Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5785/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: podrat müqaviləsi üzrə pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2910 (iki min doqquz yüz on) manat əsas borcu, 5310.75 (beş min üç yüz on, yetmiş beş) manat hesablanmış penya, əldən çıxmış fayda qismində 239.16 (iki yüz otuz doqquz, on altı) manat, cəmi 8459.91 (səkkiz min dörd yüz əlli doqquz, doxsan bir) manat borcunu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 104.60 manat dövlət rüsumunun tutulmasına haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, 05/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh ümumi dəyəri 3300.00 (üç min üç yüz) AZN olan stomatoloji xidmət göstərilmişdir. Cavabdeh isə ona göstərilmiş stomatoloji xidməti qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş 12 ay müddətinə hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Göstərilən xidmətin dəyərindən bugünədək cəmi 390 (üç yüz doxsan) manat ödəniş edilmişdir. Qalan 2910 (iki min doqquz yüz on) manat məbləğində borc ödənilməmişdir. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, xidmət müqaviləsi üzrə ona göstərilmiş stomatoloji xidmətin dəyərini ödəməkdən müxtəlif bəhanələr ilə yayınmışdır. Bundan sonra Cavabdeh pretenziya göndərilmiş və bildirilmişdir ki, göstərilmiş stomatoloji xidmətlərin dəyərindən 2910 (iki min doqquz yüz on) AZN məbləğində borc qalmaqdadır. Cavabdeh xidmət müaviləsinin Əlavə №2-nə əsasən (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, bununla da müqavilə şərtlərinin 4.2-ci bəndini pozmuşdur. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 2910 (iki min doqquz yüz on) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini 1 ildir icra etməmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, Sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, İcraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.5 (sıfır tam onda beş) faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, Sifarişçi isə onu ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Qeyd olunan gündən 1 illik müddətə cərimə tətbiq edilsə, müqavilə şərtlərinə əsasən (2910*0.5%=14.55; 14.55*365=5310.75) cavabdehə 5310.75 manat penya hesablanmışdır. İddiaçı MMC 2019-cu il tarixdən stomatoloji klinika kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işgüzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı MMC-yə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (600 gün) (2910*5%=145.50; 145.5/365=0.3986; 0.3986*600=239.16) 239.16 (iki yüz otuz doqquz, on altı) manat maddi ziyan dəymişdir. Bu məbləğdə məhkəmə qaydasında cavabdehdən tutulmalıdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 05/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilədən və 2 nömrəli Əlavədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 3300 manat olan stomatoloji xidmət göstərilmişdir.
7. xx.xx.2023-cü il tarixli stomatoloji xidmətlərin təhvil-təsliminə dair aktdan görünür ki, xx.xx.2023-cü il tarixli, 05/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq stomatoloji xidmət yararlı halda sifarişçiyə təhvil verilmiş, sifarişçi isə həmin xidməti yararlı halda və heç bir pretenziyası olmadan təhvil almışdır.
8. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Maddə 21.2. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı: “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış stomatoloji xidmətlərin göstərilməsinə dair müqaviləyə görə icraçı müqavilədə göstərilən xidmətləri icra etmiş, sifarişçi isə xidmətin dəyərini razılaşdırıldığı kimi ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
13. Belə ki, tədqiq edilən sübutlarla müəyyən edildi ki, göstərilən xidmətlərin dəyəri 3300 manat olmuş, cavabdeh xx.xx.2023-cü il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla, cəmi 390 manat ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini razılaşdırıldığı kimi ödəmədiyindən müqavilə şərtlərinə uyğun qalıq 2910 manat tələb edilir.
14. İddiaçı həmçinin, cavabdehdən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi keçən 600 gün üçün (illik 5 %) əldən çıxmış fayda kimi hesabladığı 239.16 manat pulu tələb edir. Halbuki, xx.xx.2023-cü il tarixdən iddia verilən xx.xx.2025-ci il tarixə və ya xx.xx.2025-ci il tarixə (sonuncu xəbərdarlıq) kimi 600 gündən çox vaxt keçmişdir.
15. Məhkəmə isə iddia tələbindən kənara çıxa bilmədiyindən həmin hissədə iddiaçının tələbi ilə razlaşmaqla, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda kimi 239.16 manat (2910 manat X 5 % : 365 gün X 600 gecikmə günü) pul vəsaiti tutulmalıdır.
16. Bundan başqa məhkəmə cavabdehdən müqavilə üzrə tələb edilən cərimə məbləğini qismən əsaslı hesab edir.
17. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
18. Tərəflər arasında bağlanmış müqavilənin 4.6-cı bəndinə əsasən dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Lakin hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2023-cü il tarixli müqavilə üzrə hesablanmış 5310.75 manat dəbbə pulunun məbləğinin azaldılaraq 100 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.
19. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 104.60 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 39.75 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan əsas borc məbləği, cərimə, əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 2910 manat əsas, 100 manat cərimə borcu, 239.16 manat əldən çıxmış fayda və 39.75 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3288.91 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva