Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5793/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 600 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən aparılmış yoxlamalar zamanı Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 600 kvadrat metr torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, iyirmi ildən artıqdır ki, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş evdə yaşayır. Həmin ev 6 sot torpaq sahəsinin daxilində yerləşir və həmin torpaq sahəsi ona Bağçılıq Cəmiyyəti tərəfindən ayrılmış və bu barədə Bağçının üzvülük kitabçası verilmişdir. Bu səbəbdən cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin ona qarşı iddiasını əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən verilmiş tələb daxilində işə baxaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək hesab ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Sumqayıt Bələdiyyəsi Memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri Lətif Süleymanov tərəfindən imzalanmış 04 mart 2022-ci il tarixli aktdan görünür ki, Xəzər bağları ərazisində xidməti araşdırma apararkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid, 600 kv.metr torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Tərəflərindən edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, vətəndaş Cavabdeh zəbt edilmiş torpaq sahəsini, orada tikdiyi fərdi evi boşaltmaqdan imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22 sentyabr 2022-ci il tarixli, **********35 saylı məktubdan görünür ki, məhkəmə tərəfindən Daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) rəsmi surətdə təqdim edilmədiyindən məhkəmə tərəfindən yeni baxış vaxtının təyin ediləcəyi təqdirdə 2(060)-5793/2022 saylı mülki iş üzrə təyin ediləcək məhkəmə iclasında nümayəndənin iştirakı təmin ediləcəkdir. Həmçinin ərazi idarəsinin mövcud arxiv materiallarına əsasən müraciətdə qeyd olunan Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər Bağçılıq Cəmiyyəti” ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh “Xəzər Bağçılıq Cəmiyyəti” ərazisində daxili tanınması üçün adlandırılan Əli İmaməliyev küçəsində bağ № 77b evdə qeydiyyatsız yaşayır. X2 görünür ki, 77b saylı 600 kv.m bağ torpaq sahəsi xx.xx.1986-cı il tarixdə Cavabdeh istifadəsinə verilmişdir. Sadalanın işin hallarından göründüyü kimi mübahisə predmeti olan ərazi “Xəzər” Bağçılıq Cəmiyyətinin balansına ayrılmış sahə olmaqla, həmin ərazi “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən cavabdehin istifadəsinə verilmişdir. İddiaçı iddianın əsası olaraq mübahisə predmeti olan sahənin bələdiyyə mülkiyyətində olduğunu iddia edərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir. İddianı əsaslandığı hallara dair sənədlər olaraq Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokol, 21 iyun 2001-ci il tarixli Akt və Sumqayıt şəhər ərazisində Bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların Eksplikasıyasına dair cədvələ istinad etmişdir. Məhkəmə məsələnin qanuni həlli bağlı bələdiyyə mülkiyyətinə aid torpaqların hüquqi əsaslarına dair qanunvericiliyin göstərişlərinin araşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47-ci maddəsinin 7-cı hissəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 66-cı maddəyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi Bələdiyyə torpaqlarının dairəsini müəyyən etmişdir. Həmin maddənin göstərişinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanunun tələbinə görə Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunan hüquq normalarının göstərişlərindən göründüyü kimi torpaqların bələdiyyə mülkiyyətinə verilməsi qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan ərazi bağ torpaq sahəsi olmaqla həmin ərazilərin bələdiyyə mülkiyyətinə ayrılması iddiaçının istinad etdiyi sənədlərlə öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə həmçinin qeyd edir ki, ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin qanunla nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə ayrılması təqdim olunun sənədlərlə təsdiq olunmur. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir. Məhkəmə eləcə də qeyd edir ki, iş üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik olsa da hazırki halda iddianın təmin edilməsi mümkünsüzdür. Belə ki, iş üzrə toplanmış sənədlərdən göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin cavabdehin istifadəsində ayrılmasını təsdiq edən bağçılıq kitabçası mövcuddur. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənəd mübahisələndirilməyib iddianın təmin edilməsi cavabdehin sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb olardı. Beləliklə, məhkəmə sadalananlara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5793/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5793/2022
16.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver