Məhkəmə qərarları › İş №e-2(060)-5923/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5923/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5923/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Məmmədəli oğlunun Cavabdeh Sadiq qızına qarşı pul tələbinə dair (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X6 və X2) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədəli oğlu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sadiq qızından 18000 manat məbləğində borcun və 144 manat məbləğində dövlət rüsümunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili 16 iyul 2022-ci ildə etibarnamə əsasında almışdır. Avtomobili aldıqdan qısa müddət sonra satmaq qərarına gəlmiş və bu barədə tanıdığım şəxslərə, o cümlədən Cavabdeh Sadiq qızına məlumat vermişdir. Cavabdeh Sadiq qızı “HYUNDAİ İX- 35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili almaq istədiyini, lakin pulu ödəmək üçün avtomobilin banka girov qoyulmasının zəruriliyini bildirmişdir. O, cavabdehi 2021-ci ilin mart ayından tanıyır. Bu səbəbdəndə ona inanaraq 2022-ci ilin iyul ayında “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında onun adına keçirmişdir. Cavabdeh avtomobili banka girov qoyacağını və 18 000 manat məbləğində pulu 2023-cü ilin mart ayınadək iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin müəyyən edilmiş vaxt başa çatdıqdan sonra cavabdeh avtomobilin dəyəri olan 18 000 manat pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Dəfələrlə cavabdehdən sözü gedən məbləği tələb etsə də, o, hər dəfə banka müraciət etdiyini, kredit götürüb borcu ödəyəcəyini bildirirdi. Hal-hazırda isə cavabdeh iddiaçıya borcu qaytarmaqdan imtina edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, tərəflər iş yoldaşı olduğunu bildirdi. İddiaçı özünə məxsus “Hyundai İX-35” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmiş və həmin vaxt cavabdeh özünə məxsus olan avtomobili satdıqdan sonra, iddiaçının avtomobilini almaq istədiyini bildirmiş və tərəflər arasında razılıq əldə olunmuşdur. Bundan sonra cavabdeh iddiaçının 25000 manata satdığı avtomobilin, 7000 manatını ilkin olaraq ödəyib, qalan 18000 manatını isə 2023-cü ilin mart ayına qədər ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Nəticədə qalan 18000 manat bu vaxta qədər iddiaçıya ödənilməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın tamamilə yalan üzərində qurulduğunu bildirdi. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək bildirdi ki, iddiaçını tanıyır, cavabdehi də iddiaçıya görə tanımışdır. O usta işləyir, Teymur da onun müştərisi olmuşdur. “Nissan X-Trail” markalı avtomobili Sumqayıt maşın bazarında 7000 manata satmışdır, pulunu da gətirib Teymura vermişdir. “Nissan X-Trail” markalı avtomobilin kimə məxsus olması barədə məlumatı olmamışdır. “Hyundai İX-35” markalı avtomobili isə Teymurla bir yerdə 25000-25500 manata avtosalondan almışdır, onu usta kimi avtomobilin həmin qiymətə dəyib-dəymədiyini müəyyən etmək üçün aparmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirir ki, o, iddiaçı və cavabdehi tanıyır, hər ikisi iş yoldaşıdır. Onlar "xxxx" MMC-də işləyirlər. Günayın ilk öncə ağ “Nissan X-Trail” markalı avtomobili sürdüyünün, ondan sonra qırmızı “Hyundai İX-35” markalı avtomobili sürdüyünün şahidi olmuşdur. “Nissan X-Trail” markalı avtomobil Günaya məxsus idi, Teymurun onu sürdüyünü görməmişdir. Qırmızı “Hyundai İX-35” markalı avtomobilin isə Günayın mülkiyyətinə necə və hansı qaydada keçməsi ilə bağlı məlumatı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirir ki, Teymuru 2017-ci ildən tanıyır, iş yerləri qonşu olmuşdur. Günay isə onların şirkətində kadr üzrə mütəxəssis işləyib Teymurun onların iş yerinə heç bir aidiyyatı yoxdur. Sadəcə, Teymurun xahişi ilə o, Günayı işə götürmüşdür. Günay və Teymurun tanışlığı daha əvvələ təsadüf edir. 2021-ci ilin may ayının 24-ündən Günay onların şirkətində, yəni “ARF Construction” şirkətində kadr üzrə mütəxəssis işləyir. Günay həmin şirkətə işə girəndə “Nissan X-Trail” markalı avtomobili var idi. Birinci avtomobili ağ rəngdə idi, sonrakı avtomobili isə qırmızı “Hyundai” idi. Həmin “Hyundai” markalı avtomobilin Günayın mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı məlumatı yoxdur, sadəcə eşitmişdir ki, həmin avtomobili Günaya Teymur almışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 16.07.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədə görünür ki, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili üzrə İddiaçı Məmmədəli oğluna sürücülük hüququ olduqda idarə etmək , ipotekə qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, qeydiyyatdan çıxarmaq sərəncama vermək və digər hərəkətlər etibar edilmişdir. - xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görnür ki, X1 adından İddiaçı Məmmədəli oğlu, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh Sadiq qızına 25000 manata satmışdır. - Diskdə olan səs yazısından görünür ki, İddiaçı Məmmədəli oğlu (nümayəndəsinin deməsinə görə) telefon danışığı ilə Cavabdeh Sadiq qızına maşını sataraq borcunu qaytarmasını istəyir, sonuncu isə pulu geri qaytarmayacağını bildirir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili 16 iyul 2022-ci ildə etibarnamə əsasında iddiaçının sərəncamına keçmişdir. İddiaçı avtomobili qısa müddət sonra satmaq qərarına gəlmiş və bu barədə tanıdığım şəxslərə, o cümlədən Cavabdeh Sadiq qızına məlumat vermişdir. Cavabdeh Sadiq qızı “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili almaq istədiyini, lakin pulu ödəmək üçün avtomobilin banka girov qoyulmasının zəruriliyini bildirmişdir. O, cavabdehi 2021-ci ilin mart ayından tanıyır. Bu səbəbdəndə ona inanaraq 2022-ci ilin iyul ayında “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında onun adına keçirmişdir. Cavabdeh avtomobili banka girov qoyacağını və 18 000 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazırda isə cavabdeh iddiaçıya borcu qaytarmaqdan imtina edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh aldığı məhsulun dəyərini ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Sadiq qızı “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili 25000 manata almış lakin İddiaçı Məmmədəli oğluna 18000 manatı ödəməmişdir. Belə olan halda Cavabdeh Sadiq qızından 18000 manat məbləğində borcun ödənilməsinə dair hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 18000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi Cavabdeh Sadiq qızından alınaraq İddiaçı Məmmədəli oğluna ödənilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Sadiq qızından 18000 manat məbləğində borc və 144 manat məbləğində dövlət rüsümunun tutularaq İddiaçı Məmmədəli oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar