Məhkəmə qərarları › İş №e-2(060)-7085/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7085/2025

07.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7085/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və sonuncuların azyaşlı övladları – X7, X5 və X3 onun mülkiyyətində olan ünvan 2, mənzil 22-də (yeni qaydalarla: AZ5001, ünvan 3) yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, mənzil 22-də (yeni qaydalarla: AZ5001, ünvan 3) yerləşən mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (qeydiyyat nömrəsi, **********, tarix: xx.xx.2024) onun mülkiyyətindədir. Həmin mənzil ona vərəsəlik qaydasında mərhum anası X2 qalmışdır və onun adına rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - X7, X5 və X8 qanunsuz və əsassız olaraq, onun mülkiyyətində olan mənzildə yaşayırlar. Onlarla hər hansı qohumluq əlaqəsi yoxdur və onların onun mənzilində məcburi köçkün kimi yaşaması onun mülkiyyət hüququnu məhdudlaşdırır. O, mənzilindən istifadə etmək və mülkiyyəti üzərində sərəncam vermək istəyir. Ancaq cavabdehlərin hüquqazidd hərəkətləri (əməlləri) nəticəsində mənzilinə sahiblik edə bilmir və cavabdehlər özləri könüllü olaraq mənzilini boşaltmırlar. Cavabdehlərin qeydiyyatda olduqları ata-baba yurdlarında evlər var və yaşayış mövcuddur.

b) iddiaya etiraz

3. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlər 30 ildir ki, onların mənzilində məskunlaşmışlar. Cavabdehlərin kirayə qalmaq və ya digər mənzil əldə etmək üçün maddi imkanları var. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və xəbərnaməyə əsasən) xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. Sumqayıt ŞİHB-nin xx.xx.1994-cü il tarixli, 288 nömrəli sərəncamının və 23 iyun 1994-cü il tarixli, 8/57 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 31.35 kv.m yaşayış sahəsi olan, ikiotaqlı, 22 saylı İddiaçı və onun ailə üzvlərinə ayrılmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2, mənzil 22 (yeni qaydalarla: AZ5001, ünvan 3) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

8. 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 657 nömrəli arayışdan görünür ki, Cavabdeh6 ailə üzvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X7 və X5 ilə birlikdə ünvan 1, mənzil 22-də müvəqqəti olaraq məskunlaşmışlar.

9. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qubadlı rayonu Xanlıq kəndindən məcburi köçkün Cavabdeh6 Vəii oğlu və həyat yoldaşı Cavabdeh4 yuxarıda adları qeyd ediən ailə üzvləri ilə (Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, X7, X5 və X8) birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən sıx məskunlaşma obyekti olan 29 saylı evin 22 nömrəli mənzilində məskunlaşmış, özü, eləcə də ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və onlara başqa yaşayış sahəsi təklif edilməmişdir. Ailə üzvlərindən Cavabdeh5 istifadəsində olan Sumqayıt şəhəri Metallurq bağı ərazisində yerləşən 689 nömrəli fərdi yaşayış evinin su sayğacı abonent kodu (kod: **********000) öz adına rəsmiləşdirilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Qubadlı rayonunun Xanlıq kəndindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi başlanan zaman sözügedən ünvanda faktiki yaşayan Cavabdeh6 da ailəsi ilə birlikdə köçürülməsi həyata keçiriləcəkdir.

10. Qubadlı Rayonu İcra Hakimiyyəti Başçısının Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 dekabr 2025-ci il tarixli, 5-62-16/2-72/2025 nömrəli məktubundan görünür ki, hal-hazırda Qubadlı rayonu Xanlıq kəndində daimi qeydiyyatda olan Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və sonuncuların azyaşlı övladları X7, X5 və X8 Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və Qubadlı rayon icra hakimiyyəti tərəfindən hər hansı mənzillə təmin olunmamışlar. Heç bir yerdə özlərinə məxsus ev yoxdur. Mənzilə ehtiyacı olan şəxslərin siyahısında ailə olaraq qeydiyyata alınmışlar.

b) mülki iş üzrə tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5.1. Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası: “4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.”

15. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu: Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli – ünvan 2, mənzil 22 (yeni qaydalarla: AZ5001, ünvan 3) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil Qubadlı rayonundan məcburi köçkünlər cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 tərəfindən zəbt edilmişdir. İddiaçı cavabdehlərin həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarını tələb edir.

19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən cavabdehlər həmin mənzildə məskunlaşmışlar.

21. İddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

22. İşin hallarından müəyyən olunur ki, mülkiyyətçi olan iddiaçı ünvan 2, mənzil 22-ə (yeni qaydalarla: AZ5001, ünvan 3) mənzilə faktiki sahibliyini itirmiş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”

24. Məhkəmə cavabdehlərin məcburi köçkün olaraq sosial müdafiəsi tədbirləri ilə bağlı qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun tələblərinə uyğun olaraq məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.

25. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır.

26. Belə ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mənzilin iddiaçının adına qeydiyyata alınaraq verilmiş etibarlılığı mübahisə doğurmayan çıxarış mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə dövlətin sosial problemləri, o cümlədən məcburi köçkünlərin mənzillə təmin edilməsi vəzifəsi fərdi şəxslərin hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırmamalıdır.

27. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.

28. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

30. Göründüyü kimi, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut cavabdehlər tərəfindən təqdim edilməmişdir.

31. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadıqlarından, onların həmin mənzildə qalması iddiaçının mübahisəli mənzil üzərindəki sahiblik və istifadə hüququnun pozulmasını qaçılmaz etdiyindən iddiaçı cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalarını tələb etməkdə haqlıdır.

32. Məhkəmə iddia tələbinin cavabdehlərin azyaşlı uşaqları xx.xx.2019-cu il təvüllüdlü X7, xx.xx.2020-ci il təvüllüdlü X5 və xx.xx.2022-cı il təvüllüdlü X3 mənzildən çıxarılmasına münasibətdə qeyd edir ki, nə qədər ki, fəaliyyət qabiliyyəti olmayan yetkinlik yaşına çatmamış şəxslər prosesdə cavabdeh qismində tərəf ola bilməz, onların üzərinə hər hansı öhdəlik də qoyulmamalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, belə olan halda azyaşlı uşaqlar da iddiaçıya məxsus mənzildən cavabdehlərlə birlikdə çıxarılmalıdırlar.

33. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, tələb etməməsi nəzərə alınaraq dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə hissəsi:

34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və onların azyaşlı övladları X7, X5, X1 Şəmistan Məmməd oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında (yeni qaydalarla: AZ5001, ünvan 3) yerləşən 22 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar