Məhkəmə qərarları › İş №e-2(060)-7268/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7268/2025

13.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7268/2025 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa tələbinə dair mülki işə 13 fevral 2026-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli Qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmağı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 107 saylı Əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə anadan olmuş və 1987-ci ildə S.Hacıbəyov adına Sumqayıt Musiqi Məktəbinə daxil olmuş və 1991-ci ildə fortopiano ixtisası üzrə tam kursu bitirmişdir.Ona fortopiano ixtisası üzrə müəllimə– konsertmeyster ixtisası verilmişdir. O,1989-cu ildə cavabdehin məktəbin fortopiano ixtisası üzrə müəllim işinə qəbul olunmuş və xx.xx.2025-ci il tarixinə kimi bu məktəbdə işləmişdir. O, işlədiyi 36 ilə yaxın müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş və əmək vəzifələrini vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində öz bacarığını əsirgəməmişdir. Öz sahəsində uzun illik təcrübəsi olan ixtisaslaşmış müəllim kimi uşaqlara bu sahəni öyrətmiş və bir sıra tədbirlərdə iştirak etmişdir.Lakin onun səhhətində yaranmış ciddi xəstəliklər və problemlər üzündən o, xx.xx.2025-ci ildə «xarici hemaroy anal çat» diaqnozu ilə stasionar müalicəyə yerləşdirilmiş, əməliyyat olunmuş, xx.xx.2025-ci il tarixə kimi stasionar müalicə almışdır.Daha sonra o, ev şəraitində müalicələrini davam etdirmişdir. Səhhətində olan bu problemlərlə dəvət edildiyi attestasiya imtahanı günü 2 dəfə təxirə salınmışdır.Onun səhhətində problemlərin davam etməsinə,sağlamlığının bərpa olunmamasına və şiddətli ağrılardan əziiyyət çəkməsinə baxmayaraq o, bir neçə ağrıkəsici dərmanlar qəbul edərək çətinliklə xx.xx.2025-ci il tarixdə Bakı Xoreoqrafoya Məktəbində attestasiya komissiyası tərəfindən təşkil olunmuş attestasiya imtahanında iştirak etmiş və ağır vəziyyətdə həmin imtahanda iştirak etməklə ona ixtisası üzrə ünvanlanan sualları cavablandırmış, lakin komissiya üzvləri onun kəskin ağrı ilə imtahana qatılmağına, düşdüyü vəziyyətin onun imtahan suallarını cavablandırmağına təsirsiz ötüşməməsinə baxmayaraq bu vəziyyətdə onun hətta doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən də suallar verilmiş,nəticə barədə ona həmin vaxt bildirilməmiş, yalnız imtahandan bir müddət sonra məktəb direktoru onun attestasiyanın qərarı ilə «uyğunsuz» hesab olunduğu barədə məlumat vermişdir.Onu da qeyd edir ki, o bu imtahandan bir neçə gün sonra təkrar əməliyyata girmiş və 2025-ci ilin sentyabr ayının 23-nə kimi bülletendə olmuşdur. Lakin həmin bülleten bağlanan kimi cavabdeh işlədiyi iş yeri rəhbərliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 107 saylı əmrlə o, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən işdən çıxarılmışdır.Bildirmək istəyir ki,o, istər imtahandan qabaq, istərsə də imtahandan sonra əməliyyat olunmuş,müalicələr qəbul etmiş və onun müalicələri bu gün də davam edir.O, ağrılı vəziyyətdə imtahana qatılmış,bu barədə komissiya üzvlərindən olan məktəb Həmkarlar Komitəsinin sədri F.Balamiyev digər komissiya üzvlərinə məlumat versə də onlar onun ağır durumunu nəzərə almamış və onu uyğunsuz hesab etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4 bəndində göstərilmişdir ki,atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir.Lakin attestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan,başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş,hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi ondan doğru cavabı almaq yox,doğru bildiyi cavabları da unutmaq və onda çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir.Onun cavablarına göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar,doğru cavablandırdığı sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu attestasiyanın onun bilik və bacarığını yoxlamaq üçün deyil,onun işdən çıxarılmağı üçün təşkil edilməsinə sübutdur. Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığı «uyğunsuz» kimi qiymətləndirilmiş və həmin attestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da xx.xx.2025-ci il tarixli 107 nömrəli Əmrlə onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.Bildirmək istəyir ki,atestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir.İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüf uzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır.Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməledilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.Bildirmək istəyir ki, ondan yazılı test götürülməmiş və komissiya üzvləri onun icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş və verdiyi cavablara reaksiyaları ilə ona psixoloji təzyiq göstərilmişdir,bütün bunlar yəqin ki, kamera görüntülərində də əks olunmuşdur. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.Lakin işlədiyi kollektivdən müşahidəçi qismində nümayəndənin iştirakı olmamış və bu da komissiya üzvlərinə istədikləri qeyri-obyektiv qərarı vermələrinə səbəb olmuşdur. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir:tutduğu vəzifəyə uyğundur; tutduğu vəzifəyə uyğun deyil. Bildirmək istəyir ki,komissiya üzvləri onun hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş,imtahan prosesi boyunca o, spazmatik ağrılara qarşı qəbul etdiyi dərmanların təsiri altında olmuş və qeyri-obyektiv yanaşma əsasında doğru cavablar da yalnış cavablar kimi qiymətləndirilmiş,komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmamışdır.Komissiya üzvləri onun həmin vaxt xəstə,halsız vəziyyətdə imtahana qatıldığını,ona imtahan vermək üçün normal şəraitin yaradılmamasını və dava-dərmanların təsiri altında olduğunu da nəzərə almayaraq bu qiymətləndirməni aparmışlar,bütün bunlar da atestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Onun işdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməyini və işinin öhdəsindən bacarıqla gəlməyini və onun bu illər ərzində onlarla laureat yetişdirməyini, dəfələrlə mükafatlandırılmağını, məktəbin həyatında uzunillik və səmərəli fəaliyyətini nəzərə almamış və onu işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, şahidlərdən biri Faiq müəllim attestasiya keçirilən zaman iştirak edən müəllimdir.Disk olmadığı halda onu dindirib hər şeyi öyrənmək olar.Şahidlərdən biridə Yeganə müəllimədir. O da iddiaçı ilə biryerdə işləmişdir.Disk məhkəməyə təqdim olunur və ona baxılaraq qərar qəbul edilir. Lakin bugünkü gündə disk məhkəməyə təqdim olunmamışdır.Şahid Faiq müəllimdə bildirdi ki, fortopianoda ifa etmişdir,suallara cavab vermişdir, lakin qiymətləndirilməmişdir. İddia ərizəsində də qeyd olunmuşdur ki,əməliyyatdan təzə çıxıb imtahanda dərman ataraq iştirak etmişdir.Digər şahid Yeganə müəllimədə təsdiq etmişdir ki, suala düzgün cavab verdiyi halda düzgün qiymətləndirilməmişdir. İddiaçı 36 ildir ki, işləyir. Xəstə vəziyyətində imtahana hazırlaşmış və iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, imtahandan sonra çıxanda vərəq vermişdirlər ki, ora imza da çəkə bilərlər, şikayət də yaza bilərlər.Kağıza şikayəti yazmaq üçün istəyəndə verməmişdirlər.Ona qarşı qərəz olmuşdur. Verilməyən sualları verilmiş kimi yazılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, disk təqdim olunmadığı üçün hansı suallara düzgün cavab verə bilib-bilməməsini müəyyən etmək qeyri-mümkündür.Qarşı tərəfin fikri ilə razı deyil. Proqram əvvəldən tərtib olunmuş və Mədəniyyət Nazirliyinin səhifəsində yerləşdirilmişdir.Məlumatları var idi. Diskin təqdim olunmama səbəbi texniki nasazlıqdır.İddiaçı şifahi qaydada bildirsə də, komissiya heyətinə xəstəliyi barədə hər hansı bir sənəd təqdim etməsi barədə məlumatı yoxdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Məhkəmə iclasına şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, bir neçə dəfə atesstasiyada iştirak etmişdir. 37 ildir ki, orada müəllim işləyir.Attestasiya ilə əlaqədar proqram gec gəlmişdir. Onların məktəbi 5 illikdir, ibtidai məktəbdir. Onların verdikləri proqram biraz yüklü idi. 5 illik məktəbə 11 illik proqram vermişdirlər. O da attestasiyada iştirak etmişdir. Komissiya qərəzli olmuşdur. 30 illik müəllim necə 20 dəqiqəyə yararsız ola bilər? İddiaçı əməliyyat olnmuş, 5-6gündən sonra imtahana getmişdir.Əməliyyatdan çıxmış idi və özü də demişdir ki, vaxt versinlər.Musiqini də ifa eləmişdir. Elə olurdu ki, ixtisasa uyğun olmayan suallarda vermişdirlər. Uzun müddətdir ki, biryerdə işləyirlər və bacarığı da göz qabağındadır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 20 ildir ki, Arzu ilə biryerdə işləyirlər.Uşaqları konsertə hazırlayır.O da attestasiyada iştirak etmişdir. Ona ixtisasdan kənar suallar verilməmişdir.Ona düşən komissiyanın tərkibi başqa idi.İmtahandan əvvəl ağır əməliyyat keçirmişdir.Oturub çalmaq lazım idi.İddiaçı xəstəliyi ilə bağlı oturub ifa edə bilməmişdi. Gərək güzəşt edərdilər. İş materiallarına əlavə olunmuş HT-İ seriyalı, 563527 nömrəli diplomun surətindən görünür ki, Qaffarova Arzu Əhmədiyyə qızı 1986-cı ildə S.Hacıbəyov adına Sumqayıt orta ixtisas təhsili şöbəsinə daxil olmuş və 1991-ci ildə həmin məktəbin fortopiano ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə olunmuş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı orta təhsilli, peşəsi isə muzikantdır. xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə fortopiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş AR X9 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər X7 əməliyyat olunmuşdur. İş materiallarına əlavə olunmuş 08 may 2021-ci il tarixli, Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş fəxri-fərmandan görünür ki,İddiaçı pedaqoji fəaliyyətinə və anadan olmasının 50 illik yubileyinə görə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2025-ci il tarixli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 107 nömrəli, İddiaçı Əhmədiyyə qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı Əhmədiyyə qızı xx.xx.2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı Əhmədiyyə qızına son haqqhesabının ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Kollecində 1987-ci ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 35 il 11 aydır. Attestasiya keçirilən zaman Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi olmuşdur. Ümumi 20 sual verilmiş, onlardan 5 suala cavab verilmişdir. Səslərin miqdarı lehinə 1, əleyhinə 4 səs olmuşdur. İş materiallarına əlavə olunmuş ambulator tibbi kitabçadan çıxarışdan görünür ki, İddiaçı qarışıq tip bağırsaq sancısı diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş AR X9 MMC-nin vəkil sorğusuna cavabdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə X8 həkim nevropatoloqu Günel Əhmədovanın müayinəsindən keçmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 48 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı atesstasiya olunacaq işçilər sırasına daxil edilməyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 6 nömrəli protokolundan görünür ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş AR Mədəniyyət Nazirliyinin xx.xx.2026-cı il tarixli sorğuya cavabdan görünür ki, texniki nasazlıq səbəbindən videogörüntüləri təqdim etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-xx.xx.2025-ci illərdə Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, xx.xx.2025-ci il tarixli 107 saylı əmrlə həmin tarixdən ƏM-nin 70-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəyə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-xx.xx.2025-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəlliməsi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, xx.xx.2025-ci il tarixli 107 saylı əmrlə həmin tarixdən ƏM-nin 70-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi ilə bağlı əmr edilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında atessasiya keçirilməsinin qaydaları və iddiaçıya qərəzli halların olubolmamasının müəyyən edilməsi üçün dəfələrlə, məhkəmə iclasında MPM-nin 97.5-ci maddəsinin tələbləri elan edilməklə məhkəmə sorğusu Mədəniyyət Nazirlinin nümayəndəsinə təqdim edilərək disk tələb olunmasına baxmayaraq, Mədəniyyət Nazirliyindən daxil olmuş cavabla heç bir əsaslandırma edilmədən texniki nasazlıq səbəbindən video-disk təqdim olunmadığı bildirilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən (iddiaçıya ixtisasına aid olmayan sualların verilməsinə dair məs Komissiyada iştirak etmiş şahidin ifadəsi, iddiaçının xəstəlinin nəzərə alınmaması, diskin təqdim olunmaması və sair) iddiaçıya qərəzin olması müəyyən edilmiş, verilmiş suallar iddiaçı tərəfindən cavablandırılmış, buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək səhətində yaranmış nasazlıq, əməliyyat olunması, həkim nəzarətində olması halına, yəni iki dəfə atesstasiya iclası təxirə salınmasına baxmayaraq lehinə səslərin sayı 1, əlehinə səslərin sayı 4 olmuşdur. İddiaçının imtahandan bir müddət əvvəl əməliyyat olması, narahatlıqların, həyacanlı-işdə olan reseptə əsasən sakitləşdirici dərmanların qəbulu və sair xüsusatların olmasına baxmayaraq iddiaçı sualları yetəri qədər cavablandırılmış (şahid ifadələri), lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə sorğusunun təmin edilməməsi, iddiaçının təqdim etdiyi sübutların əsaslı olması, iddiaçıya qarşı qərəzli münasibətin olmasını təsdiq edən dəlil kimi qiymətləndirməyə əsas verir.Yəni analoji işlərlə bağlı disklərin təqdim olunmasında heç bir problem olmadığı təqdirdə hazırki texniki nasazlıqla bağlı cavabdeh qrumun gətirdi arqument məhkəmə tərəfindən inandırıcı sayılmayaraq iddianın əsaslı olması qənaətinə gəlməsinə əsas verir. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 300-1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənn 300-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı onun hüquq və mənafeylərinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 107 saylı əmri ləğv edilsin. İddiaçı Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işə bərpa edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işə bərpa edilsin və məcburi iş buraxdığı müddətə görə ona əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar