Bununla bağlı heç bir sənəd təqdim olunmamışdır. Əmək kitabçası işdən çıxdığı gün təqdim olunsa da, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarının 4.1 maddəsinin əksinə olaraq əmək kitabçasında müvafiq qeydlər işəgötürənin imzası və möhürü ilə təsdiq edilməmişdir. İmza və möhür insan resursları şöbəsinə aiddir. Pensiya kapitalı ilə bağlı ödəmə hələ də icra olunmamışdır. 2. Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbləri pozulmuşdur: Maddəyə əsasən xəbərdarlıq bildirişi nəzərdə tutulmasa da, yuxarıda qeyd etdiyi kimi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı bildiriş tərtib olunmuş və məcburi qaydada imzalatdırılmağa cəhd olunmuşdur. Nəinki əmək qanunvericiliyinə, heç bir məntiqə sığmayan qaydada, o, işdə ola-ola yaşadığı ünvana bildirişin bir nüsxəsi poçt vasitəsilə (xəbərnaməli) göndərilmişdir. Bildirişdə xitam tarixi 1 iyun 2024-cü il nəzərdə tutulsa da, əmək müqaviləsinə daha tez xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bildiriş göndərilən zərf hal-hazırda mövcud olmayan müəssisə - “X4” MMC adından göndərilmişdir. Maddənin tələbinin əksinə olaraq bildiriş müqavilə bitən gün, yaxud sonrakı bir həftə ərzində deyil, müqavilənin bitməsinə 10 gün qalmış (xx.xx.2024-cü il tarixi) tərtib olunmuşdur.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan e-2(060)-5491/2024 nömrəli iş üzrə iddia müddəti tətbiq edilərək iddiaçı - İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində təqdim etdiyi iddia ərizəsi tamamilə əsassızdır. İddiaçının iddia predmeti işə bərpa ilə əlaqədar olduğundan aşağıda göstərilən əsaslarla rədd edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq, müddətli əmək müqavilələri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğun hesab edilir. Bununla da, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. İşçi ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixində göndərilmişdir, müvafiq mediasiya arayışı isə xx.xx.2024-cü il tarixində verilmişdir. Beləliklə, 296.2-ci maddədə göstərilən müddət buraxılmışdır. İddiaçının iddia etdiyi son haqq-hesabın sonuncu iş günü ödənilməməsi ilə bağlı bildirmişdir ki, İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə eyni mövzulu şikayəti təmin edilməmişdir. Belə ki, son haqq-hesab ödənişi Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü iltarixində ödənilmişdir. Lakin bank tərəfindən əməliyyatların növbəti iş günü həyata keçirilməsi səbəbindən məbləğ xx.xx.2024-cü il tarixində iddiaçının hesabına oturmuşdur. Bu məsələni araşdıram DƏMX qanun pozuntusunun olmamasını müəyyən etmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, son haqqhesab isə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İşdə ola-ola ona xəbərdarlıq bildirişi evə göndərilmiş və evdəkiləri məktubu görüb stress keçirmişdirlər. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil da iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tədqiq olunan sübutlar:
7. İddiaçı ilə “X4” MMC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 061 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı Cəmiyyətin İnsan resursları şöbəsinə İnsan resursları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi 12 iyul 2019-cu il tarixindən 12 oktyabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə bağlanmışdır.
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi 01 iyun 2023-cü il tarixindən 30 may 2024-cü il tarixinədək müddətli bağlanmışdır.
9. 003940 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “X4” MMC-də İnsan Resursları şöbəsinə insan resursları üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC olaraq adlandırılmış, xx.xx.2023-cü il tarixdə həmin şöbədə insan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilmişdir.
10. Cavabdeh MMC-nin 31 may 2024-cü il tarixli, 131-K saylı əmrdən görünür ki, İnsan resursları üzrə aparıcı mütəxəssis İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir.
11. Cavabdeh tərəfindən Cavabdeh MMC-nin İnsan resursları üzrə aparıcı mütəxəssisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onunla bağlanılmış 01 iyun 2023-cü il tarixli əmək müqaviləsinin müddəti 30 may 2024-cü il tarixində bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi, 01 iyun 2024-cü il tarixindən etibarən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir.
12. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1 və 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 iyul 2019-cu il tarixindən 12 oktyabr 2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin tarixli əmri ilə İddiaçı 12 iyul 2019-cu il tarixdən 12 oktyabr 2019-cu il tarixədək “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə insan resursları üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra dəfələrlə əmək müqaviləsinin müddəti uzadılmış hesab edilmiş və tərəflər arasında əmək münasibətləri davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh MMC olaraq adlandırılmışdır. Daha sonra Cavabdeh MMC ilə İddiaçı arasında 01 iyun 2023-cü il tarixindən 30 may 2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və Cavabdeh MMC-nin həmin tarixli əmri ilə İddiaçı 01 iyun 2023-cü il tarixindən 30 may 2024-cü il tarixədək Cavabdeh MMC-yə insan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-nin 31 may 2024-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
15. Məhkəmə ilk növbədə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsinə dair tələbinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyini və əmək kitabçasında müvafiq qeydlərin işəgötürənin imzası və möhürü ilə təsdiq edilmədiyini iddia edir. Cavabdeh 31 may 2024-cü il tarixli, 131-K saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətindən görünür ki, 31 may 2024-cü il tarixli, 131-K saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmr Cavabdeh icraçı direktoru tərəfindən imzalanmış və Cavabdehnə məxsus möhürlə təsdiq olunmuşdur. İddiaçı adı çəkilən əmr başqa şəxsləri də əhatə etdiyi halda tam olaraq etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin iddiaçıya aid hissəsinin etibarsız hesab edilməsinə hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddiaçının əmək kitabçasında müvafiq qeydlərin işəgötürən imzası və möhürü ilə təsdiq edilmədiyinə və insan resursları şöbəsinə aid olmasına dair dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən hal sözügedən əmrin etibarsız hesab edilməsi üçün əsas deyildir.
16. İddianın işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa olunması ilə bağlı tələbi nəzərə alınaraq ilk növbədə onun işdən çıxarılması ilə bağlı əmrin ona aid hissəsinin qanuniliyinə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə xx.xx.2009-cu il tarixdən başlamış, uzun müddət müxtəlif vəzifələrdə işləmiş və 12 iyul 2019-cu il tarixindən 30 may 2024-cü il tarixədək Cavabdeh MMC-də (əvvəlki adı “X4” MMC) işləmişdir. Qeyd edilən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin bitməsi səbəbindən xitam verilmişdir.
17. Məhkəmə qeyd edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunmaq üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
18. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 5 ilə yaxın müddət ərzində cavabdeh müəssisədə işlədiyi halda, 01 iyun 2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçının isə uzun müddət, Cavabdeh MMC-də isə 5 (beş) ilə yaxın müddətdə çalışdığı halda, 01 iyun 2023-cü il tarixdə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur. Ona görə də məhkəmə hesab edir ki, işçinin müddətli əmək müqaviləsi bağlaması, ağlabatan səbəblə izah olunmadığından belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
19. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməməklə xitam verilmişdir.
20. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş olsa belə, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilmiş, sonradan cavabdehin nümayəndəsi və vəkili tərəfindən həmin ərizə geri götürülsə də, daha sonra cavabdehin nümayəndəsi və vəkili yenidən ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş bir aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz.
21. Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilib-bilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
22. Beləliklə, məhkəmə hesab edir ki, nəzərə alınsa ki, cavabdeh müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.
23. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
24. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda müqaviləyə xitam verilməsinin əsası əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olmuş və iddiaçı müqavilənin həmin müddətdə bitməsindən xəbərdar olmuşdur.
25. İş materialları ilə müəyyən olunur ki, işəgötürən tərəfindən işçiyə son haqq hesab 03 iyun 2024-cü il tarixdə köçürülmüş, iddiaçı özü də son haqq hesabı həmin tarixdə aldığını və eyni zamanda son iş günü əmək kitabçasını da aldığını bildirmiş və həmin tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur. Cavabdehə 28 iyun 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Təklifin göndərildiyi vaxtdan qanunvericilikdə müəyyən olunmuş müddətin axımı dayanmış, iddiaçıya 19 iyul 2024-cü il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra müddətin axımı davam etmiş və o, məhkəməyə müvafiq iddia ilə 05 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, 19 iyul 2024-cü il tarixdə müddətin axımı bərpa olunmuş və iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edənhər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir.
26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı mövqedən çıxış edərək qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
27. Qeyd olunanlara əssən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehnə qarşı “əslini və surətini görmədiyi Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 131-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə bərpa olunmağı, müəssisədən xx.xx.2024-cü il tarixindən işə bərpa оlunacağı günə qədər оlan məcburi işburaхmaya görə əmək haqqı tələb оlunması, mediasiya xərcləri (rüsum və kargüzarlıq xərci), əmək haqqından çıxarış üçün banka ödədiyi məbləğ və əmək mübahisəsi zamanı çəkdiyi digər xərclərin onun xeyrinə müəssisə tərəfindən tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva