Məhkəmə qərarları › İş №e-2(060)-6036/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6036/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6036/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır və mübahisəli mənzildə formal qeydiyyatdadır. Belə ki, cavabdeh ailə həyatı qurmadan da öncə artıq uzun müddətdir ki, sözügedən ünvanda deyil, Bakı şəhərində yaşayır. Cavabdeh xx.xx.2013-cü ildən rəsmi nikaha daxil olmuş, nikaha daxil olandan sonra isə arvadı X1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 32 mənzil 65-ə köçmüş və orada daimi yaşamağa başlamışdır. Lakin, bütün bunlara baxmayaraq cavabdeh bu günə qədər də ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr ev-56, mənzil 22-dən qeydiyyatdan çıxmamışdır. Cavabdehin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını desə də cavabdeh vaxtının olmamasının qeyd edərək qeydiyyatdan çıxmaqdan yayınmışdır. Göründüyü kimi cavabdehin qeydiyyatı formal xarakter daşıyır, özü könüllü olaraq iddianı etiraf edir sadəcə vaxtının olmamasını qeyd edərək qeydiyyatdan çıxmır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək iddianı qəbul etdiyini bildirmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********067 saylı ərizədən görünür ki, Cavabdeh, qardaşı - İddiaçı tərəfindən qeydiyyatda olduğu, ünvan 2 ünvanında istifadə hüququnun itirilmiş hesab olunmasına dair qaldırdığı iddiaları qəbul edir və bununla bağlı heç bir şikayəti, iddiası və tələbi yoxdur. - Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 56 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. - İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 2-də qeydiyyatda olan Cavabdeh 10 ildən artıqdır ki, bu ünvanda yaşamır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisi radov İlkin Yusif oğludur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - 11 saylı Mənzil Kommunal Səhəsinin 1522 №-li arayışından görünür ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzilində yaşayır. Cavabdeh 1990-cı ildən həmin mənzildə qeydiyyatdadır. - İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2015-ci ildən qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzilində yaşamır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzili İddiaçı adına qeydiyyata alınmışdır. Hal hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. Cavabdeh göstərilən ünvanda yaşamır. Cavabdehin sözügedən mənzilə qeydiyyatda olmağı iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Göründüyü kimi, Cavabdeh iddiaçının qardaşdır və sonuncunun evində qeydiyyatdadır. Cavabdeh göstərilən ünvanda yaşamır. Bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikasıvətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 56 saylı evin 22 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar