Məhkəmə qərarları › İş №e-2(060)-5548/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5548/2022

05.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5548/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sığorta ödənişinin tutulması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sığorta ödənişinin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən X4 əmək vəzifələrini yerinə yetirərkən ölümü nəticəsində vurulan 50.000 manat zərərin əvəzinin 100 faizi miqdarında, yəni 50.000 manat sığorta ödənişinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2018-ci ildə Sumqayıt Texnologiyalar Parkında “Yarımstansiyalara xidmət sahəsi”ndə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. O, xx.xx.2019-cu ildə işdə olarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Belə ki, onun işlədiyi "xxxx" Bakı-Quba yolunun yanında yerləşir və yolun o biri tərəfindən yarımstansiyada sayğac göstəricilərini mütəmadi yoxlayır və onları qeydiyyat kitabına salırdı. Oğlu 2 gün axşam saat 20:00-dan növbəti gün 08:00-a qədər, 2 gün isə 08:00-dan növbəti gün 20:00-a qədər işləyirdi. Hadisə baş verən zaman onun iş vaxtı saat 20:00-dan növbəti gün 08:00-a qədər idi. Oğlu işə gedərkən və işdən çıxarkən şirkətin verdiyi giriş-çıxış kartından istifadə edirdi. Həmin kartı yoxlama aparatına vuraraq şirkətə daxil olurdu və işdən çıxarkən də həmin aparatdan istifadə edirdi. İşə giriş və çıxış saatlarını təsdiq etmək üçün oğlunun iş yoldaşı X11 şahidlik edə bilər. xx.xx.2019-cu ildə oğlu saat 21:20-21:30 radələrində yolun əks tərəfinə keçib yarım stansiyasında sayğac göstəricilərini yoxlayıb və onları yazıb geri şirkətə qayıdarkən 21:40 radələrində qarşıdan gələn nəqliyyat vasitəsi onu vurmuşdur. Nəticədə oğlu hadisə yerində ölmüşdür. X3 iş zamanı bədbəxt hadisə nəticəsində ölsə də, işlədiyi "xxxx" MMC “İstehsalat zədəsi” aktı tərtib etməmişdir. Oğlunun vəfatından sonra "xxxx" MMC rəhbərliyi övladının ölümünü gizlətmək məqsədilə həyat yoldaşı X8 müəssisədə 4 ay müddətinə işə qəbul etmiş və ona hər ay 360 manat əmək haqqı ödəmişlər. Lakin cavabdeh təşkilat sonradan ştat ixtisarını bəhanə gətirərək həmin pulu ona ödəməkdən imtina etmişdir. Əslində isə"xxxx" MMC rəhbərliyi oğlunun ölümündən sonra onlarla belə razılaşmışdı ki, guya ömürlərinin sonuna qədər hər ay 500 manat kompensasiya ödəyəcəkdi. Lakin cavabdeh təşkilat vədinə əməl etmiyərək ödənişdən imtina etmişdir. X1 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və “İstehsalat zədəsi” formalı aktın verilməsinə dair ərizə ilə X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət etmişdir. X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 18 noyabr 2021-ci il tarixli, **********4 saylı imtina məktubu onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5723/2021 saylı qətnaməsi ilə həyat yoldaşı X6 “İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz verərək bildirdi ki, iddiaçının sığorta ödənişi ilə bağlı tələbinin qanuni əsasını "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu təşkil etmir. Belə ki, sözügedən qanunun preambulasından görünür ki, bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. İddiaçının iddia tələbi isə iddia ərizəsinin məzmunundan da göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar sığorta ödənişinin ödənilməsi ilə bağlıdır. Bununla bağlı iddiaçının istinad etməli olduğu xüsusi qanun - "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanunudur. Qanunun preambulasından görünür ki, bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir. Qanunun tələbindən göründüyü kimi, sığorta ödənişi sığorta olunanın 1). həyatına və ya 2). sağlamlığına dəyən zərərə görə ödənilir. Bu zərər sığorta olunanın 1. əmək qabiliyyətinin itirilməsi və ya 2. ölümü ilə nəticələnməlidir. Bundan başqa, sığorta olunanın həyatına və ya sağlamlığına dəyər zərərin səbəbi 1. istehsalatda bədbəxt hadisə və ya 2. peşə xəstəliyi formasında baş verməlidir. İddiaçı mərhum X16 Aydın oğlunun sığorta olunan olması halına əsaslanmaqla faydalanan şəxs qismində sığorta ödənişi üzrə hazırkı iddia tələbini qaldırması ehtimal edilir. Musazadə Pərviz Aydın oğlunun sığorta olunan subyekt hesab olunması ağlabatandır. Belə ki, o, Qanunun 3.1-ci maddəsində qeyd olunan hüquqi şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən şəxs hesab oluna bilər. X10 22 yanvar 2019-cu il tarixindən STP-yə "yarımstansiyalara xidmət sahəsində 3-cü dərəcəli elektrik montyoru" peşəsinə işə qəbul edilmiş, onunla əmək müqaviləsi 22 aprel 2019-cu il tarixinədək, yəni 3 ay müddətində bağlanmışdır. Müqavilədə işçinin əmək haqqı hər ay 560 manat olaraq razılaşdırılmışdır. İddiaçı Qanunun 5.1.-ci maddəsində sadalanan subyektlər kateqoriyasına uyğun gəlməsi yoxlanılmadan onu faydalanan şəxs hesab etmək olar. Çünki, Qanunun 5.3-cü maddəsinə istinad edilməklə, o sığorta olunan X4 ailə üzvü -atası olmaqla artıq faydalanan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kriteriyalara uyğun gəlir. İddiaçının sığorta ödənişinə dair iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması işin mübahisəsiz halı kimin qəbul olunarsa, ikinci meyar kimi iddianın ona cavab verməli subyektə doğru qaldırılıb-qaldırılmaması məsələsi yoxlanılmalıdır. Yuxarıda təsbit edilmiş qanunvericilik müddəalarından görünür ki, qanunverici sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutmuşdur. Sığortaçıya qanunvericinin verdiyi tərifdən belə müəyyən olunur ki, sığortaçı - qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziya əsasında fəaliyyət göstərən ixtisaslaşmış sığorta təşkilatı olmalıdır. STP lisenziya əsasında fəaliyyət göstərən ixtisaslaşmış sığorta təşkilatı deyildir. STP-nın sığorta fəaliyyəti ilə məşğul olmadığını ən sadə izahla, qanunvericinin sığorta təşkilatının adına qoyduğu imperativ tələblərə STP-nin adında rastlanmaması dəlili ilə təsdiq etmək olar. Odur ki, STP sığorta ödənişi ilə bağlı hazırkı iddia tələbinə cavab verməli subyekt deyildir. Başqa sözlə, İddiaçı iddianı yalnış cavabdehə qarşı yönəltmişdir. O, istehsalatda bədbəxt hadisə nəticəsində X1 ölümü ilə bağlı sığorta ödənişini oğlunun sığortalandığı sığorta təşkilatından tələb etməlidir. Digər tərəfdən, cavabdeh STP-nin iddiaya cavab verməli olması fərz olunsa belə, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X9 (X4 anası) ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.2019-cu il tarixdə, saat 21:00-da iş vaxtı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisini tərk etdiyi, işlədiyi ərazinin qarşısından keçən Bakı- Quba şossesinin 37-ci kilometrliyində təxminən saat 21:40 radələrində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi, hadisənin müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş verdiyi, bu halın onun əmək funksiyasının icrası ilə bağlı olmadığı əsas tutularaq X10 ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın təsir dairəsinə düşməmiş, buna görə də "İZ" formalı aktın verilməsindən imtina edilmişdir. Bundan başqa, iddiaçı X7 (X4 anası) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "İstehsalat zədəsi formalı aktın verilməsi" tələbinə dair iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5723/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə qətnaməsi mübahisələndirilməmiş və xx.xx.2021-ci ildə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, faydalanan şəxs İddiaçı sığorta ödənişinin ödənilməsi üçün sığorta olunan X4 ölümünün istehsalatda bədbəxt hadisə nəticəsində baş verməsini təsdiq edən nə "İstehsalat zədəsi" formalı akt, nə də bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Digər tərəfdən, baş vermiş bədbəxt hadisənin istehsalatda bədbəxt hadisə hesab olunması üçün o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nda müəyyən edilmiş tələblərə cavab verməlidir. X10 ilə bağlanmış 22 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin 4.16-cı bəndində qeyd olunmuşdur ki, işçi gündə 3 saatdan, həftə ərzində isə 15 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.17-ci bəndinə əsasən isə iş vaxtı saat 18:00- da başlanır, saat 21:00-da qurtarır. X10 01 fevral 2019-cu il tarixində təxminən saat 21:40 radələrində Bakı-Quba şosesinin 37-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmçinin qeyd edir ki, iş vaxtı saat 21:00-da bitən işçilər üçün ayrılmış nəqliyyat vasitəsi müəssisədən saat 21:15 və ya saat 21:20-də hərəkətə başlayır. X2 həmin gün təyin olunan nəqliyyat vasitəsindən istifadə etməmişdir. Göründüyü kimi, bədbəxt hadisə STP ərazisindən kənarda Bakı-Quba şossesinin 37-ci kilometrliyində, iş vaxtından sonra saat 21:40 radələrində baş vermiş və hadisə baş verərkən X10 piyada olmuş, yəni xidməti avtomobillə hərəkətdə olmamışdır. Bununla da, bədbəxt hadisənin istehsalatda bədbəxt hadisə sayılması üçün faktiki əsaslar mövcud olmamışdır. İddia tələbinin miqdarı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 50.000 manat sığorta ödənişini hansı əsasla tələb etməsi, bu rəqəmin hansı normativ hüquqi aktda nəzərdə tutulmuş qaydaya uyğun hesablanaraq müəyyən edilməsi onlara qaranlıq qalmışdır. Sığorta olunan X4 ölümündən əvvəl aldığı aylıq əmək haqqı məbləğinin 560 manat olması nəzərə alınarsa, faydalanan şəxs İddiaçı tələb edəcəyi sığorta ödənişi maksimum 20.160 (560 X 36) manat təşkil edə bilərdi. Bununla belə, X4 ölümü istehsalatda baş vermiş bədbəxt hadisə olmadığından, iddiaçının sığorta ödənişi tələbi iddiaya cavab verməli olmayan cavabdehə yönəldildiyindən və tələb olunan 50.000 manat pulun qanuni əsası olmadığından iddia tələbi təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, STP ilə X4 hüquqi varisi İddiaçı arasında yeganə hüquqi münasibət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsindən irəli gələn vəfat etmiş işçinin vərəsələrinə müavinətin ödənilməsi ola bilər ki, STP əmək qanunvericiliyində nəzərdə tutulmuş orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinəti ödəmiş və həmçinin, xx.xx.2019-cu il tarixdə mərhum X4 vərəsələrinə 25.000 manat maddi yardım ayırmışdır. Odur ki, göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X11 öz ifadəsində bildirdi ki, 2018-ci ildə STP-də iqtisadi-təhlükəsizlik şöbəsində mütəxəssis vəzifəsində çalışmışdır. Pərviz də həmçinin STP-də çalışmışdır. Pərviz vəfat edən gün o, işdə olmuşdur. Pərvizin vəfat etdiyi gün onu görməmiş, yalnız təhlükəsizlik kameralarına baxdıqda onun işdə olduğunu bilmişdir. Pərviz vəfat edən zaman qohum olduqları üçün ona bu barədə məlumat verilmiş, o, nəşə baxmağa getmiş, həmin vaxt Pərvizin üzərində STP-yə məxsus iş paltarı olduğunu görmüşdür. Pərviz axşam saat 8-də işə gedib, saat 8də işdən çıxırdı. Onun əmək funksiyası elektrik hesablanma sayğaclarının yazılmasından ibarət idi. Hətta onun nəşinə baxış keçirilən zaman onun cibindən karandaş və qələm tapılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: MŞB-5-02135, xx.xx.2022-ci il tarixli X5 İştirak Edilməməsi barədə arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X5 iştirak etməmişdir. İddiaçı X5 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı, xx.xx.2021-cu il tarixli qətnaməsindən görünür ki, “iddiaçı X7 cavabdeh "xxxx" MMC-yə q̇arşı oğlu, X4 ölümü ilə bağlı "İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmiş məktub və sənədlərdən məlum olmuşdur ki, P.Musazadə ilə Cəmiyyət arasında xx.xx.2019-cu il tarixdə əvəzçilik üzrə müddətli əmək müqaviləsi bağlanaraq Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyori işinə qəbul edilmiş və iş saatları 1800-dan 2100-a kimi müəyyən edilmişdir. Eyni zamanda məktubda P.Musazadə ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq işçinin işə gəlib-getmək üçün nəqliyyatla təmin edildiyi, onun iş rejimi nəzərə alınaraq saat 2115-2120-də hərəkətə başlayan nəqliyyat vasitəsilə getməli olduğu, lakin bəzi hallarda işçinin öz seçiminə əsasən kənar nəqliyyat vasitəsilə hərəkət etdiyi, xx.xx.2019-cu il tarixdə iş yerini vaxtında tərk etsə də şirkət tərəfindən ayrılmış nəqliyyat vasitəsindən istifadə etmədiyi bildirilmişdir. Məktubda P.Musazadənin xx.xx.2019-cu il tarixdə saat 2100-da iş vaxtı "xxxx" MMC-nin ərazisini tərk etdiyi, işlədiyi ərazinin qarşısından keçən Bakı-Quba şossesinin 37-ci kilometrində təxminən saat 2140-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi, hadisənin müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş verdiyi, bu halın onun əmək funksiyasının icrası ilə bağlı olmadığı qeyd edilmişdir. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab edilməmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, P.Musazadənin iş vaxtı ölümü ilə əlaqədar köməklik göstərilməsi barədə anası X7 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığı 10 mart 2020-ci il tarixli şikayət ərizəsi əsasında X12 Xidmətində araşdırma aparılmışdır. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə iş vaxtından sonra müəssisənin ərazisindən kənarda baş verdiyindən və onun əmək funksiyalarının icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən X12 Xidməti tərəfindən təhqiq edilməmiş və istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5548/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli sorğusuna "xxxx" tərəfindən verilmiş cavabdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 21 may 2013-cü il tarixli, № 0165-13 saylı, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından" icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PHS- **********0 saylı, xx.xx.2022- ci il tarixli məktubuna əsasən, X4 (5V2QRGV) xx.xx.2018xx.xx.2019-cu il tarix aralığında sığorta təminatı mövcud olmamışdır. Beləliklə, məhkəmə araşdırması tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X10 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 52/19 №-li əmək müqaviləsinə əsasən o, Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul olunmuşdur. X10 01 fevral 2019-cu il tarixdə, saat 21.40 radələrində yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsatə nəticəsində ölmüşdür. X12 Xidməti tərəfindən X4 ölümü istehsalat zamanı baş verən bədbəxt hadisə hesab olunmamışdır. Azərbaycan Respublikası “Sığorta haqqında” Qanunun 11-ci maddəsinin 2-ci bəndinə əsasən, qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. 2.0.13-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. 10-cu maddəyə əsasən Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 16.3.2-ci maddəyə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda sığorta ödənişi verilir. 20.0.3-cü maddəyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığorta ödənişinin verilməsindən imtina edilir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi sığorta ödənişi sığorta hadisəsinə görə verilir. Baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi əsaslarından biri həmin hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olması ilə səciyyələnməsidir. Baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmaması sığorta ödənişin ödənilməsindən imtina edilməsinin əsaslarından biri kimi çıxış edir. Həmçinin qanunun göstərişindən göründüyü kimi istehsalatda bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün müvafiq aktın və ya məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının X1 ölümü ilə bağlı müvafiq səlahiyyətli orqan tərəfindən tərtib edilmiş akt, nə də qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur. Baş vermiş hadisə X12 Xidməti tərəfindən istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, baş vermiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab olunmaması həmin hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsi halını aradan qaldırır. Qeyd edildiyi kimi isə sığorta ödənişinin verilməsinin əsası olaraq sığorta hadisəsi çıxış edir. Bu göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən iddiaçının sığorta ödənişinin ödənilməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.5-ci bəndinin tələbinə görə sığortaçı – Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs çıxış edir. Araşdırılan mübahisə üzrə iddia tələbi işəgötürən Sumqayıt Texnologiyalar Parkı MMC-yə qarşı yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırda cavabdeh qismində göstərilmiş şəxs qanunvericiliyin sığortaçı ilə bağlı irəli sürülmüş tələblərinin təsir dairəsinə düşmür. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq işə baxaraq hesab edir ki, iddia cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Məhkəmənin qənatincə qeyd olunan xüsusat iddianın rədd edilmə əsaslarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sığorta ödənişinin tutulması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar