Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6383/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 599.97 ABŞ dolları əsas və 518 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1117.97 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 39.01 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və əlavə araşdırmanın aparılması, həmçinin tərəfləri çağıraraq izahatların alınması zəruridir. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kompleks bank xidməti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə debet (VİSA Electron) kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********538655001 saylı kart hesabına 2019-cu ilin may ayı tarixində ATM “Head Office 3-də” CASH-in əməliyyatı zamanı ATM-də yaranan texniki xəta səbəbindən mədaxil edilən 251 USD vəsait kart balansında 2510 USD kimi əks olunub. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq artıq vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan artıq göstərilən vəsaitdən cavabdeh tərəfindən 599.97 USD məbləğində vəsait istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin vəsaitin cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda banka 599.97 ABŞ dolları məbləğində əsas, 518 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 1117.97 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kompleks bank xidməti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə debet (VİSA Electron) kart verilmişdir. - Həmin müqavilənin 2.24-cü bəndindən görünür ki, Texniki overdraft – ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. - Həmin müqavilənin 3.4.5-ci bəndindən görünür ki, müştəri yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarır. - İddiaçının cavabdehin ünvanına göndərilən xx.xx.2022-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, cavabdehə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 599.97 ABŞ dolları əsas və 518 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1117.97 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kompleks bank xidməti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə debet (VİSA Electron) kart verilmişdir. Səhvən texniki xəta səbəbindən mədaxil edilən 251 USD vəsait əvəzinə kart balansına 2510 USD köçürülmüşdür. Öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin 599.97 ABŞ dolları əsas borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın maddi hüquqi əsası texniki overdraft nəticəsində deyil, əsassız varlanma əsasında yaranmış borcun tələb olunmasıdır. Belə ki, cavabdehin borcu ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi ilə əlaqədar deyil, hesabına iddiaçı tərəfindən səhvən artıq köçürülmüş vəsaitin bir qisminin xərclənməsi və ya nağdlaşdırılması nəticəsində yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak, yəni 599.97 ABŞ dolları əldə etmişdir. Cavabdehin varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs – cavabdeh əldə etdiklərini məhrum olana – iddiaçıya qaytarmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə, texniki overdrafta görə 518 ABŞ dolları həcmində faiz borcu hesablanmasını əsaslı saymır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 30.20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 599.97 ABŞ dolları əsas borc və ödənilmiş 30.20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 599.97 ABŞ dolları borc və ödənilmiş 30.20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-6383/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6383/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver