Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7154/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 saylı mənzil xx.xx.1992-ci il tarixli 26/860 saylı orderə əsasən İddiaçı verilmişdir. mənzil özəlləşdirilməyib və hazırda dövlət mənzil fonduna aiddir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə, onun nəvəsidir. hazırda hər iki cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 2000-ci ildə ailə həyatı qurmuş və hazırda həyat yoldaşı və ailə üzvləri ilə birlikdə ceyranbatan qəsəbəsində özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. İddiaçının nəvəsi Cavabdeh2 isə, heç vaxt həmin mənzildə yaşamayıb, onun həmin mənzilə qeydiyyatı tamamilə formal xarakter daşıyır. O, hazırda valideynləri ilə birlikdə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş binalardan birində dövlət tərəfindən onlara verilmiş mənzildə yaşayırlar. İddiaçı mənzili indiyədək özəlləşdirməsə də, o, mənzilin potensial mülkiyyətçisidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı onlara qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasını qəbul edirlər və məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Akt”ın surətindən görünür ki, ünvan 1-in sakinləri T.Əliyeva, G.Ağayeva və sahə ustası Z.Hümbətova ünvan 1, mənzil 3-də qeydiyyatda olan Cavabdeh1 2000-ci ildən və Cavabdeh2 Zülfuqar qızı 2001-ci ildən göstərilən ünvanda qeydiyyatda olmağına baxmayaraq yaşamırlar. Aktda yazılanların doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, № 26/860 saylı “Order”in surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 3 saylı mənzil order əsasında İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli, “2 N-li forma” arayışının surətindən görünür ki, ünvan 1, mənzil 3 dövlət mənzildir. Mənzilin sahibi İddiaçıdır. Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı onlara qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasını qəbul edirlər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci abzasına əsasən, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdeh1 və Cavabdeh2 10 ildən artıq müddət ərzində ünvan 1-də yerləşən 3 saylı mənzildə yaşamasını bu müddət ərzində onun həmin evdə yaşamaq niyyətlərinin olmadığını göstərir və bu fakt təsdiqini tapdığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsinin və həmin yaşayış sahəsində hansı hüquqla-mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Akt”ın surətindən görünür ki, ünvan 1-in sakinləri T.Əliyeva, G.Ağayeva və sahə ustası Z.Hümbətova ünvan 1, mənzil 3-də qeydiyyatda olan Cavabdeh1 2000-ci ildən və Cavabdeh2 Zülfuqar qızı 2001-ci ildən göstərilən ünvanda qeydiyyatda olmağına baxmayaraq yaşamırlar. Aktda yazılanların doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi, cavabdehlər mübahisəli evdə yaşamır və qeydiyyatı formal xarakter daşıyır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması formal xarakter daşımaqla onun iradəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbayçan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehləriin evdə qeydiyyatda qalması mülkiyyətdən dinc istifadə hüququnun həyata keçirilməsinə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə olan yaşayış hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə olan yaşayış hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-7154/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7154/2022
27.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver