Məhkəmə qərarları › İş №e-2(060)-5543/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5543/2022

27.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5543/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı1 nümayəndəsi və İddiaçı2 və onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinin hasarlanmasına və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində 27 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinin hasarlanmasına və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin 09 fevral 2014-cü il tarixli, 3 saylı iclasının protokol qərarı əsasında adlarına rəsmiləşdirilmiş Sumqayıt şəhərinin 26-cı məhəlləsi ilə üzbəüz “Xəzər bağları” adlandırılan ərazisində yerləşən hər birinin sahəsi 600 kvadrat metr olan torpaq sahələrinin tərəflərindən hasarlanmasına və torpaqdan istifadələrinə cavabdeh tərəfindən yaradılmış məhdudiyyətlərin qanunsuz sayılması, həmin torpaq sahələrindən istifadələrinə maneələrin yaradılmasının cavabdeh Sumqayıt Bələdiyyəsinə qadağan edilməsi, cavabdehin torpaq sahələrinə çəkdikləri hasarın sökülməsi ilə bağlı hərəkətləri nəticəsində hər birilərinə vurulmuş ziyan olaraq 2 500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyanın və iddia ərizəsinə görə ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu məbləğinin cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, ”Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin 09 fevral 2014-cü il tarixli, 3 saylı iclasının protokolu əsasında onlar adı çəkilən cəmiyyətə üzv qəbul edilmişdirlər və Sumqayıt şəhərinin 26-cı məhəlləsi ilə üzbəüz “Xəzər bağları” adlandırılan ərazisində yerləşən istifadələrində olan hər birinin sahəsi 600 kvadrat metr olan torpaq sahələri onların adlarına rəsmiləşdirilmişdir. Bununla bağlı ”Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən istifadədə olan torpaq sahələrinə dair onların adlarına “bağçının üzvlük kitabçaları” hazırlanaraq təqdim olunmuşdur. Hər iki torpaq sahəsi yanaşı yerləşdiyindən, torpaq sahələrini ümumi hasara alaraq 2021-ci ilədək müdaxiləsiz və etirazsız istifadə etmişdirlər. Lakin 2021-ci ilin əvvəllərində Sumqayıt Bələdiyyəsinin işçiləri əraziyə gələrək qanunsuz olaraq torpaqlarının hasarını sökmüş və hasarın daşlarını da ərazidən aparmışdır. Sumqayıt Bələdiyyəsinin rəsmiləri bu hərəkətlərini həmin ərazidə yerləşən torpaqların guya bələdiyyəyə məxsus olması və bələdiyyə tərəfindən onlara ayrılmaması ilə əsaslandırmağa çalışmışlar. Halbuki, sözügedən ərazidə yerləşən torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinə hər hansı aidiyyəti yoxdur və bələdiyyə bu torpaq sahələri üzərində hər hansı şəkildə sərəncam verə bilmir. Buna baxmayaraq Sumqayıt Bələdiyyəsi tərəfindən açıq-aşkar özbaşınalığa yol verilərək bağçılıq-bostançılıq məqsədi ilə keçən əsrin 80-ci illərindən “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin sərəncamına verilmiş torpaq sahələrinə müdaxiləsı hüquqi əsasa malik olmamışdır. Özü də hasarın sökülməsi ilə bağlı Sumqayıt Bələdiyyəsi hər hansı inzibati akt qəbul etməmiş, söküntü ilə bağlı hər hansı hüquqi əsasa malik olmamışdır. Başqa sözlə Sumqayıt Bələdiyyəsinin bu hərəkətləri inzibati orqanının inzibati səlahiyyətlərindən irəli gələn hərəkətləri kimi qiymətləndirilmədiyindən, mülki hüquq pozuntusu olaraq dəyərləndirilməlidir. Nəticədə, onlar cavabdehin qanunsuz əməlləri ucbatından maddi ziyana uğradılmaqla yanaşı, torpaq sahələrindən istifadə etmək hüququndan da məhrum edilmişdirlər. Çünki bələdiyyənin rəsmiləri qanunsuz olaraq sökülmüş hasarların tərəflərindən bərpasına imkan verməməklə torpağın istifadəçiləri kimi hüquqlarına müdaxilə edirlər. Dəfələrlə müraciət etməklərinə baxmayaraq cavabdehin qanunsuz hərəkətləri davam etdiyindən, pozulmuş hüquqlarının bərpasını tələb etmək və Suqmayıt Bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Belə ki, cavabdehin torpaq sahəsinin hasarını sökməsi nəticəsində hasarın çəkilməsinə sərf etdikləri 5000 manata yaxın maddi ziyana uğradılmışdır. Həmçinin, cavabdehin torpaqların müdaxiləsi nəticəsində onlar qanuni istifadələrində olan torpaq sahəsini yenidən hasarlaya bilmir, torpaqlarından istifadələrinə qanunsuz maneələrin yaradılması davam etdirilir. Onu da bir daha bildirmək istəyirlər ki, cavabdeh Sumqayıt Bələdiyyəsinin qanuni istifadələrinə verilmiş torpaq sahələrinə müdaxilə etməyə əsas verən hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Buna baxmayaraq cavabdeh qanunsuz əməllərinə bu günədək son qoymamaqdadır. Halbuki, Sumqayıt Bələdiyyəsində onların hər biri mübahisələndirilən torpaq sahəsi ilə bağlı vergi ödəyiciləri kimi qeydiyyatdan keçmiş və bələdiyyə tərəfindən hər birilərinin adına Vergi ödəyicisinin uçota alınmasına dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahələri ilə bağlı tərəflərindən torpaq vergisi bələdiyyəyə ödənilmiş və Sumqayıt Bələdiyyəsi həmin ödənişləri onlardan qəbul etmişdir. Bütün bunlar cavabdehin vergisini bələdiyyəyə ödədikləri torpaqdan istifadələrinə yaratdığı maneələrlə bağlı əməllərinin qanunsuz və əsassız olduğunu aşkar şəkildə göstərir. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, bunun hər hansı bir nəticəsi olmamış və onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bütün bunları nəzərə alaraq, onlar öz hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etməyi lazım bilmişdirlər. Göründüyü kimi, cavabdehin hər hansı qanuni əsası və hüquq müəyyənedici sənədi olmadan onların istifadələrində olan torpaq sahəsinin hasarını sökməsi və bundan sonra da torpaqdan istifadələrinə məhdudiyyətlər yaratması torpaqdan istifadə hüquqlarını pozmaqla yanaşı, onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. Hesab edirlər ki, cavadehin bu hərəkətləri özbaşınalıq kimi qiymətləndirilməlidir. Belə olan halda cavabdehin torpaqdan istifadələrinə yaratdığı məhdudiyyətlər aradan qaldırılmalı, hasarın sökülməsi nəticəsində onlara vurulmuş maddi ziyan məbləği cavabdehdən tutularaq onlara ödənilməli və torpaq sahəsindən istifadəyə maneələrin yaradılması cavabdehə qadağan edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ona məxsus torpaq sahəsinin ətrafında olan hasarı bələdiyyənin işçiləri söküb, bu halı təsdiq edəcək şahidləri də var. Bildirir ki, sözügedən torpaq sahəsi ona 2014-cü ildə ayrılmış və onun tərəfindən üzvlük haqqı da ödənilmişdir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiçılar özünə məxsus torpaq sahəsini hasarlayıb istifadə edirdilər. Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən həmin hasar sökülmüşdür. Məsələ ilə əlaqədar Bələdiyyəyə müraciət edildiyi zaman isə sözügedən torpaq sahəsinin onlara deyil Sumqayıt Bulvar ərazisinə aid olduğunu bildirirlər. Buna baxmayraq Bələdiyyə qanunsuz olaraq sökdükəri hasarın yenidən tikilməsinə icazə vermir. Əlavə olaraq onu da bildirir ki, iddia tələbinin bir hissəsi maddi ziyanla bağlı olsa da, Bələdiyyə tərəfindən yaradılmış maneə aradan qalxdığı halda maddi ziyanın ödənilməyinə zərurət olmayacaqdır. Burada əsas məsələ bələdiyyə tərəfindən hasarın bərpa olunması üçün yaradılan maneənin aradan qaldırılmasıdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sözgüdən torpaq Bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi Bələdiyyə ərazisi olmadığına görə bələdiyyə bu məsələyə qarışmır. Torpaq sahəsinə edilən müdaxilə barədə məlumatı yoxdur. Söküntü işlərini bələdiyyə həyata keçirməmişdir. Əlavə olaraq bildirir ki, mübahisəli ərazini sökmək istəsə, ilk növbədə məhkəməyə müraciət etməlidir. Bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyətindədir. Əlavə olaraq onu da bildirir ki, iddiaçı qeyri-rəsmi olaraq İdarədə olmuş, Bələdiyyənin əməkdaşları əraziyə baxış keçirmiş və torpaq sahəsinin bələdiyyə mülkiyyəti olmadığını bildirmişlər. Bundan başqa hesab edir ki, iddiaçılara məxsus üzvlük kitabçası qanuni deyil. Belə ki, kitabçaların möhürü latın qrafikası ilə yazılıb, halbuki rus qrafikası ilə yazılmalı idi. Nümayəndə qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Rasimi tanıyır, onunla həmkəndlidir. Qeyd edir ki, mübahisəli ərazidə onun da özünə məxsus 9 sot bağ sahəsi olmuş və Bələdiyyənin işçiləri onu sökmüşdür. Həmin proses gedən zaman o özü də orada olmuş və telefonla çəkiliş etmişdir. Lakin sonradan telefonu xarab olduğu üçün videolar silinmişdir. Bu hadisə ən azı bir il bundan qabaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Rasimlə qonşu olmuşdur. Onlar Xəzər bağları ərazisində torpaq almışdırlar. Sonra Bələdiyyə əməkdaşları tərəfindən orada olan tikintilərin söküldüyünü eşitmişdirlər. O gələndə ona məxsus tikintinin artıq söküldüyünü görmüş və ona söküntünün bələdiyyə işçiləri tərəfindən aparıldığı deyilmişdir. Hadisə təxminən 2020-ci ildə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, Rasimi tanıyır, onunla qonşu olmuşdurlar. 2020-ci ildə Bələdiyyənin əməkdaşları onlara məxsus tikintiləri sökmüşdürlər. Həmin tikintilər sökülən zaman o, şəxsən orada olmuşdur. Əlavə olaraq bildirir ki, həmin vaxt Bələdiyyənin sədri, Bağçılıq Cəmiyyətinin sədri və digər vəzifəli şəxslər də orada olmuşdurlar. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Bağçının üzvlük Kitabçasından görünür ki, Kazımov X6 Cəmiyyəti üzvlərinin xx.xx.2014-cü il tarixli, 3 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir və ona Bağçılıq Cəmiyyətinin sahəsindən 600 m2 olan torpaq sahəsi daimi istifadə etmək üçün verilmişdir. İşdə olan Bağçının üzvlük Kitabçasından görünür ki, Kazımova X1 Cəmiyyəti üzvlərinin xx.xx.2014-cü il tarixli, 3 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir və ona Bağçılıq Cəmiyyətinin sahəsindən 600 m2 olan torpaq sahəsi daimi istifadə etmək üçün verilmişdir. İşdə olan X9 Cəmiyyəti İdarə heyətinin 3 saylı Porokolundan xx.xx.2014-cü il tarixli çıxarışından görünür ki, İddiaçı1 “Xəzər” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi və ona 600 m2 olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan X9 Cəmiyyəti İdarə heyətinin 3 saylı Porokolundan xx.xx.2014-cü il tarixli çıxarışından görünür ki, İddiaçı2 “Xəzər” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi və ona 600 m2 olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan 05 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhərinin "Xəzər” bağları ərazisində yerləşən torpaq sahələrinin istifadəçiləri X5, X2 və Məmmədov Yasər Mürşüd oğlu Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən “Xəzər” bağları adlandırılan ərazidə 2020-ci ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədovun rəhbərliyi altında Sumqayıt şəhər Bələdiyyəsinin işçiləri tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələrinin hasarlarının söküntüsü işlərinin həyata keçirildiyini təsdiq etmişdirlər. Həmin söküntü işləri zamanı “Xəzər” bağçılıq yoldaşılığının üzvləri olan İddiaçı2 və İddiaçı1 məxsus vahid hasar daxilində yerləşən hər birinin sahəsi 600 kvadrat metr olan torpaq sahələrinin ümumi hasarı da bələdiyyə işçiləri tərəfindən sökülmüş və söküntü materialları da həmin şəxslər tərəfındən naməlum istiqamətdə daşınaraq ərazi təmizlənmişdir. Hal-hazırda da bələdiyyə işçiləri mütəmadi olaraq bu ərazidə nəzarət işləri həyata keçirərək tikinti və hasarlama işlərinin aparılmasına imkan verməyərək müxtəlif şəkildə maneçiliklər törədirlər. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 2183 saylı məktubunda qeyd etmişdir ki, Sumqayıt Bələdiyyəsinə ünvanlanmış ərizənizə cavab olaraq bildirilir ki, ərizəyə əlavə etdiyiniz “Xəzər” bağçılıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçası qanunsuz verilmiş kitabçadır və qeyd olunan sənədin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə sizin də iştirakınızla bələdiyyə qulluqçuları ilə birgə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Sumqayıt Bulvarı ərazisində yerləşir və dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə heç bir aidiyyatı yoxdur. Hasarın sökülməsi ilə bağlı qeyd etmək istəyirlər ki, qeyd olunan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmadığından hasarın sökülməsi ilə bağlı bələdiyyə tərəfindən hər hansı göstəriş verilməmişdir. Sizə dəymiş zərərin ödənilməsi üçün adiyyatı quruma müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 və Kazımova X1 Cəmiyyəti üzvlərinin xx.xx.2014-cü il tarixli, 3 nömrəli protokol qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir və onlara Bağçılıq Cəmiyyətinin sahəsindən daimi istifadə etmək üçün 600 m2 olan torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçılar onlar tərəfindən həmin torpaq sahəsi ətrafında inşa edilmiş hasarın Sumqayıt Bələdiyyəsi tərəfindən söküldüyünü və bunun nəticəsində onlara ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, həmin maneələrin aradan qaldırılmasını və dəymiş ziyanın ödənilməsini xahiş etmişdirlər. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı iş üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş materiallarında heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (§140). Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisəli torpaq sahəsinə hazırda gözlənilən mülkiyyət hüquqları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılara Bağçılıq Cəmiyyəti tərəfindən həmin Cəmiyyəti üzvlərinin xx.xx.2014-cü il tarixli, 3 nömrəli protokol qərarı ilə 600 m2 torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən qanuni əsaslarla ayrılmış torpaq sahəsinə dair hal-hazıradək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmaması 6 ildən çox həmin torpaq sahəsinə fasiləsiz olaraq sahiblik edən iddiaçıların hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçıların istifadəsində olan Sumqayıt şəhərinin 26-cı məhəlləsi ilə üzbəüz “Xəzər bağları” adlandırılan ərazisində yerləşən torpaq sahəsinin cavabdeh Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən söküldüyü şahid ifadələri, akt və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Sumqayıt Bələdiyyəsi iddiaçıya ünvanlanmış həm 12 avqust 2022-ci il tarixli məktubunda, həm də bələdiyyənin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sözügedən torpaq sahəsinin bələdiyyəyə aid olmadığını, orada hər hansı söküntü işləri aparmadıqlarını və tikinti işlərinin aparılmasına da maneçilik yaratmadıqlarını bildirmişlər. “X3 Edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı bəndi). Göründüyü kimi bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sərəncam verə, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirə bilərlər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin hər hansı hüquqla bələdiyyəyə məxsus olmadığı isə həmin orqanın özü tərəfindən etiraf edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir, “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin 09 fevral 2014-cü il tarixli, 3 saylı iclasının protokol qərarı əsasında Sumqayıt şəhərinin 26-cı məhəlləsi ilə üzbəüz “Xəzər bağları” adlandırılan ərazisində yerləşən hər birinin sahəsi 600 kvadrat metr olan torpaq sahələrinin iddiaçılar tərəfindən hasarlanmasına və torpaqdan istifadələrinə cavabdeh tərəfindən yaradılmış məhdudiyyətlər qanunsuz sayılmalı və iddiaçıların həmin torpaq sahələrindən istifadələrinə maneələrin yaradılması cavabdeh Sumqayıt Bələdiyyəsinə qadağan edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin torpaq sahələrinə çəkdikləri hasarın sökülməsi ilə bağlı hərəkətləri nəticəsində hər birinə vurulmuş 2500 manat maddi ziyan olmaqla, ümumilikdə 5000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçılar cavabdehden 5000 manat ziyan tutulması barədə iddia qaldırsa da, məhkəməyə onlara həqiqətən həmin məbləğdə ziyan dəyməsini təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçılar vurulmuş ziyanın ödənilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ”Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin 09 fevral 2014-cü il tarixli, 3 saylı iclasının protokol qərarı əsasında Sumqayıt şəhərinin, 26-cı məhəlləsi ilə üzbəüz “Xəzər bağları” adlandırılan ərazisində yerləşən hər birinin sahəsi 600 kvadrat metr olan torpaq sahələrinin iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən hasarlanmasına və torpaqdan istifadələrinə cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən yaradılmış məhdudiyyətlər qanunsuz sayılsın və həmin torpaq sahələrindən iddiaçılar İddiaçı2 və İddiaçı1 istifadəsinə maneələrin yaradılması cavabdeh Sumqayıt Bələdiyyəsinə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar