Məhkəmə qərarları › İş №e-2(060)-5574/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5574/2022

03.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5574/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06-nömrəli əmrin ləğv edilməsi, Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassirinkassator vəzifəsinə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin drektorunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli əmri ilə "xxxx" MMC-nin X4 monitorinq əməkdaşı olaraq təyin edilmişdir. "xxxx" MMC-nin 03 iyun 2020-ci il tarixli, 04 nömrəli əmri ilə Cavabdeh MMC adlandırılmışdır. Cavabdeh MMC-nin 04 avqust 2020-ci il tarixli, 05 nömrəli əmri ilə Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə keçirilmişdir. Bundan sonra Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri ilə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri ona 30 may 2022-ci il tarixdə təqdim edilmişdir. O, bu Əmri qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Bu baxımdan hesab edir ki, Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri hüquqa və haqqa-ədalətə əsaslanmamışdır. Belə ki, o, xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh MMC-də monitorinq əməkdaşı və kassir-inkassator vəzifələrində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən kiçik də olsa heç bir qanun pozuntusuna yol verməmiş, əksinə kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. İşlədiyi iş onun yeganə qazanc mənbəyidir. Həmçinin ölkənin ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə baş çavuş kimi iştirak etmiş, döyüşmüşdür. Yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında, şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nəaliyyətlərə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif olunmuşdur. Bütün qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə qətnaməsi əsasında Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06-nömrəli əmri ləğv edilməli, o, Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməlidir. Belə ki, o, müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş, müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi vaxt işdən azad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək göstərdi ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən qeyd edilənlərə cavab olaraq bildirir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi imzalanmaqla İddiaçı 3 ay sınaq müddəti ilə “Monitorinq əməkdaşı” vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 451 saylı əmrinə və işçinin ərizəsinə əsasən həmin tarixdən etibarən cəmiyyətdə kassa-inkassator vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 235 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əasən İddiaçı ilə imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda İddiaçı əmək müqaviləsinə xitam verildiyi dövrdə əmək qabiliyyətini müvəqqəti itirdiyini iddia etsə belə, bununla bağlı cavabdehin İnsan Resursları strukturunun əməkdaşlarına, həmçinin öz struktur rəhbərinə məlumat verməmişdir. Belə olan halda Cavabdeh MMC iddiaçının xəstəliklə bağlı müalicədə olduğu barədə xəbərdar ola bilməzdi. Cavabdehin nümayəndəsi Nümayəndə eləcə də bildirdi ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və hər 6 ay bitdikdə tərəflərin etirazı olmadığı üçün müqavilə yenilənmişdir. Müqavilənin müddəti 2022-ci ilin 23 may tarixdə başa çatmışdır. Müqavilənin hər 6 aydan bir yenilənməsi müqavilə şərtində öz əksini tapmasa da, qanunvericiliyə əsasən sözügedən formada həyata keçirilmişdir. İddiaçı ilə müqavilə müddəti bitdiyi üçün əmək münasibətlərinə xitam verilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyini nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, tərəflər, işçi 3 ay sınaq müddəti ilə “monitorinq əməkdaşı” vəzifəsinə, 420 manat əmək haqqı ödənilməsi ilə işə qəbul edilməsinə razılaşmışlar, əmək müqaviləsi müddətli, yəni 6 ay müddətə – xx.xx.2020-ci il tarxədək bağlanılmışdır. OBA Market” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdi 519-K saylı əmrdən Çıxarışdan görünür ki, İddiaçı Cəmiyyətin X4 operativ nəzarət bölməsinə xx.xx.2019-cu il tarixdən “monitorinq əməkdaşı” vəzifəsinə qəbul edilmişdir. OBA Market” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdi 451 saylı «Vəzifə dəyişikliyi haqqında» əmrdən Çıxarışdan görünür ki, İddiaçı Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə xx.xx.2020-ci il tarixdən “kassa-inkassator” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli X2 görünür ki, Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə “kassa-inkassator” vəzifəsinə keçirilir, razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. xx.xx.2022-ci il tarixli 235 saylı əmrdən görünür ki, Maliyyə departamenti- Mühasibatlıq şöbəsi bölməsində “kassa-inkassator” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 №-li əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” -əmək müqaviləsinin müddətinin qurtarması” bəndinə əsasən xitam verilmişdir. X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, №- MŞB/10-00082 saylı arayışdan görünür ki, tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Mediasiya Şurası Bakı 10 saylı Mediasiya Təşkilatının məhkəmə sorğusuna cavabından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mediasiyaya müraciəti Bakı 10 saylı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X6 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 289 nömrəli məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanladığı SS766066752AZ saylı sifarişli məktub Mediasiya Şurasına xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. “Bakı Baş Səhiyyə X5 Şəxsi 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş Seriya SN 00007 № ******* Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xəstəliyi ilə bağlı 21 may 2022-ci tarixdən 27 may 2022-ci il tarixədək işdən azad olub. Beləliklə, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş mübahisəsiz və faktiki hallarından göründüyü kimi, İddiaçı Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən “monitorinq əməkdaşı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə “kassa-inkassator” vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli, 6 ay müddətinə bağlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı iddia ərizəsinin məzmununda sadalanan əsaslara əsasən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozuluduğunu iddia edir və işə bərpa edilməsini tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, iddia üç tələbdən ibarətdir: 1) OBA Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 235 nömrəli əmrinin ləğv olunması; 2) Onun əvvəlki iş yerinə - Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə “kassa-inkassator” vəzifəsinə bərpa olunması; 3) məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi; Birinci tələb üzrə məhkəmə qeyd edir ki, həmin tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 42-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi əmək münasibətləri əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək münasibətlərinin tərəfləri əmək müqavilələri bağlamaqda sərbəstdirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər qarşılıqlı razlaşmaya əsasən müddətli (6 ay müddətə) əmək müqaviləsi bağlamışlar. Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsaəsn əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Araşdırılan mübahisə üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla, uzadılmış müqavilə müddəti 23 may 2022-ci il tarixdə bitmişdir. Cavabdeh müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini bildirməmiş, əksinə müqavilə müddəti bitdiyindən əmək müqaviləsinə xitam vermişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi dövrdə xəstəliyi ilə əlaqədar işdə olmamasını bildirir və xəstə olduğu vaxt müqaviləyə xitam verilməsinin qanunsuz olduğunu iddia edir. İddiaçının bildirdiyi əsasla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsi işçinin müəyyən üzrlü səbəbdən (xəstəlik və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra xitam verilə bilməsini nəzərdə tutsa da göründüyü kimi həmin hal imperativ norma kimi göstərilməmiş, «bilər» formasında ifadə olunmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin hal işəgötürənin diskresion səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit edilmişdir. Həmin maddədə göstərilən hallara diqqət yetirilərsə görmək olar ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənə qadağan edilsə də bu hal həmin Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilməmişdir. Bu qeyd olunanlar bir daha 179-cu maddənin 2-ci hissəsində şərh olunan halların imperativ xarakter daşımadığı nəticəsinə gəlməyə əsas verir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Əmək Məcəlləsinin 296-cı maddəyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini 30 may 2022-ci il tarixdə qəbul etmiş, 20 iyun 2022-ci il tarixdə (21-ci gündə) mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 29 iyul 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə (10-cu gün) məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, əmrin ləğv olunması üçün əsaslar olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab edir. Belə ki, məhkəmə, araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia rədd edildiyindən mülki iş üzrə ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar