Məhkəmə qərarları › İş №e-2(060)-6276/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6276/2021

04.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6276/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh Sumqayıt Dövlət Texniki Kollecinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Texniki Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Dövlət Texniki Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə Odlar Yurdu Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsini və 2011-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının psixologiya ixtisasını bakalavr dərəcəsi ilə bitirmişədir. 03.03.2008-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə katibə makinaçı vəzifəsinə işə qəbul edilmişdir. 19.10.2018-ci il tarixdən kollecdə laborant vəzifəsinə keçirilmiş və 25.06.2021-ci ilədək həmin vəzifədə çalışmışdır. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, əmək funksiyanın və əmək müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərimi tələb olunan səviyyədə icra etmişdir. Sumqayıt Dövlət Texniki Kollecinin 25.06.2021-ci il tarixli 38-k nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 25.06.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilmişdir. Cavabdehin yuxarıda göstərilən əmrinin preambulasında işdən azad olunmağına əsas kimi əmək funksiyamı və əmək müqaviləsi üzrə öhdəliyimi yerinə yetirməməyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması qeyd olunmuşdur. Sumqayıt Dövlət Texniki Kollecinin 25.06.2021-ci il tarixli 38-k nömrəli əmri qeyri-obyektiv, qərəzli olaraq verilmiş, qanunsuz və əsassızdır. Belə ki, 25.06.2021-ci il tarixli əmrdə göstərildiyi kimi tərəfindən hər hansı bir əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərimin pozuntusuna yol verilməmişdir. Qeyd etmək istəyir ki, onun işlədiyi yerdə şöbə müdiri vəzifəsində çalışan Sevda Musayeva ilə aralarında alınmış olan faiz pul problemi yaranmışdır. Bildirir ki, Sevda Musayevadan 28 iyun 2019- cu il tarixdə 5000 manat və 27 avqust 2019-cu il tarixdə 1000 dollar faiz ödəmək şərtilə pul götürmüşdür. Aldığı pulun müqabilində hər ay Sevda Musayevaya 670 manat faiz borcu qaytarmışdır. Respublika ərazisində mövcud olan pandemiya ilə əlaqədar olaraq maddi durumu çox pis olduğundan faiz borc məbləğini ödəyə bilmədiyindən aralarında münaqişə yaranmış və 2021-ci ilin yanvar ayında Sevda Musayeva kollecin direktoru Mətanət Pirquliyevaya ərizə ilə şikayət etmiş və ərizəyə baxılması X7 Komitəsinin sədri İsmayıl Feyzullayevə həvalə edilmişdir. Ərizə ilə əlaqədar olaraq kollecin direktoru onu yanına dəvət edərək aldığı faiz pul məbləğinin qaytarılmasını tələb etmiş və ona həmin pul məbləğlərinin ödənilməsi üçün təzyiqlər etmişdir. Sonuncu dəfə 02 iyun 2021-ci il tarixdə direktor və müavini onu yanına dəvət edərək təkrarən pul məbləğlərinin ödənilməsi üçün təzyiq göstərərək təhqir etmişdir. Bundan sonra onun səhhətində yaranmış problemlərlə əlaqədar olaraq Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən X19 Stansiyasına müraciət etmiş, ona tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. 03 iyun 2021-ci il tarixdə üz nahiyəsində üçlük sinif diaqnozu olduğundan özünü çox pis hiss edərək işə gedə bilməmiş,lakin ailə üzvü (qardaşının yoldaşı) kollecə gedərək səhhətində yaranan problemlə bağlı işə gələ bilməməyi barədə X7 Komitəsinin sədri İsmayıl Feyzullayevə məlumat vermişdir. 03.06.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək evdə müalicə olunmuş, 10 iyun 2021-ci il tarixdən səhhəti daha da pisləşdiyindən Sumqayıt şəhəri, 1 nömrəli xəstəxanasına müraciət etmiş və ona ambulator müalicə təyin edilmiş və xəstəlik tarixçəsi açılmış, 22 iyun 2021-ci il tarixdə 23.06.2021-ci il tarixdən işə çıxmağı barədə xəstəlik vərəqəsi verilmişdir. 23 iyun 2021-ci il tarixdə işə qedərək davamiyyət jurnalına imza edərək işinə davam etmək istədikdə X7 Komitəsinin sədri ona öz xahişi ilə işdən azad olunmağıyla bağlı ərizə yazmağı tələb etmiş və o, işdən azad olunmaqla bağlı ərizə yazmaqdan imtina etmişdir. Kollecə təqdim etdiyi xəstəlik vərəqəsi isə direktor tərəfindən əsassız hesab edilərək qəbul olunmamışdır. Kollecin direktoru 24 iyun 2021-ci il tarixdə onu qəbul edərək 09 iyun 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyini bildirmiş və onu işə buraxmayaraq işdə olmağının əsassız olduğunu qeyd etmişdir. Lakin sonradan kadrlar üzrə mütəxəssis Samirə Əmirhəmzəyeva ona zəng edərək xəstəlik vərəqəsini təqdim etməyini istəmişdir. Lakin o, əmək müqaviləmə xitam verildiyinə görə hansı əsasla xəstəlik vərəqəsinin tələb olunduğunu soruşmuş və xəstəlik vərəqəsini təqdim etməmişdir. Sonradan müdriyyətin bildirdiyi kimi 09 iyun 2021-ci il tarixli əmrdən çıxarış 25 iyun 2021-ci il tarixdə ona təqdim olunmuşdur. İşəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmamış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasə xitam verilməsi barədə qərar qəbul etmişdir. Sumqayıt Dövlət Texniki Kollecinin rəhbərliyi onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən işlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilməməyini, qüsursuz iş fəaliyyətini nəzərə almamış, qərəzli olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Qeyd olunanlara əsasən Sumqayıt Dövlət Texniki Kollecinin 25.06.2021-ci il tarixli 38-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsinin xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan əlavə işəgötürənlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186,187-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qeyd olunan maddi hüquq normasından və şərhindən müəyyən olunur ki, işəgötürən işçiyə intizam tənbehi verməmişdən əvvəl izahat tələb etməli , işçi izahat verməkdən boyun qaçırdıqda bu barədə müvafiq akt tərtib olunmalıdır. Sumqayıt Dövlət Texniki Kollecinin mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verərkən həmin Məcəllənin 187.1-ci maddəsinin tələblərini pozaraq iddiaçıdan izahat almamış və ya bu barədə heç bir akt tərtib etməmişdir. Bundan əlavə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verərkən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi məsələsi X5 Komitəsi tərəfindən formal olaraq müzakirə edilmiş, iddiaçının Həmkarlar Təşkilatı Komitəsinin iclası barədə məlumatım olmamış, həmin iclasda iştirakım təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bir sözlə Sumqayıt Dövlət Texniki Kollecinin rəhbərliyi ididaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən iddiaçının işlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilməməyini, qüsursuz iş fəaliyyətini nəzərə almamış, qərəzli olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Qeyd olunanlara əsasən Sumqayıt Dövlət Texniki Kollecinin 25.06.2021-ci il tarixli 38-k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Sumqayıt Dövlət Texniki Kollecinin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddia ərizəsində göstərir ki, 19.10.2018-ci il tarixdə Kollecdə laborant vəzifəsinə keçirilmiş, 25.06.2021-ci ilədək həmin vəzifədə çalışmışdır. Halbuki, 03 iyun 2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək o, heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü ərzində işdə olmamış və işə gəlməməyinin səbəbi barədə müdiriyyətə məlumat verməmişdir. İddiaçı həmin tarixlərdə işdə üzürsüz səbəbdən iştirak etmədiyinə görə dərslərin və imtahanların distant keçirilməsi zamanı müəllim və tələbələrə lazımi köməklik göstərməmişdir. O, əyani vasitələrin nümayişini İKT vasitələrindən istifadə edərək nümayiş etdirməmiş, bu işləri onu əvəz edən tyutorlar yerinə yetirmişdir. Onun işə gəlməməsi nəticəsində işin, əmək və icra intizamını normal ahəngi pozulmuş, işə etinasız yanaşması kollektiv arasında xoşagəlməz mənəvipsixoloji iqlim yatarmışdır. İşə gəlmədiyi hər gün üçün tərtib olunmuş 5 ədəd aktın təsdiq olunmuş surəti etiraza əlavə olunur.09.06.2021-ci il tarixdə iddiaçı kollecin direktorunun qəbulunda olarkən işdə olmadığı günlərin səbəbini xəstə olması ilə izah edərək, ona yazılı izahatını təqdim etmişdir. Həmin izahatında göstərir ki, 02.06.2021-ci il tarixdə işin sonunda yaranmış söz-söhbətə görə səhhətində problem yarandığı üçün 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixidək işə gəlməmişdir. Buna görə kollecin direktoru ondan buraxdığı iş günləri üçün xəstəlik vərəqi təqdim etməsini tələb etmişdir. İşdə olmadığı günlər üçün xəstəlik vərəqini təqdim edəcəyini bildirərək çıxıb getmişdir. Bundan sonrakı günlər o, yenə də işə gəlməmişdir.23 iyun 2021-ci il tarixdə iddiaçı Kollecə gəlmiş, kadrlar üzrə mütəxəssis Samirə Əmirhəmzəyevaya xəstəliyi ilə əlaqədar işə gəlmədiyini, 10.06.2021-ci il tarixindən 22.06.2021-ci il tarixədək xəstəlik vərəqi açıldığını bildirmişdir.S. Əmirhəmzəyeva bundan əvvəl işdə olmadığı günlər üçün də xəstəlik vərəqini təqdim etməsini tələb etmiş, iddiaçı isə onun olmadığını söyləyərək çıxıb getmişdir. Samirə iddiaçı ilə aralarında olan söhbəti kollecin direktoruna bildirdikdən sonra dərhal Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdirinə zəng vurub iddiaçıya 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixidək xəstəlik vərəqi açılıb-açılmadığı barədə məlumat verməsini xahiş etmişdir. Sumqayıt 3 nömrəli şəhər poliklinikasının 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki, ona yalnız 10.06.2021-ci il tarixdən 22.06.2021-ci il tarixi daxil olmaqla “Arterial hipertenziya İİ mərhələ” diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi açılmışdır. Kollecin direktoru bu məsələnin tam araşdırıb ididaçının heç bir üzrlü səbəb olmadan 5 iş günü işdə olmadığını müəyyən etdikdən sonra, həmkarlar ittifaqının üzvü olduğu üçün, heç bir üzürlü səbəb olmadan 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixidək də daxil olmaqla işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) və 72-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması barədə müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə yazılı təqdimatla müraciət etmişdir. Həmin günü iddiaçı kollecin direktorunun qəbulunda olmuş və ona əmək müqaviləsini ləğv edilməsi barədə təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etdiyini bildirmişdir. İddiaçı direktorun kabinetindən çıxdıqdan sonra ümumi şöbədə Həmkarlar İttifaqının sədri İsmayıl müəllim, Rəyasət Heyətinin üzvləri Zəhra Osmanova, Nizami Abdullayev, Şəbinə Piriyeva, Samiddin Qasımov, Mədəd Həsənov və X13 İttifaqı Komitəsinə onu təqdimatın müzakirəsinə dəvət etmələrinə baxmayaraq, o iclasda iştirak etməkdən imtina etdiyini bildirərək, Kolleci tərk edərək çıxıb getmişdir. SDTK HİK Rəyasət Heyətinin 24 iyun 2021-ci il tarixli iclasının 38 saylı protokolunu aldıqdan sonra kollecin direktoru İddiaçı heç bir üzrlü səbəb olmadan 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 25 iyun 2021-ci il tarixli 38-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) və 72-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin preambulasında işdən azad olunmasına əsas kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması kimi qeyd olunmuşdur. Əmrdən açıq-aydın görünür ki, üzrsüz səbəbdən işə gəlməməsi əsasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) və 72-ci maddəsinin a) bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə əsaslandırılmış Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) maddəsinin bir hissəsi köçürülmüş,“yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” hissəsi mexaniki ötürülmüşdür. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) və 72-ci maddəsinin a) bəndi həmin əsasla əmək müqaviləsinə xitam verdiyi Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndidir. İddiaçı əsaslandığı Əmək Məcəlləsinin 70ci maddəsinin ç) bəndində göstərilən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə “ hissəsini yanlış olaraq əmək müqaviləsinin ləğv edilməsi əsası hesab etmişdir. Göründüyü kimi iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozulması ilə nəticələnməsi əmrdə qeyd olunmamış, onun bu subyektiv mülahizəsi əmək müqaviləsinin ləğv edilməsi barədə 25.06.2021-ci il tarixli əmrlə və bu əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərlə təkzib olunur.İddiaçı ərizəsində daha sonra göstərir ki, işəgötürən intizam tənbehi verərkən ondan yazılı izahat verilməsini tələb etmədən əmək müqaviləsini ləğv etməklə intizam tənbehinin verilməsi qaydaları barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuşdur. Halbuki iddiaçı 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək işə gəlməməsinin səbəbi barədə 09.06.2021-ci il tarixdə izahat vermişdir. Həmkarlar ittifaqı komitəsinin iclasının vaxtı ona bildirilməmiş, əmək müqaviləsinin ləğv edilməsi məsələsi X7 Komitəsi tərəfindən onun iştirakı olmadan formal müzakirə edilmişdir. Lakin iddiaçı özü ərizəsində 24.06.2021-ci il tarixdə Kollecdə olduğunu təsdiq etmiş, həmin vaxt katibənin iş otağında HİK-nin sədri və Rəyasət Heyətinin digər üzvləri onu iclasa dəvət etmiş, o, isə iclasda iştirak etməkdən qəti olaraq imtina etmişdir. İddiçının HİK-nin iclasında iştirak etməkdən imtina etməsi barədə tərtib olunmuş aktı mövcuddur. Göründüyü kimi HİK-nin iclasının vaxtı barədə ona məlumat verilməməsi haqqında dəlili həqiqətə uyğun deyil. İşəgötürən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verərkən onun işlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilmədiyini, qüsursuz fəaliyyətini nəzərə almamış, qərəzli olaraq əmək müqaviləsini yuxarıda qeyd olunan əsasla ləğv etmişdir. Halbuki, iddiaçı bundan əvvəl də heç bir üzrlü səbəb olmadan 15.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixidək işə gəlməmişdir. Bu barədə onun 06.04.2021-ci il tarixli izahatı alınaraq ona həmin tarixdə 24-k nömrəli əmrlə Kollecin intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət verilmişdir. Ona qarşı qərəzli olunsa həmin vaxt əmək müqaviləsini ləğv edilərdi.02 iyun 2021-ci il tarixdə direktor və müavini onu yanına dəvət edərək, kollecdə şöbə müdiri vəzifəsində işləyən Sevda Musayevanın borcunu qaytarmağı tələb edərək ona təzyiq göstərərək təhqir etmişlər. Bundan sonra səhhətində yaranmış problemlə əlaqədar Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən X19 stansiyasına müraciət etmiş, tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. 03 iyun 2021-ci il tarixdə üz nahiyyəsində üçlük sinir ağrıları olduğundan işə gedə bilməmiş, 10.03.2021-ci il tarixədək evdə müalicə olunmuşdur. 10.06.2021-ci il tarixdən səhhəti daha pisləşdiyindən Sumqayıt şəhəri 1 nömrəli xəstəxanaya müraciət etmiş, ambulator müalicə təyin edilmiş, 22.06.2021-ci il tarixədək xəstəlik tarixçəsi açılmışdır. İddiaçı üçlük sinir diaqnozu ilə müalicə olunduğunu göstərsə də, xəstəxananın məktubundan görünür ki, “Arterial hipertenziya İİ mərhələ” diaqnozundan müalicə almışdır. Digər tərəfdən 09.06.2021-ci il tarixdə Kollecdə direktorun qəbulunda olmuş, direktordan başqa kadrlar üzrə mütəxəssis S.Əmirhəmzəyeva və Kollecin digər əməkdaşları da onu görmüşlər. Həmin vaxt onun səhhətində heç bir problem müşahidə olunmamışdır. Kolecin direktoruna və Samirəyə işə çıxmaq məqsədi ilə gəldiyini bildirmişdir. İşə gəlmədiyi əvvəlki günlər üçün xəstəlik vərəqi tələb etdiyi üçün poliklinikaya müraciət etməyə məcbur olmuşdur. Lakin, poliklinikadan keçmiş dövr üçün ona xəstəlik vərəqi verilməmişdir. İddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirdi ki, 1998-ci ildən Sumqayıt Dövlət Texniki Kollecində fəaliyyət göstərir. İddiaçı son axırıncı ildə tez tez iş buraxma hallarına yol vermişdir. 15.03.2021-ci ildən 19.03.2021-ci ilədək, 03.06.2021-ci ildən 09.06.2021-ci ildədək iddiaçı ilə əlaqə yarada bilməmişlər və bu halı aktlaşdırmışlar. İddiaçının sonuncu dəfə 02.06.2021-c ildə görmüş, 09.06.2021-ci ildə onunla əlaqə saxlayaraq işə gəlməməyinin aktlaşdırılması bildirilmiş, 09.06.2021-ci ildə işə gəlmiş, lakin o, görməmişdir.24.06.2021-ci ildə həmkarlar ittifaqının iclasına gəlmək iddiaçıya təklif olunmuşdur, lakin o, gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirdi ki, 2000-ci ildən Sumqayıt Dövlət Texniki Kollecində fəaliyyət göstərir. Əvvəl kollecdə müəllim, sonra mühasib, daha sonra tərbiyə işləri üzrə direktor müavini olmuşdur.Təxminən 10 ildən çoxdur ki, iddiaçı kollecdə laborant işləyir. İddiaçının son ildə iş buraxma halları olub , hətta mart-aprel ayında iş buraxdığı üçün ona töhmət də verilmişdir. İddiaçı 03.06.2021-ci ildən 09.06.2021-ci ildədək işə gəlməyib və bununla bağlı aktların tərtibində iştirak etmişdir. İddiaçının atası xəstə olub və hər zaman ona icazə verilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, 1980-ci ildən təhsil sahəsindədir, Sumqayıt Dövlət Texniki Kollecində 2000-ci ildən 2021-ci ilin iyulun 4-nə qədər fəaliyyət göstərmişdir. İddiaçı işə buraxma hallarına yol vermişdir. İyun ayına işə gəlməmiş və bununla bağlı həmkarlar ittifaqı toplaşmışdır. Bu barədə iddiaçıya direktorun otağından çıxan zaman məlumat verilmiş, lakin o, iclasa gəlməkdən imtina etmişdir. Bu zaman İsmayıl, Əsəd və Zəhra orada idi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 oğlu bildirdi ki, 2004-cü ildən Sumqayıt Dövlət Texniki Kollecində fəaliyyət göstərir. Məhsəti 10 ildən çoxdur ki, həmin kollecdə fəaliyyət göstərir.İddiaçı son 6 ay ərzində iş buraxma hallarına yol vermişdir.İddiaçı nə zaman icazə istəmiş, hər zaman icazə verilmişdir. Aprel-mart ayında 4 gün gəlməmişdir. İdidaçı özbaşına işə gəlmədiyi hallar olub və ona zəng edilsədə telefonu açmamışdır.İşə gəlmədiyi üçün akt tərtib olunmuşdur. İdidaçı 24.06.2021-ci ildə kollecə gəlmiş və ona həmkarlar ittifaqqının iclası barədə məlumat verilmişdir. Lakin o, iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçı imtina edən zaman o, orada olmuşdur. İş materiallarında olan: - Odlar Yurdu Universitetinin verdiyi B073219 nömrəli diplomdan görünür ki, İddiaçı həmin universitetdə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. - Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının erdiyi YB015461 nömrəli diplomdan görünür ki, İddiaçı həmin universitetdə psixologiya ixtisası üzrə bakalavr təhsili almışdır. - İddiaçı 06.04.2021-ci il tarixli izahatından görünür ki , 15.03.2021-ci il tarixindən 19.03.2021-ci il tarixinədək atasının vəziyyəti ilə əlaqədar olaraq işə gəlməmişdir. -Sumqayıt Dövlət Texniki Kollecinin 24-k nömrəli 06.04.2021-ci il tarixli əmrdən çıxarışından görünür ki, İddiaçı-laboranta kollecin intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. -06.04.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı 06.04.2021-ci il tarixli intizam tənbehi ilə bağlı töhmət əmri ilə tanış olmuş və onun surətini qəbul etməkdən imtina etmişdir. -03.06.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 03.06.2021-ci il tarixdə tam iş günü ərizndə işə gəlməmişdir. -04.06.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 04.06.2021-ci il tarixdə tam iş günü ərizndə işə gəlməmişdir. -07.06.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı işəgötürənn heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 07.06.2021-ci il tarixdə tam iş günü ərizndə işə gəlməmişdir. -08.06.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 08.06.2021-ci il tarixdə tam iş günü ərizndə işə gəlməmişdir. -09.06.2021-ci il tarixli aktdan görünür ki, kollecin laborantı -İddiaçı 09.06.2021-ci il tarixdə kollecə gəlmiş və saat 11.00-da kollecdən getmişdir. - İddiaçı 09.06.2021-ci il tarixli izahatından görünür ki 03.06.2021-ci ildən 09.06.2021-ci ilədək işə gəlməmişdir. Çünki 02.06.2021-ci il tarixində işin sonunda yaranmış söz söhbətə görə bərk sinir keçirtmiş və bu səbəbdən səhhətində problem olduğu üçün göstərilən tarixlərdə iş gələ bilməmişdir. -Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevanın həmin X7 Komitəsinin sədri İsmayıl Feyzullayevə ünvanladığı 24.06.2021-ci il tarixli təqdimatdan görünür ki , kollecdə laborant işləyən İddiaçı 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək üzrsüz səbəbdən işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. -24.06.2021-ci il tarixli aktdan görünür ki, direktorun qəbulundan çıxan zaman Ümumi şöbə otağında kollecin laborantı -İddiaçı 03 iyun 2021-ciil tarixindən 09.06.2021-ci il tarixinədək üzrsüz səbəbdən işə gəlməyərək əmək intizam qaydalarını və əmək müqaviləsinin şərtlərini kobudcasına pozması ilə əlaqədar işəgötürənin müraciəti əsasında HİK Rəyasət Heyətinin 24 iyun 2021-ci il tarixli iclasına dəvət olunsa da iclasa gəlməkdən imtina etmişdir. - Sumqayıt Dövlət Texniki X8 Komitəsinin Rəyasət Heyətinin İclasının 38 nömrəli 24 iyun 2021-ci il tarixli protokolundan görünür ki, kollecdə laborant işləyən İddiaçı 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək üzrsüz səbəbdən işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. -Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli Şəhər Poliklinikasının 314 nömrəli 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki,Sumqayıt şəhəri, məhəllə 41 A, ev 5V, mənzil 20-də qeydiyyatda olan, 23.10.1982-ci il təvəllüdlü, Sumqayıt Dövlət Texniki Kollecin işçisi, İddiaçı sahə həkimi Abdullayeva Xatirə tərəfindən 10.06.2021-ci il tarixindən 22.06.2021-ci il tarixinədək “Arterial hipertenziya İİ mərhələ” diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi açılmışdır. Məlum olmuşdur ki, xəstə iş yerində rəhbərlik ilə mübahisə yaşamışdır və buna görə də özünə xəbər verilərək əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi 22.06.2021-ci il tarixində bağlanmışdır. -Sumqayıt Dövlət Texniki Kollecinin 38-k nömrəli 25.06.2021-ci il tarixli əmrdən çıxarışından görünür ki, İddiaçı - laborant, 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək üzürsüz səbəbdən işə gəlmədiyinə görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, həmçinin ƏM-nin 72-ci maddəsinin a) bəndinə əsaslanaraq 25.06.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi illik əmək məzuniyyəti 22 (iyirmi iki) təqvim gününə görə pul əvəzi ödənilməsi, mühasibatlıq onunla yekun hesablaşma aparması (hesablaşma iş günü 03.06.2021-ci il tarixinədək aparılması) əmr edilmişdir -Sumqayıt Tibb Mərkəzi X17 221 nömrəli 26 iyul 2021-ci il tarixli məktubundan görünür ki, TTYS-dən verilən məlumata əsasən 03.06.2021-ci il tarixdə İddiaçı adına çağırış daxil olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı - laborant, 03.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək üzürsüz səbəbdən işə gəlmədiyinə görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, həmçinin ƏM-nin 72-ci maddəsinin a) bəndinə əsaslanaraq 25.06.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd olunan hüquq normalarına istinad etməklə, iddia tələbinin hüquqi əsasını təşkil edən əsasların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığını, yəni İddiaçı il ərzində (06.04.2021-ci il tarixli əmrdən çıxarışa əsasən töhmət verilməsi) töhmət verilməsinə baxmayaraq, işlədiyi müəssisədə iş fəaliyyəti mühüm əhəmiyyət kəsb etməsinə təhsillə bağlı olmasına baxmayaraq, yenidən üzrlü səbəb olmadan 03.06.2021-ci ildən 09.06.2021-ci ilədək işə gəlməmiş, işə gəlməməyinin səbəbinin üzrlü olması barədə sübutları, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz və ona əlavə olunmuş sübutların təqzibi ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Bütün bunlar məhkəmə tərəfindən iddia tələbinin təmin olunmaması qənaətinə gəlməyə əsas verir. Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən müəyyən olunur ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında həmçinin müəyyən olunur ki, Mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (Mülki Prosessual Məcəllənin 167-ci maddəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq işdən çıxarılması sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh Sumqayıt Dövlət Texniki Kollecinə qarşı Sumqayıt Dövlət Texniki Kollecinin 25.06.2021-ci il tarixli 38-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar