Məhkəmə qərarları › İş №e-2(060)-5644/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5644/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5644/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi , Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Sumqayıt şəhəri, İnşaatçılar küçəsində bir həyətdə yerləşən iki fərdi yaşayış evinə köçürülməyi və həmin evlərdən cavabdehlə bərabər istifadə etməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.1986-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.1989-cu il təvəllüdlü Məhərrəmov Orxan Hicran oğlu anadan olmuşdur. Oğlanları artıq yetkinlik yaşına çatmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.20121-ci il tarxli 2(060)-859/2021 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahları pozulmuşdur. Cavabehlə birgə nikah dövründə yaşadıqları dönəmdə birgə vəsaitləri hesabına Sumqayıt şəhəri, İnşaatçılar küçəsində iki fərdi yaşayış evi inşa etdirmişlər. Evin birini kirayə verməklə kirayədən əldə edilən gəlir hesabına digər evdə isə iddiaçı, oğlu və həyat yoldaşı yaşamış və evin xanımı olaraq orada cavabdehlə birgə təsərrüfat idarə etmişlər. Son illərdə cavabdehlə aralarında yaranan münasibətlər dözülməz həddə çatdığından bu hal sonda qeyd etdiyi kimi tərəflərin rəsmi ayrılmaqlarına sonlanmışdır. Artıq 3 ilə yaxındır ki, cavabdeh tərəfindən birgə nikah dövründə tikilmiş evlərinə buraxılmır. Hər səfərində cavabdeh iddiaçının evə ayaq basacağı təqdirdə ölümlə hədələyir, heç bir halda onu evə buraxmayacağını bildirir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd etdiyi hər iki ev sənədsiz olmaqla tikildiyindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq çıxarışlar alınmamışdır. Hesab edir ki, evlərin sənədsiz olması iddiaçının həmin evlərə köçürülməyinə və oradan ümumi qaydalarla istifadə etməyinə maneə yaratmamalıdır. Ən azından iddiaçının buna mənzil yaşayış konstitusion hüququnun oduğunu bildiyindən, qeyd etdiyi yaşayış evlərinə köçürülməyini və oradan ümumi qaydalarla istifadə etməyinə qanuni əsasların olduğunu, bu baxımdan yaşayış evlərinə köçürülərək orada yaşamağını qanuna və məqsədə uyğun hesab edir. Göründüyü kimi, cavabdehlə aralarında mülki hüquq münasibətləri 1986-2021-ci illəri əhatə etdiyindən, yəni əmlakların tikilməsi Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, hesab edir ki, iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməlidir. Hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı həmin tikiliyə öz vəsaitini xərcləmiş, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni iddiaçıya da məxsusdur. Mübahisə predmeti olan yaşayış evləri özbaşına tikilidir və tərəflər nikahda olduqları vaxt birgə vəsait hesabına inşa edilərək həmin yaşayış evlərində birgə yaşamışlar. Hesab edir ki, yaşadığı yaşayış sahələrindən məhrum edilməyi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evlərə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını işin mübahisəsiz halıdır. Odur ki, məhkəmənin iddiaçının hər iki yaşayış evinə yaşamaq hüququnu bərpa etməsi qanuni və ədalətli olardı. Məhkəmədə iddiaçı və nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən evi 1990-cı ildə tikdirmişdir. İddiaçı 6 ildir evdən çıxıb getmişdir. Onun 10 sot torpağını iddiaçı qardaşına vermişdir. O, həmin torpağı tələb edir. Nə vaxt torpağını qaytarsa o, iddiaçıya icazə verəcəkdir ki, gəlib evdə yaşasın. İddiaçının onun evində heç bir əşyası yoxdur. İddiaçının əli ilə oğlunun keçmiş həyat yoldaşına 1 otaq verilib, həmin əşyalarıda gəlib aparmışdır. İddiaçı qeyd etdiyi evi oğlu tərəfindən satılmışdır. İddiaçı evi ondan deyil oğlundan tələb etməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ №876795 saylı, 22 iyun 2021-ci il tarixli “Nikahın Pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Məhərrəmova Dilarə Nuruş qızı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, fərdi evdə qeydiyyatsız yaşayır. İddiaçı 1991-ci ildən 2018-ci ilə qədər birgə yaşayıblar, hazırda ayrı yaşayırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3677/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh X2 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış evindən çıxarılması tələbinə dair» iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iddiaçı və cavabdeh Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixində, saat 09:50-də təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X4 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 1989-cu ildən yarandığını, yəni İddiaçı Cavabdeh ilə 1989-cu ildə rəsmi nikaha daxil olmaqla, qeyd olunan evə 1990cı ildə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə köçmək hüququnun olub-olmadığını 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol 5 verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da ailə üzvləri ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı özünə məxsus olan əmlaklarını mübahisəli evə yerləşdirərək orada məskunlaşması, ümumi təsərrüfat aparması, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə tərəflərin iştirakı ilə mübahisə predmeti olan ərazidə tikiliyə yerində baxış keçirərək müəyyən etmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən fərdi yaşayış ev hasara alınmış həyətdə yerləşir. Ev bir mərtəbəlidir. Evin qarşısında üstü örtülü balkon mövçuddur. Ev iç-içə olan 3 otaqdan, mətbəx və sanitar qovuşaqdan ibarətdir. Evin kommunal təhcizatı yerindədir. Hazırki halda sözügedən torpaq sahəsində yalnız bir fərdi ev inşa olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar küçəsində bir həyətdə yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar küçəsində bir həyətdə yerləşən fərdi yaşayış 20 saylı evinə köçürülsün. İş üzrə ödənilmiş rüsumlar İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar