Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6179/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” BY 394 ünvanında yerləşən bağ iddiaçının atası X2 mülkiyyətindədir. İddiaçının atası X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bije Nəriman vəsiyyətnamə qoymamışdır. Onun qanun üzrə vərəsəsi İddiaçıdır. O, xx.xx.2018-ci ildə Almaniyaya getmişdir. Atası dünyasını dəyişdiyi zaman ölkəyə gələ bilməyib və mirası qəbul edə bilməmişdir. 2024-cü ildə ölkəyə qayıtmışdır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün 6 ay müddətin olduğundan xəbərsiz idi. Mərhumdan qalmış miras əmlakının qəbulu ilə əlaqədar o, 2 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, müddət ötürüldüyünə görə iddiaçıya imtina verilmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddiaçının mərhum atası X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, ”Kimyaçı” BY 394 ünvanında yerləşən bağ miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur.
8. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 avqust 2024-cü il tarixdə verilmiş 3-16-5/8-B-69-2358/2024 saylı arayışdan görünür ki, İddiaçı 21 oktyabr 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası X3r.
9. İş materiallarında olan 11 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X6 qızı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” BY 394 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini X4 bağışlamışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” BY 394 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X2 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2018-ci il tarixdə 194 saylı reyestr kitabının 30 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
11. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 075145 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ürəyin hipertenziv xəstəliyindən ölmüşdür.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 20 fevral 2020-ci il tarixdə X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2024-cü il tarixində ərizə qeydə alınmışdır. Lakin mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyünüz üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının atası X5 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” BY 394 ünvanda yerləşən bağ sahəsinin atasından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
16. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
17. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
18. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
19. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
20. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
22. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
23. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
24. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
25. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
26. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
27. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X5 öldükdən sonra övladı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.
28. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasın açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının atasının mirasını vaxtında qəbul etməmələri üzrlü səbəblərdən baş vermişdir.
29. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum X1 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlak- Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” BY 394 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva