Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6099/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 16 №-li tam orta məktəbinə qarşı işə bərpa və məcburi işburaxmaya görə ödənişinin həyata keçirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işdən azad olunması haqqında çıxarılan xx.xx.2022-ci il tarixli, 103 №-li əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə uyğun olmadığı üçün etibarsız hesab edilərək ləğv edilməsi və məcburi buraxılmış iş günlərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixli, 286 №-li əmrlə Sumqayıt şəhər 16 saylı tam orta məktəbə, məktəbin kitabxanaçısı kimi cavabdeh tərəfindən işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində 103 №-li əmrlə cavabdeh işəgötürən şəxs kimi onu əmək müqaviləsinin müddətinin başa çatması əsasları ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi ilə işdən azad etmişdir. Hesab edir ki, onun Azərbaycan Respublikası Əmək Məclləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən 14 ildən çox fasiləsiz eyni kitabxanaçı vəzifəsində işləməyi əmək müqaviləsinin müddətsiz olması hüququnu yaratmışdır. İşə götürən kimi cavabdehin xx.xx.2022-ci il tarixli, 103 №-li onu işdən azad etmə əmri AR ƏM-nin 45-ci maddəsinə əsasən tam qanunsuzdur. İşdən azad edilmə əmri qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir İddiaçı Müəllimlər İnstitutunun Qazax filialında Azərbaycan dili və Ədəbiyyat müəllimliyi fakultəsini bitirmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda bir neçə şəxsə verilmiş diplomların saxta olması barədə məlumat verilmişdir. Həmin şəxslərin içərisində iddiaçının da adı olmuşdur. Öz növbəsində Təhsil Nazirliyi tərəfindən məktəbə ünvanlanmış məktubda iddiaçının müqaviləsinə xitam verilməsi tələb olunmuşdur. İddiaçı həmin vaxt analıq məzuniyyətində olmuşdur. İddiaçıya məktəb tərəfindən rəsmi xəbərdarlıq edilərək əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra müqavilə müddətinin bitməsi müddəası ilə müqaviləyə xitam verilmişdir. Həmçinin, iddiaçı analıq məzuniyyətində olan digər bir işçinin yerinə müddətli olaraq işə götürülmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil idarəsi, 16 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 188 №-li məktubundan görünür ki, əsas analıq yerinə (X4) müddətli müqavilə ilə işə götürülən İddiaçı, analıq məzuniyyətində olan məktəbin kitabxanaçısı X1 yerinə müddətli müqavilə ilə (əsas analıq yerinə) işə götürülmüş və dalbadal analıq məzuniyyətinə getdiyindən müddətli müqavilənin vaxtı xx.xx.2022-ci il tarixdə bitmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2015-ci il Təhsil Nazirliyinin məktubuna əsasən İddiaçı diplomu saxta hesab edilmişdir. - Azərbaycan Müəllimlər İnstitunun Qazax filialının B169667 №-li diplomundan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə, İddiaçı ibtidai təhsilin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə, 147 №-li əmrlə 16 №-li tam orta məktəbə orta texniki işçi vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı xx.xx.2007-ci il tarixdə, 286 №-li əmrlə analıq məzuniyyətində olan məktəbin kitabxanaçısının yerinə keçirilmişdir. - xx.xx.2022-ci il tarixli, 103 №-li əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə müddəti bitdiyinə görə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda) əsasən xitam verilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2015-ci il tarixli, 290 №-li əmrindən görünür ki, X2 – məktəbin kitabxanaçısının analıq məzuniyyəti müddəti bitdiyinə görə, xx.xx.2015-ci il tarixdən işdə hesab edilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin İddiaçı ünvanlanmış xx.xx.2015-ci il tarixli, 317 №-li məktubundan görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbə daxil olmuş xx.xx.2015-ci il tarixli məktubuna əsasən AMİ-nin Qazax filialının İddiaçı verdiyi Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə diplomu saxta təhsil hesab edilmiş, 2017-ci ilin sonunadək ödənişsiz analıq məzuniyyətində olduğu nəzərə alınaraq İddiaçı işə qayıtdıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılacağı bildirilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin Sumqayıt şəhər TŞ-nin müdir əvəzi, cənab Sabir Məmmədova ünvanlanmış xx.xx.2015-ci il tarixli, 318 №-li məktubundan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə məktəbə texniki işçi kimi işə qəbul olunmuşdur. Həmin vaxtlar da o, AMİ-nin Qazax filialının Azərbaycan dili və ədəbiyyat ixtisasının qiyabi şöbəsində təhsil alırdı. 12 oktyabr 2007-ci il tarixdə kargüzar-makinaçı vəzifəsinə, 1 dekabr 2007-ci il tarixdə isə məktəbin kitabxanaçısı analıq məzuniyyətinə çıxdığına görə, həmin tarixdən analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kitabxanaçı vəzifəsinə keçirilmişdir. O, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Azərbaycan Müəllimlər İnstitunda Məktəb kitabxanaçısı" üzrə ixtisasını artırmışdır. İddiaçı 2007-ci ildə AMİ-nin Qazax filialına qəbul olunmuş və 2010-cu ildə Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə B № 169667 nömrəli diplom almışdır. İddiaçı 2015-ci ilin may ayından fizioloji müalicədə olmuş, hal-hazırda isə 2017-ci ilədək körpə uşağına qulluğa görə ödənişsiz analıq məzuniyyətindədir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2009-cu il tarixli, 152 №-li əmrindən görünür ki, X3 üç yaşına çatmamış körpə uşağına qulluq etdiyinə görə xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək öz ərizəsinə əsasən ödənişsiz analıq məzuniyyəti verilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2010-cu il tarixli, 237 №-li əmrindən görünür ki, X1 ödənişsiz analıq məzuniyyətinin xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək artırılması əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2011-ci il tarixli əmrindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənişsiz analıq məzuniyyəti verilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2013-cü il tarixli, 294 №-li əmrindən görünür ki, X3 xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək ödənişsiz analıq məzuniyyəti verilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2015-ci il tarixli, 290 №-li əmrindən görünür ki, X1 analıq məzuniyyəti bitdiyinə görə işdə hesab edilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 16 №-li tam orta məktəbin xx.xx.2018-ci il tarixli, 133 №-li əmrindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək ödənişsiz analıq məzuniyyəti verilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər 16 №-li tam orta məktəbinə texniki işçi kimi işə qəbul olunmuşdur. 12 oktyabr 2007-ci il tarixdə kargüzar-makinaçı vəzifəsinə, 1 dekabr 2007-ci il tarixdə isə məktəbin kitabxanaçısı analıq məzuniyyətinə çıxdığına görə, həmin tarixdən analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kitabxanaçı vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli, 103 №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin “2-ci” hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbə daxil olmuş xx.xx.2015-ci il tarixli məktubuna əsasən AMİ-nin Qazax filialının İddiaçı verdiyi Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə diplomu saxta təhsil hesab edilmişdir. İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə etmişdir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, X4 xx.xx.2007-ci ildən xx.xx.2015-ci il tarixədək fasiləsiz olaraq ödənişli və ödənişsiz məzuniyyətlərdə olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu Məcəllənin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin “a” bəndindən görünür ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Bu Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsinin “b” bəndindən görünür ki, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “f” bəndindən görünür ki, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə əmək müqaviləsinə xitam verilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi sosial məzuniyyətdə olan şəxsin məzuniyyətdən qayıtması ilə şərtləndiyindən, həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş ödənişli və ödənişsiz məzuniyyətlərdə olması nəticəsində İddiaçı onun vəzifəsində çalışdığından iddia əsassızdır. Belə ki, Yeganə Abbasovanın nəticə etibarilə məzuniyyətdən qayıtmaması iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi şərtini ödəməmiş, bununla da əmək müqaviləsi müddətli xarakterini saxlamış, habelə sonuncunun digərinin vəzifəsində işləməsinin fasiləsizliyi həmin şəxsin ardıcıl olaraq məzuniyyətlərdən istifadə etməsi zəminində baş vermişdir. Məhkəmə, həmçinin pedaqoji fəaliyyətlə məşğul olacaq şəxsin mütləq qaydada ali təhsil barədə dövlət nümunəli diplomunu (təhsil sənədini) işəgötürənə təqdim etmək, belə bir sənədə (təhsilə) malik olmaq vəzifəsini daşıdığından, lakin iddiaçının iş yerinə verdiyi diplom saxta olduğundan, hesab edir ki, onun pedaqoji fəaliyyət göstərməsi əmək qanunvericiliyinə ziddir. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın əmək haqqının ödənilməsi barədə hissəsi də əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər 16 №-li tam orta məktəbinə qarşı işə bərpa və məcburi işburaxmaya görə ödənişin həyata keçirilməsi tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 16 №-li tam orta məktəbinə qarşı cavabdeh tərəfindən onun işdən azad olunması haqqında çıxarılan əmrin etibarsız hesab edilərək ləğv edilməsi və məcburi buraxılmış iş günlərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-6099/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6099/2022
27.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver