Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6402/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, cavabdehin və onunla birgə himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 qeyd olunan ünvandakı yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X9 1-ci Qarabağ müharibəsi zamanı ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bununla əlaqədar 2005-ci ilin avqust ayında şəxsən cənab X12 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 16, 23 saylı mənzil şəhid ailəsi olaraq ona təqdim edilmişdir. Həmin vaxtdan da mərhum həyat yoldaşı ilə birgə nikahdan olan övladı X6 ilə birlikdə qeyd olunan ünvanda yaşamağa başlamışdır. 2014-cü ildə oğlu X7 cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra ona məxsus qeyd olunan ünvana gəlin köçərək orada yaşamağa başladılar. Artıq xeyli müddətdir ki, cavabdehlə oğlu arasındakı ailə münasibərtləri gərginləşmiş və onların nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Buna baxmayaraq cavabdeh hal-hazıra kimi ona məxsus mənzildə yaşayır və bu hal onu və oğlunu ciddi narahat edir. Belə ki, cavabdehlə oğlu arasındakı münasibətlər həddindən artıq kəskinləşmişdir. Hətta cavabdehin yalan və əsassız məlumatları əsasında Sumqayıt şəhər məhkməsinin qərarı ilə oğlu barəsində inzibati həbs tətbiq edilmiş. Cavabdeh ona və övladına qarşı münaqişəyə təhrikedici hərəkətlərə davam etməkdədir. Hazırda özünü və oğlu Sahili cavabdehlə münaqişədən qorumaq üçün öz evindən didərgin düşüb müxtəlif qohumların evində gecələməli olura. Hesab edir ki, bu hal daha da çox davam edə bilməz. Cavabdehdən artıq keçmiş ailə üzü olduğunu və mənzilini tərk etməsini dəfələrlə tələb etsə də, o, mənzilini tərk etməkdən boyun qaçırdır. Bu hal da xüsusi mülkiyyətimdən sərbəst istifadə hüququnu məhdudlaşdırır. Hesab edir ki, hazırki məsələyə xx.xx.2009-cü il tarixdən qüvvədə olan Azərbaycan Respubliasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və o, həmin yaşayış sahəsindən çıxarılmalıdır. İddia tələbinə cavabdehin etirazı:
3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, X3 ona qarşı "Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi əsassız, qanunsuz və ədalətsiz olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı "Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 47-ci məhəllə, 16 saylı evin 23-cü mənzilinə olan istifadə hüququna xitam verilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaqları barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini aşağıdakı əsaslara görə qanunsuz, əsassız hesab edir və etirazını bildirir. Belə ki, iddiaçının oğlu X6 ilə xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Valideynlərinin ona cehiz şəklində verdikləri əmlakları mənzilin hər iki otağına yerləşdirmişdirlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017- ci il təvəllüdlü X2 adlı iki uşaqları anadan olmuşdur. Mübahisəli mənzil Sumqayıt şəhəri, 47-ci məhəllə, 16 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən iki otaqlı 23-cü mənzildən ibarətdir. Mənzil 74 saylı, xx.xx.2005-ci il tarixli orderlə dövlət mənzil fonduna aid olmuş və onların -- mənzildə qeydiyyatda olub yaşayan şəxslərin razılıq ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, 142301 1692 qeydiyyat nömrəli çıxarış verilmişdir. Sumqayıt şəhər məhkəməsinin e- 2(060)-2520/2025 saylı, xx.xx.2025-ci i! tarixli qətnaməsi ilə iddiaçı X6 ilə xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhər Nikah evində aralarında bağlanmış (qeydiyyat nömrəsi 162) rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Hazırda İddiaçı məhkəmədə ona qarşı "Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia qaldırmış və onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılmağını tələb edir. Qanunverici yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən, bu prosedurun həyata keçirilməsi üçün belə bir şərt irəli sürmüşdür ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış tələblərinə mütənasib olmalı, istiladəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Kompensasiya məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetəri illik baxımından müəyyən edilməlidir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2014-cü ildə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamışdır. Hazırda da azyaşlı övladları ilə həmin mənzildə yaşayır. Yaşamaq üçün başqa yeri yoxdur.
Tədqiq olunan sübutlar:
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, 23 saylı mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2520/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında 22 iyun 2014-cü il tarixində bağlanmış və Sumqayıt şəhər Nikah evi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
10. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hal-hazırda Sumqayıt şəhəri, 47ci məhəllə, ev 16, 23 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan sənəd Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli order olmuşdur. Yəni həmin ev sözügedən order əsasında iddiaçının istifadəsində olmuş, daha sonra İddiaçı mülkiyyətinə keçmişdir.
14. Hazırda İddiaçı ona məxsus mənzildə yaşayan Cavabdeh sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və iki azyaşlı övladları ilə birlikdə həmin mənzildən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir.
16. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir.
17. İş materiallarından görünür ki, iddiaçının oğlu ilə cavabdeh arasında 22 iyun 2014-cü il tarixdə nikah bağlanmışdır. Beləliklə tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2009-cu ildən sonra yaranmışdır.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı münasibətlərin 2014-cü ildə yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin normanın 1-ci bəndinə əsasən maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Hazırki halda cavabdehin iddiaçının ailə üzvü olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun Sumqayıt şəhəri, məhəllə 47, ev 16, 23 saylı mənzilə istifadə hüququna xitam verilməlidir.
19. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
20. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir.
21. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.
22. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
23. Beləliklə məhkəmə iddiaçının mübahisəli mənzilə dair qüvvədə olan çıxarışının mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onunla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. Cavabdehin hazırda iddiaçıya məxsus mənzildən istifadə etməsi iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur.
24. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin mübahisəli mənzildə məskunlaşmalası həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur.
25. Məhkəmə iddiaçının nəvələri X5 və X1 mənzildən çıxarılmasına dair tələbinə münasibətdə qeyd edir ki, yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsində qeyd edilmiş barışıq sazişi ilə yetkinlik yaşına çatmayan uşaqların cavabdehin himayəsində qalması qət edildiyindən və iddia Cavabdeh mənzildən çıxarılması hissəsində təmin edildiyindən iddia həmin hissədə də təmin edilməlidir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 47, ev 16, 23 saylı mənzilə istifadə hüququna xitam verilməli, Cavabdeh övladları - xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16-da yerləşən 23 saylı mənzildən çıxarılmalıdır.
Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, məhəllə 47, ev 16, 23 saylı mənzilə istifadə hüququna xitam verilsin. Cavabdeh övladları - xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16-da yerləşən 23 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva