Məhkəmə qərarları › İş №e-2(060)-6523/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6523/2023

06.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6523/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Cavabdeh bir müddətdir ki, özünə məxsus mənzilə əmlakları ilə birlikdə həmin evə gəlmiş və orada məskunlaşmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Aysel iddiaçının oğlu X19 oğlu ilə 2006-cı il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə 9 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Həmin müddətdə həmin evdə bərabər yaşamışlar. 2011-2012-ci il tarixlər arasında ər-arvad həmin mənzildən çıxıb gedərək kirayə yaşamışlar. Bundan başqa hal-hazırda mübahisəli ev iddiaçıya məxsus olsa da, yarımtikili olduğundan bostan kimi istifadə olunmuşdur. Bir müddət sonra, İddiaçı həyat yoldaşı möhkəm xəstə olduğundan, xəstəliyi ilə əlaqədar ayrı yaşamasına zərurət yarandığından iddiaçı həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində tikili tikərək həmin evə köçmüşlər. İddiaçının yoldaşının ağciyərində mikrob var, daima həkim nəzarətində və müayinəsindədir. Bundan başqa, asma-bronxit xəstəliyindən də əziyyət çəkir. İddiaçı əri ilə bərabər həyət evinə köçdükdən sonra iddiaçını digər oğlu evlənərək 48-ci məhəllədə yerləşən mənzildə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, cavabdehlə Rzayev Raminin nikahları 2015-ci il tarixdə pozulmuşdur. Ailə münasibətlərinə son qoyulmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq mübahisəli evə məskunlaşmışdır. Rzayev Rafiq xəstə olduğundan ona daima sakitçilik lazımdır, bu səbəbdən onlar digər oğlanları ilə belə qalmır. Yaşadıqları ev yaşayış üçün o qədər də əlverişli olmasa da, yoldaşının sağlamlığına görə orada yaşamalı olublar. Bütün bunlara baxmayaraq, cavabdeh evdən çıxmır, əksinə səbəbsiz və qərəzli şəkildə münaqişə yaradır. Belə ki, iddiaçı cavabdehdən evdən çıxmasını tələb etsə də, lakin bunun heç bir nəticəsi olmamışdır. Bununla bağlı aralarında baş verən son münaqişə zamanı adiyyatı üzrə polis bölməsinə şikayət ərizəsi ilə müraciət də etmişdir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyil, mübahisəli evə köçərkən belə oğlu ilə aralarındakı nikah pozulmuş, ailə münasibətləri kəsilmişdir. O, evə köçdüyü vaxtdan etibarən iddiaçı özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Bundan başqa, cavabdehin iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur, orda yaşamaq üçün heç bir hüququ yoxdur. Həmin evə dair kommunal xidmətlərə dair lazımi müqavilələr iddiaçının adına rəsmiləşdirilmiş, "xxxx" ASC tərəfindən verilmiş **********001, ”Azərişıq” İB tərəfindən verilmiş **********00607 nömrəli abunə kodları iddiaçının adına qeydiyyata alınmış və aylıq ödənişlər də iddiaçı tərəfindən ödənilir. Həmçinin 29031xxxxxxx nömrəli vergi ödəyicisi kodu iddiaçının adınadır, qanun üzrə əmlak və torpaq vergisi X4 tərəfindən ödənilir. Cavabdehin orada qanunsuz məskunlaşması iddiaçının hüquqlarını pozur. Göstərilənlərə əsasən Cavabdeh iki azyaşlı övladları xx.xx.2007-ci iltəvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə iddiaçıya məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 30 ildən çoxdur ki, Güləsər xanımı tanıyır. Mübahisəli ev Güləsər xanımındır. Keçmiş gəlini Aysel uşaqları ilə birlikdə orada yaşayır. Bütün sənədlər Güləsər xanımın adınadır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, həmin evdə usta kimi işləmişdir. Evin başlanğıcını o qoymuşdur. Aysel xanımı və ailəsini də tanıyır, lakin onlar evin tikintisində iştirak etməmişlər. Həmçinin usta olmaqla bərabər, Güləsər xanımın kürəkənidir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Ayselin qardaşıdır. Evin tikintisində onlar iştirak etmişlər. Bundan əlavə qeyd edir ki, o gələn zaman evin içinin təmiri qalmışdır. O da evin içini təmir etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Ayselin atasıdır. Evin tikintisində o da iştirak etmişdir. Tərəflərin ayrılmalarını o da istəmirdi. Sentyabr ayının əvvəli Güləsər xanım zəng edərək, gəlməyini xahiş etmiş, gələrkən qarşılaşdığı mənzərə bundan ibarət olmuşdur ki, qızının əşyaları evdən çölə atılmışdır. Bundan əlavə, tikinti o gəlməzdən əvvəl başlamışdı, təxmini ev 3-4 daş kimi qalxmışdır. O, evin tikintisinə davam etmiş, lakin taxta işlərini oğlu həll etmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 1952 nömrəli arayışından görünür ki, Cavabdeh 2017-ci il tarixdən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə həyət evi 26-da qeydiyyatsız olaraq yaşayır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 73 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi 5-ci məhəllə həyət evində qeydiyyatsız olaraq yaşayır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, 11 iyul 2006-cı il tarixdən İddiaçı, X6, X10, X11, X12, X13, Cavabdeh, X9, X7, Rzayev Rafiq Rasim oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar.

13. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 19 mart 2015-ci il tarixdə verilmiş, AZ-İ № 212164 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 oğlu ilə Cavabdeh 19 mart 2015-ci il tarixdə nikahlarını pozmuşlar. Nikah pozulduqdan sonra qadına Rzayeva soyadı verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, göründüyü kimi tərəflər – gəlin və qaynanadır. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi əmlak- Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

16. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

20. Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

21. Məhkəmə qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur.

22. İddiaçı mübahisəli evdə yaşayır və onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehin övladları ilə birlikdə həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

23. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

24. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddiası rədd edilməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar