Məhkəmə qərarları › İş №e-2(060)-5587/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5587/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5587/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun və iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun alınıb, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı təxminən 5-6 il öncə Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində özü üçün 3 sot torpaq sahəsi almış, sözügedən torpaq sahəsini Nəzakət adlı qadından almış, həmin torpaq sahəsinin ümumi sahəsi üçün 3000 ABŞ dolları pul vermişdir. 2 il öncə isə ailə üzvlərinin xəstəliyi ilə əlaqədar olaraq pul lazım olduğu üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Həmin ərəfədə qohumu Mövlanın sürücüsü işləyən Cavabdeh Mövlanla birlikdə yaşadığı evə qonaq gəlmişdir. Cavabdeh onlara qonaq gələn zaman iddiaçıdan Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən özünə məxsus torpaq sahəsinin satılmasında köməklik etməsini xahiş etmiş, cavabdeh isə ona məxsus torpaq sahəsinin satılmasına köməklik göstərəcəyinə söz vermişdir. Üzərindən iki gün keçdikdən sonra Sumqayıt şəhərinə gələrək cavabdehlə əlaqə saxlayıb görüşmüş və torpaq sahəsini aparıb cavabdehə göstərmişdir. Torpaq sahəsini cavabdehə göstərdikdən 2 ay sonra cavabdeh iddiaçıya zəng edərək torpaq sahəsi üçün alıcı tapdığını, həmin şəxsin torpağı 3000 manata almaq istədiyini demişdir. İddiaçı əvvəl razı olmasa da sonradan pula ehtiyacı olduğu üçün cavabdehə torpaq sahəsini 3000 manata satması üçün razılıq vermişdir. Cavabdeh torpaq sahəsini almaq istəyən şəxsin 1000 manat pulu olduğunu, qalan 2000 manatın əvəzinə avtomobil vermək istədiyini demiş, iddiaçı buna razı olmayaraq pula ehtiyacı olduğunu bildirib avtomobildən imtina etmişdir. Cavabdeh həmin şəxsin yerdə qalan 2000 manat pulu 2021-ci ilin dekabr ayının axrına qədər ödəyəcəyini demişdir. İddiaçı da cavabdehlə bu barədə razılaşmış, cavabdeh torpağın pulundan 1000 manatı qohumu Sakitin vasitəsilə iddiaçıya göndərmişdir. İddiaçı 2021-ci ilin dekabr ayının sonuna qədər gözləmiş və həmin vaxt gəlib çatdıqda cavabdehə zəng vurub qalan 2000 manat pulu istədikdə cavabdeh ona müxtəlif bəhanələr gətirərək torpağı satdığı şəxsdən pulu almadığını demişdir. Bir müddət cavabdehlə danışdıqdan sonra cavabdeh Rusiya Federasiyasına getmiş, bundan sonra isə cavabdehlə əlaqələri kəsilmişdir. Təxminən 2-3 ay öncə yaxın qohumları iddiaçıya məlumat vermişdir ki, cavabdeh Rusiya Federasiyasından gəlmişdir. İddiaçı yenidən cavabdehlə telefon əlaqəsi saxladıqda cavabdeh ona borclu olduğu 2000 manat pulu tez bir zamanda ödəyəcəyinə söz vermişdir. İddiaçı verdiyi sözlərə görə cavabdehə bir az müddət vermiş, lakin sonuncu dəfə cavabdeh borcunu qaytamaqdan imtina etmişdir. Hadisə ilə bağlı İddiaçı Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-in 30 may 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Yaşıl Dərə ərazisində 0,03 ha torpaq sahəsi almışdır. Daha sonra uşaqlarının və yoldaşının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün həmin torpaq sahəsini satmaq məcburiyyətində olmuşdur. Cavabdeh ona həmin torpaq sahəsi üçün alıcı tapağını bildirmişdir. Cavabdeh alıcının ona məxsus torpaq sahəsini 3000 manata alacağını bildirmiş, o, da məcbur olduğu üçün torpağı aldığı qiymətdən də aşağı məbləğə satmağa razılaşmışdır. Daha sonra isə cavabdehin əslində torpağı 4000 manata satdığını, ona isə yalandan 3000 manata satıldığını bildirdiyini öyrənmişdir. Hətta bunu cavabdeh özü etiraf etmişdir. Bir daha məhkəməninn nəzərinə çatdırır ki, cavabdeh torpağın haqqı olaraq ona 1000 manat verib, qalan 2000 manatı ödəməyib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı Cavabdeh onun torpaq sahəsini satıb 2000 manatını mənimsəməsi barədə şikayət ərizəsi üzrə NK-1/515 nömrəli yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin satılmasında köməklik etmiş, həmin torpaq sahəsinin dəyəri kimi 1000 manat pul cavabdeh tərəfindən ödənilmiş, qalan 2000 manat pulu isə iddiaçıya ödənilməmiş, nəticədə Cavabdeh İddiaçı hesabına əsassız varlanmışdır. Bu halı cavabdeh Sumqayıt şəhər ŞPİ-nin 5-ci PB-də verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası istinad etdiyi halları sübuta yetirə bildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar