Məhkəmə qərarları › İş №e-2(060)-6838/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6838/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6838/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KM3339 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, Cavabdeh Fonda məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, 8A, M5, m10 yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış 2572.85 (iki min beş yüz yetmiş iki manat 85 qəpik) manat məbləğində borcun, o cümələdən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 654 aylı Hərbi Hissədə qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsində (ünvan: Bakı şəhəri, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə 3, AZ1063) baxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində MPM-nin müstəsna aidiyyət qaydalarını tənzimləyən 39.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə ilkin tələb müqaviləyə xitam verilməsi barədə olduğundan, o cümlədən digər tələblər (mənzildən çıxarılma və mənzilin təhvil verilməsi) ilkin tələbin təmin edilməsindən asılı olduğundan işə ümumi aidiyyət qaydalarına əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar