Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5720/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "maddi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "maddi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh Nürəddin oğlu 16 yanvar 2019-cu il tarixindən əmək müqaviləsinə əsasən İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində çalışmağa başlamışdır. Cavabdeh Nürəddin oğlu ilə İddiaçı MMC arasında 16 yanvar 2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmış, həmin müqaviləyə əsasən tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona Cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, ona satış üçün etibar olunmuş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 təqvim günü ərzində cəmiyyətin kassasına təhvil verməyi, kassaya mədaxil edənə qədər müəsissəyə məxsus həmin pulun, habelə maddi qiymətlərin təhlükəsizliyi üçün tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini üzərinə götürüb. Cavabdeh ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə İddiaçı MMC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərinin üzləşmə aktlarına əsasən son olaraq 2165,66 manat vəsaiti İddiaçı MMC-nin xəzinəsinə təhvil verməməklə cəmiyyətə əhəmiyyətli miqdarda ziyan vurmuşdur. Bununla bağlı iddiaçı tərəfindən hüquq-mühafizə orqanına müraciət edilmiş və faktla bağlı araşdırma aparılmışdır. Abşeron rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və məsələnin mülki xarakterli olması səbəbindən ərizəçiyə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “müstəqil auditor hesabatı”ndan görünür ki, Cavabdeh öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 2165,66 manat müəyyən edilmişdir. Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı cavabdeh ölkədən qaçaraq gizlənməsi səbəbindən onun məsuliyyətə cəlb olunması mümkün olmamışdır. Lakin Abşeron rayon prokurorluğunun redd edilmiş qərarından görünür ki, Cavabdeh iddiaçıya maddi ziyan vurması sübuta yetirilir. Belə ki, digər şəxslərin verdiyi izahat və etiraflardan aydın olur ki, Cavabdeh ödənişləri kassaya çatdırmamış və mənimsəmə də elə bu formada yaranmışdır. Bununla bağlı öz üzərinə düşən izahat vermək öhdəliyini yerinə yetirməmiş, dəfələrlə auditor yoxlamasına və araşdırmaya dəvət olunsa da, gəlməkdən imtina etmişdir. 01 avqust 2022-ci il tarixindən 18 avqust 2022-ci il tarixinədək aparılmış daxili audit yoxlaması nəticəsində tərtib olunmuş 14 sentyabr 2022-ci il tarixli auditor rəyi ilə də Cavabdeh Nürəddin oğlunun İddiaçı MMCyə 2165,66 manat məbləğində maddi məsuliyyət daşıdığı müəyyən edilmişdir. Nəticə etibarı ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı 2165,66 manatlıq əmlakdan məhrum olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh Nürəddin oğlunun İddiaçı MMC-yə vurduğu zərərin yəni 2165,66 manat məbləğində pulun, ilkin mediasiya sessiyasiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 2565,66 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəməsində iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sonuncu məhkəmə iclası ilə əlaqədar iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və işə qiyabi icraat qaydasında baxılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də nümayəndə, satış/kommersiya vəzifəsində çalışmışdır.
11. İş materiallarında olan sərbəst auditor E.E.İbrahimov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müstəqil auditorun hesabatının surətindən görünür ki, İddiaçı MMCdə satış nümayəndəsi vəzifəsində işləmiş Cavabdeh öhdəsində olan pul vəsaitlərində və mallarda ümumi kənarlaşma və çatışmayan pul məbləği 2165,66 manat təşkil edir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01444 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı MMC 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
13. İş materiallarında olan Abşeron rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış 362-C-22 nömrəli yoxlama materialının araşdırması zamanı X5, Cavabdeh və X1 əməllərində CM-nin 179cu maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
14. Həmin qərardan görünür ki, digər satış təmsilçisi Cavabdeh xx.xx.2019-cu il tarixdən MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən satış nümayəndəsi vəzifəsində işləmiş və əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Əmək haqqısı müqavilə üzrə ilkin olaraq 310, daha sonra 270 manat olmuşdur. Cavabdeh işə qəbul edilməsi MMC direktorunun müvafiq əmri ilə rəsmləşdirilmiş, elə həmin tarixdə sonuncu ilə MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh da işlədiyi dövrdən etibarən 2019-cu ilin əvvəlindən 2019-cu ilin oktyabr ayına qədər digər satış nümayəndəsində olduğu kimi yuxarıda qeyd etdiyi formada sifarişlər etmiş, malları anbardan çıxartmış, qaimələr tərtib edilmiş, lakin sonradan Samir tərəfindən marketlərdən yığılaraq xəzinəyə mədaxil edilməli pullar mənimsənilmişdir. 2019-cu ilin oktyabr ayı ərzində satış nümayəndələrin fəaliyyəti yoxlanılarkən Cavabdeh satış etdiyi satış nöqtələrinin nümayəndələri ilə görüşüldü. MMC-də göstərilən borcla, qarşı tərəf, yəni satış nöqtələrinin təsdiq etdiyi borclar hesablanmaqla qalıq fərqlər müəyyən edilmişdur. Cavabdeh şəxsən iştirakı ilə 2019-ci ilin oktyabr ayında təhvil-təslim aktları tərtib edilmiş, bütün iştirakçılar, o cümlədən Cavabdeh tərəfindən akt təsdiqlənməklə imzalar çəkilmişdir. Cavabdeh bunun səbəbini soruşduqda sonuncu heç bir əsaslı səbəb göstərməmiş və izahat verməmişdir. Cavabdeh da maddi ziyanın ödənilməsi üçün vaxt verilsə də, sonuncu heç bir ödəniş etməmiş və bundan 1 il sonra Cavabdehla əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə MMC ilə sərbəst auditor X2 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh fəaliyyəti audit yoxlamasına verilmişdir. Sonuncu dəfələrlə auditora izahat vermək üçün dəvət edilməsinə baxmayaraq, bunu etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli audit rəyinə əsasən 2019-cu il ərzində Cavabdeh öhdəsində olan çatışmazlıq 2165,66 manat olması müəyyən edilmişdir. Yəni, Cavabdeh öz qanunsuz hərəkətləri ilə MMC-yə həmin məbləğdə maddi ziyan vurmuşdur. Hazırki vaxtadək maddi ziyan ödənişi olmamışdır.
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna (Vəkil) 350 manat məbləğində pul köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuş və əmək funksiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı üzərinə tam maddi məsuliyyət götürmüşdür. Cavabdeh satış nümayəndəsi vəzifəsində işləyərkən «tam maddi məsuliyyət daşıması barədə müqavilə»nin tələblərini pozaraq işlədiyi dövrdə fəaliyyətində əskik gəlmə aşkarlanmışdır. Hazırda iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Eyni Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
23. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır.
25. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
26. Eyni Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “a” və “ç” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
27. Həmin Məcəllənin 203 və 205-ci maddələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
28. Qanunun yuxarıda şərh olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyır.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
30. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
31. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
33. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. İddianın hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
35. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vavabdeh Cavabdeh 2165,66 (iki min bir yüz altmış beş manat, altmış altı qəpik) manat məbləğində pul, 350 (üç yüz əlli) manat məbləğində hüquqi yardımın və 50 (əlli) manat ödənilmiş mediasiya xərcinin əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2165,66 (iki min bir yüz altmış beş manat, altmış altı qəpik) manat məbləğində pul, 350 (üç yüz əlli) manat məbləğində hüquqi yardımın və 50 (əlli) manat ödənilmiş mediasiya xərcinin əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva