Məhkəmə qərarları › İş №e-2(060)-6022/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6022/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6022/2024 06.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193, yeni qaydalarla AZ5021, ünvan 1 ünvanında yerləşən sahəsi 96,70 kvadrat metr olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evində iddiaçı ilə yanaşı oğlu X6, qızı Cavabdeh və onun 22 oktyabr 2008-ci il təvəllüdlü qızı X7 qeydiyyatdadırlar. Cavabdeh X4 ilə nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən köçüb getmiş, lakin 2011-ci ildə onların nikahı pozulduqdan sonra yenidən bu evə qayıtmışdır. 2017-ci ilin ortalarından etibarən isə qızı X7 ilə birlikdə fərdi yaşayış evindən başqa yaşayış yerinə köçüb getmiş, sonradan da daimi yaşamaq üçün Türkiyə Respublikasına getmişlər. Hal-hazırda da Cavabdeh və onun 22 oktyabr 2008-ci il təvəllüdlü qızı X2 Respublikasında yaşayırlar. Cavabdehin qızı ilə birlikdə 2017ci ildən etibarən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamamaları qonşuların tərtib etdiyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının X10-Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 21 avqust 2024-cü il tarixli aktla da sübuta yetirilir. Hal-hazırda yaranmış vəziyyətdə iddiaçı cavabdehin yetkinlik yaşına çatmamış qızı ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmalarını zəruri hesab edir. Belə ki, cavabdeh qızı ilə birlikdə 2017-ci ildən etibarən evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməklə iddiaçının ailə üzvləri sırasından çıxmışlar və onların iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatında qalması səbəbindən iddiaçı əlavə kommunal xərclər ödəməli olur. Eyni zamanda cavabdehin və onun yetkinlik yaşına çatmamış qızının göstərdiyi səbəblərdən fərdi yaşayış evinə olan istifadə hüququ üçün əsaslar qalmadığından, artıq onların fərdi yayayış evinə istifadə hüquqlarına xitam verilməklə yaşayış sahəsinə olan pasport qeydiyyatlarının ləğv edilməsini zəruri sayır. Bu səbəbdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin yetkinlik yaşına çatmamış qızı ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini tələb etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh yetkinlik yaşına çatmamış qızı X7 ilə birlikdə iddiaçının olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193, yeni qaydalarla AZ5021, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı öz izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni qaydalarla: AZ5021, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2005-ci ildən etibarən Cavabdeh, X7 və X6 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 193 saylı evdə qeydiyyatdadırlar.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 05 aprel 2011-ci il tarixində verilmiş AZ-İ № 117902 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Rəhimova Arzu Şəmsi qızı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 05 aprel 2011-ci il tarixində 107 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Cəfərzadə soyadı verilmişdir.

10. İş materiallarında olan AA5951387 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının X10 ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 848 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 193 nömrəli evdə oğlu-X6, qızı- Cavabdeh, nəvəsi X7 qeydiyyatdadırlar, lakin qızı və nəvəsi yaşamırlar.

12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının X10 ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1093 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 193 nömrəli evdə qeydiyyatdadır, lakin yaşamır.

13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müvafiq məlumatın təqdim edilməsi barədə müraciətə cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 193 nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyətinə dair məlumatın verilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 193 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1961-ci il tarixində keçmiş Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 199 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Sonradan xx.xx.1993-cü il tarixli, M-2/349 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Həmin fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 4-Ə-21 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmiş, həmin qeydiyyat vəsiqəsi əsasında xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına uyğun olaraq arxiv sənədləri əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi İddiaçı adına xx.xx.2017-ci İl tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh İddiaçı qızıdır. Cavabdeh sözügedən mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehin və onun yetkinlik yaşına çatmayan övladının sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.

17. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.”

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

24. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

26. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır.

27. Hazırki iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2005-ci il tarixdən hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmə qeyd edir ki, əvvəlcə cavabdehə qarşı iddia tələbi cavabdehin iddiaçıya münasibətdə ailə üzvü olub-olmadığı nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçının doğma övladı olmaqla, onun ailə üzvüdür. Həmçinin, cavabdeh faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə (ailə həyatı qurmaqla evi tərk etmiş, özünə məxsus mənzildə yaşayır) həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır ki, bu da yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən kompensasiya verilməməklə istifadə hüququna xitam verilməlidir.

28. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

29. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

30. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Buna görə də cavabdehin və onun azyaşlı övladının mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan qızı xx.xx.2008-ci il təvəllüdlü qızı X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 193, Yeni qaydalarla: ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar