Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6634/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iş üzrə (açar sözlər: məzildən çıxarılma və mənzilə köçürülmə) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 heç bir hüquqi əsas olmadan zəbt edərək yaşadıqları onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvan: AZ 5011, ünvan 2də çıxarılmaları, onun ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan həmin mənzilə köçürülməyi, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən Sumqayıt şəhəri 22a saylı məhəllədə yerləşən 2 saylı yataqxananın 18 saylı otağında ailə üzvləri ilə birlikdə çətin şəraitdə yaşayır. Yaşayış şəraitinin ağır olması nəzərə alınaraq ona Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzil (yeni qaydalarla ünvan: AZ 5011, ünvan 3üşə zavodu tərəfindən Sumqayıt şəhər İHB-nən 682 saylı, xx.xx.1996-cı il tarixli qərarı ilə arvadı və üç uşağı ilə birlikdə yaşamaq üçün order əsasında verilmişdir. Sonradan həmin mənzil özəlləşdirilərək DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmış və hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 heç bir hüquqi əsas olmadan onun xüsusi mülkiyyətində olan mənzilini zəbt edərək orada yaşayır və dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, onun mənzilindən çıxmır, özünə qaytarmaqdan imtina edirlər. O isə 30 ildən artıq bir müddətdir ki öz mənzili olduğu halda yataqxanada bir otaqda yaşamalı olmuşdur. Artıq tab gətirə bilmir, övladları böyümüş, evlənmiş və nəvələri var. Yaşayış şəraitləri acınacaqlı vəziyyətdədir.
b) iddiaya etiraz
3. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, evdə yaşayan şəxslər barəsində məhkəməyə arayış təqdim edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırda mübahisəli evdə iki ailə yaşayır. Onların da yaşamaq üçün başqa yerləri yoxdur. Ona görə də həmin evdə yaşamağa məcburdurlar. Onlar evlə təmin olunub, öz rayonlarına köçdükdə evi təhvil verəcəklər.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, 1993-cü ildə Qubadlı rayonunun işğalı nəticəsində ailə üzvləri mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşmışlar. MM-nin 553-cü maddəsinə əsasən bu, zərurət halında yerləşmə hesab olunur. Eyni zamanda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4 və 5-ci maddələrinə əsasən, həmin şəxslər mənzillə təmin olunanadək yaşayış sahəsindən çıxarıla bilməzlər. Bundan başqa iddiaçının mülkiyyət hüququ olsa da, həmin mülkiyyət hüququndan digər şəxslərin mənafeyinə zidd olaraq istifadə edilə bilməz. İddia ərizəsində “heç bir hüquqi əsas olmadan” ifadəsi işlənilsə də, qeyd edir ki, bu hamıya məlum olan haldır. Yəni İ Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkünlər müxtəlif ərazilərdə məskunlaşmışlar. Hazırda həmin evdən çıxmağa razı deyillər. Belə ki, yaşayış üçün başqa evləri yoxdur. Mənzillə təmin oluncaqları halda həmin evdən çıxa bilərlər. İddia ərizəsində onlardan 400 manat pul da tələb edilir ki, həmin məbləği ödəmək onların imkanı xaricindədir. Belə ki, onun da, anasının da adına kredit öhdəliyi vardır. Adına sadəcə maşın var ki, həmin maşını da lizinqlə almış, aylıq 550 manat ödəniş edir. Vətən müharibəsi veteranı kimi məhkəmədən onların işinə ciddi yanaşılmasını və qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (xəbərnaməyə imza etməklə) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzilində qeydiyyatdadır.
9. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin 647 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzilində məskunlaşmışlar.
10. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə Sektorunun 153 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qubadlı rayonu, Dəmirçilər kəndindən olan məcburi köçkün Cavabdeh1 və Cavabdeh3 1993-cü ildə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə Sektorunda 2562 saylı karta əsasən qeydiyyata alınmışlar. İlkin olaraq, Sumqayıt şəhəri, Şəfa sanatoryasında məskunlaşmışlar. Qubadlı rayonu, İcra Hakimiyyəti Başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışa əsasən hal-hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 A, mənzil 48 ünavında məskunlaşmışlar. Cavabdeh1 və Cavabdeh3 dövlət tərəfindən evlə təmin olunub-olunmaması və onlara yeni mənzil təklif edilməsi barədə Sumqayıt şəhər sektorunda heç bir məlumat yoxdur.
11. Azərbaycan Respublikası "xxxx" MMC Mənzil İstismar Sahəsininn 1/52 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri Sumqayıt şəhəri, məhəllə 22A, yataqxana 2, otaq 18-də yaşayırlar.
12. Azərbaycan Respublikası "xxxx" MMC Mənzil İstismar Sahəsinin 123 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" Səhmdar Cəmiyyəti Sumqayıt Şüşə zavodunun rəhbərliyi Həmkarlar İttifaqı Komitəsinin və Mənzil-Məişət Kommisyasının birgə iclasının 29 mart 1994-cü il tarixli, 9 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 saylı binada sahəsi 53.12. kv.m olan 48 nömrəli 4 otaqlı mənzil 5 nəfər ailə üzvlərinin yaşaması üçün verilmişdir.
13. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzil (yeni qaydalarla ünvan: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 557, M6, m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
14. xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat pul Vəkil və iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 5.1. Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası: “4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.”
20. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu: Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin mövqeyi
22. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli – Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzil (yeni qaydalarla ünvan: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 557, M6, m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil Qubadlı rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. İddiaçı cavabdehlərin əmlakları ilə birlikdə həmin evdən çıxarılmalarını və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsini tələb edir.
24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin 647 nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən cavabdehlər həmin mənzildə məskunlaşmışlar.
26. İddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
27. İşin hallarından müəyyən olunur ki, mülkiyyətçi olan iddiaçı ünvan 1 ünvan: AZ 5011, ünvan 5miş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”
29. Məhkəmə cavabdehlərin məcburi köçkün olaraq sosial müdafiəsi tədbirləri ilə bağlı qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun tələblərinə uyğun olaraq məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.
30. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia həmin hissədə əsaslıdır.
31. Cavabdehlərin izahatlarına münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən dəlillər əsaslı sayıla bilməz. Belə ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mənzilin iddiaçının adına qeydiyyata alınaraq verilmiş etibarlılığı mübahisə doğurmayan çıxarış mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə dövlətin sosial problemləri, o cümlədən məcburi köçkünlərin mənzillə təmin edilməsi vəzifəsi fərdi şəxslərin hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırmamalıdır.
32. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.
33. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
35. Göründüyü kimi, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut cavabdehlər tərəfindən təqdim edilməmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadıqlarından, onların həmin mənzildə qalması iddiaçının mübahisəli mənzil üzərindəki sahiblik və istifadə hüququnun pozulmasını qaçılmaz etdiyindən iddiaçı cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalarını və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.
37. İddia tələbinin iddiaçının ailə üzvlərinin mənzilə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
39. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
40. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən on altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. Göründüyü kimi qanunvericilikdə hər kəsin özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçının ailə üzvlərinin adından onların həmin mənzilə köçürülmələrini tələb etməyə subyektiv hüququ yoxdur. Mülkiyyətçinin mənzilə vindikasiya (əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi) hüququ təmin edildikdən sonra, o, öz mülkiyyətindən ailə üzvləri ilə birlikdə istifadə etmək hüququna sahib olacaqdır (jus utendi). Məhkəmə qətnaməsi ilə iddiaçının ailə üzvlərinin sözügedən mənzilə köçürülməsinə prosessual zərurət olmadığından iddia tələbi həmin hissədə əsaslı deyildir.
43. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan iddia tələbi hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və iddianın qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş 100 manat xərcin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
Nəticə hissəsi:
44. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzildən (yeni qaydalarla ünvan: AZ 5011, ünvan 6lar. İddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 48 saylı mənzilinə (yeni qaydalarla ünvan: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 557, M6, m2) köçürülsün. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada vəkil orderinə görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, cəmi 400 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva