Məhkəmə qərarları › İş №e-2(060)-696/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-696/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-696/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2500 manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 300 manat pul və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin may ayında ona məxsus olan planşeti satmaq məqsədi ilə internetdə elan yerləşdirmişdir. Onun telefon nömrəsinə zəng edərək cavabdeh “Mobi Home” mağazasında çalışdığını və planşeti nisyə almaq istədiyini bildirmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixində qeyd edilən mağazaya gedib, cavabdeh ilə aralarında nisyə alqı-satqı müqaviləsi bağlayaraq, dəyəri 3000 manat olan JDAD 12 Pro 512 GB planşetini 5 gün müddətinə ödəmək şərti ilə satmışdır. Müqaviləyə əsasən cavabdeh nisyə aldığı planşeti xx.xx.2022-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, bu günədək yalnız bir dəfə 500 manat karta pul göndərməklə ödəniş etmişdir. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, ona olan borcunu 2500 manat pulu qaytarmamışdır. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixində ona yazılı qəbz verərək, video çəkiliş edərək bildirmişdir ki, ondan nisyə olaraq aldığı planşetin dəyəri olan 2500 manat məbləğində pulu 5 gün müddətinə ödəyəcəkdir. Daha sonra isə dəfələrə cavabdehlə əlaqə saxlayaraq pulun ödənilməsini tələb etsə də, heç bir nəticə olmamışdır. İşlədiyi mağazaya gedilən zaman isə artıq cavabdehin həmin mağazada işləmədiyi məlum olmuşdur. Onun tərəfindən bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edilmiş, lakin orada ona məhkəməyə müraciət etməyi bildirmişdirlər. Həmçinin polis orqanında ona cavabdeh barədə onlarda məlumat olduğu və digər şəxslərdən də, pul alaraq qaytarmadığına dair faktların olması bildirilmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Kredo Vəkil Bürosunun hesabına 300 manat pul ödənilmişdir. - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixində 3000 manata nisyə aldığı planşeti xx.xx.2022-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür və sənədə imza etmişdir. - xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin məktubundan görünür ki, iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçıdan aldığı planşetə görə 3000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh üzərinə götürdüyü vəzifələrə dair öhdəlik daşımışdır. Borclu xx.xx.2022-ci il tarixində götürdüyü əşyaya görə xx.xx.2022-ci il tarixədək 3000 manat məbləğində pulu ödəməyinə barədə öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, cavabdehin nəticədə 2500 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş hüquqi xidmətə görə 300 manat vəsaitin və 100 manat dövlət rüsumunun tutulması tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissələrdə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul və 100 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar