Məhkəmə qərarları › İş №e-2(060)-6282/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6282/2024

17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6282/2024 17.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt 1 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü il tarixdə vəfat etmiş atası Hüseynov Rafiq Vəli oğlundan miras qalmış (xx.xx.1998-ci ildə vəfat etmiş atası-Hüseynov Vəli Vahab oğlundan qəbul etdiyi) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0646 ha torpaq sahəsinə iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməsi və buraxılmış prsesual müddətin bərbası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il də ölmüş Hüseynov Rafiq Vəli oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzürlü hesab edilməsini və bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Onun atası Hüseynov Rafiq Vəli oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra iddiaçı çox pis olmuş və bir müddət özünə gələ bilməmişdir. Buna görə də vərəsəlik işləri ilə bağlı özü maraqlana bilməmiş, atasının digər vərəsələrinə bibisi X3 və əmisi X4 bu məsələ ilə bağlı hər hansısa bir hərəkət etmək lazım olduğunda iddiaçıya məlumat vermələrini bildirmişdir. Onlar da iddiaçıya bu məsələdə tam arxayın olmasını söyləmişdirlər. İddiaçının atası Hüseynov Rafiq Vəli oğlu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0,0646 ha torpaq sahəsini xx.xx.1998-ci ildə vəfat etmiş Hüseynov Vəli Vahab oğlundan miras kimi qəbul etmişdir. Bu səbəblə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0646 ha torpaq sahəsi Hüseynov Rafiq Vəli oğlunun mülkiyyətində olmuşdur. Bu ev həmçinin iddiaçının da istifadə olmuşdur. İddiaçı sözügedən əmlakla bağlı yaranan vərəsəlik münasibətlərində əmisi və bibisinə güvənərək iddiaçını xəbər etmələrini gözləmişdir. Onlar da iddiaçıya notariat ofisiniə getdikləri təqdirdə ona məlumat verəcəklərini bildirmişdirlər. Lakin iddiaçıya heç bir məlumat verilməmiş və ona heç nə demədən bibisi X3 və əmisi X5 vərəsəlik hüququ haqqında şəhadətnamə almaları üçün müraciət etmişdirlər. İddiaçı isə bunu uzun zaman sonra öyrənmişdir. O, son günlərdə bibisi və əmisinin çox əvvəldən vərəsəlik şəhadətnaməsi aldığını öyrənmişdir. Buna görə də həmin gün Sumqayıt Şəhər 1 Saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçının bu müraciətinə cavab olaraq Sumqayıt Şəhər 1 Saylı Notariat Ofisinin 1423 nömrəli, 30 iyun 2024-cü il tarixli cavabı verilmişdir. Bu cavabda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli, 81-4621 reyestr nömrəli ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Hüseynov Rafiq Vəli oğlundan miras qalmış (xx.xx.1998-ci ildə vəfat etmiş Hüseynov Vəli Vahab oğlundan qəbul etdiyi) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0646 ha torpaq sahəsinə dair Sumqayıt şəhəri 3 saylı notariat ofisində X1 xx.xx.2022-ci il tarixdə 2V-372 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmçinin Sumqayıt şəhəri 3 saylı notariat ofisində X4 xx.xx.2022-ci il tarixdə 2V-310 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəblərdən iddiaçıya bu cavabla Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göründüyü kimi digər vərəsələr iddiaçıdan xəbərsiz olaraq şəhadətnamə almaq üçün müraciət etmişlər. Lakin iddiaçıya bu məsələ ilə bağlı heç bir məlumat verilməmişdir. Buna görə də iddiaçı bu məsələlərdən xəbərsiz olmuşdur. Həmçinin iddiaçıya verilmiş imtina cavabında bəzi texniki yanlışlıqlar da vardır. Cavabdan görünür ki digər vərəsələrin şəhadətnamə alma tarixləri atasının vəfat tarixindən daha əvvəlki tarixdə qeyd edilmişdir.. Lakin bu faktiki olaraq mümkün olmayan bir məsələdir. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız şəxsin ölümündən sonra verilir. Buna görə də maraqlı şəxs Sumqayıt Şəhər 1 Saylı Notariat Ofisi tərəfindən iddiaçıya verilmiş imtina cavabında qeyd edilmiş məlumatlarda yanlışlıq vardır. İddiaçının digər vərəsələrin həqiqətən nə zaman vərəsəlik hüququ haqqında şəhadətnamə almaları barədə məlumatı yoxdur. Çünki bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Sumqayıt Şəhər 1 Saylı Notariat Ofisi tərəfindən verilmiş cavabda isə bu tarixlər yanlış qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilininin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZ-İİ 385142 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Rafiq Vəli oğlu xx.xx.2023-cü ildə lokalizasiyaların bədxassəli yeni törəməsi xəstəliyi ilə əlaqədar ölmüşdür. - XV-ЖГ 254826 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Hüseynov Rafiq Vəli oğludur. - Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 1423 saylı iddiaçıya ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Hüseynov Rafiq Vəli oğlundan miras qalmış (xx.xx.1998-ci ildə vəfat etmiş Hüseynov Vəli Vahab oğlundan qəbul etdiyi) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0646 ha torpaq sahəsinə dair Sumqayıt şəhəri 3 saylı notariat ofisində X1 xx.xx.2022-ci il tarixdə 2V-372 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmçinin Sumqayıt şəhəri 3 saylı notariat ofisində X4 xx.xx.2022-ci il tarixdə 2V-310 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəblərdən iddiaçıya bu cavabla Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə atası Hüseynov Rafiq Vəli oğlundan miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmiş, iddiaçıya Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həsənsoy X2 Rafiq Vəli oğlunun qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı Hüseynov Rafiq Vəli oğlunun qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il də ölmüş Hüseynov Rafiq Vəli oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar