Məhkəmə qərarları › İş №e-2(060)-7407/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7407/2025

27.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7407/2025 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 olmaqla mənzilə köçürülmə tələbinə dair iş üzrə (açar sözlər: mənzilə köçürülmə) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, onun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndələri (vəkilləri) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 olmaqla mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 adlı üç övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-998/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Günel Tanrıverdiyeva) ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O, cavabdeh ilə ailə həyatı qurduqdan sonra cavabdehin valideynlərinin yaşadığı Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin az müddət sonra, yəni 2012-ci ildə onun valideynlərinə məxsus fərdi yaşayış evinin qonşuluğunda birgə vəsaitləri hesabına yeni fərdi yaşayış evi inşa etmiş və həmin tarixdən də övladları ilə birlikdə həmin evdə yaşayırlar. Hal-hazırda da bütün əmlakları həmin evdədir. Cavabdehin və onun valideynlərinin təzyiqi nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır. Lakin başqa yaşayış yeri olmadığı üçün övladları ilə birlikdə öz zəhməti və vəsaiti hesabına inşa edilmiş evə köçmək məcburiyyətində qaldığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

b) iddiaya etiraz

3. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlə 2010cu ilin sentyabrında faktiki, noyabr ayında isə rəsmi nikaha daxil olmuşlar. O, qayınatasına məxsus evə gəlin köçmüşdür. Bir neçə il sonra qaynı evlənəcəyindən onlar qayınatasının evinin yanında ev tikib 2012-ci ildə ora köçmüşlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, evin yerləşdiyi torpaq sahəsi cavabdehin atasına məxsusdur. Ev 2012-ci ildə, bir neçə ay ərzində hər iki ailənin köməkliyi və dəstəyi nəticəsində tikilmişdir. Hazırda atasının evində müvəqqəti yaşayır. Cavabdeh onu evə buraxmadığı üçün 2025-ci ilin oktyabr ayında polisə şikayət etmişdir. Polis şöbəsindən ona yaşamaq barədə məhkəmə qərarı aldıqdan sonra hər hansı tədbir görə biləcəklərini bildirmişlər. Onun bütün əşyaları sözügedən evdədir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan tərəflərin 3 uşağı var. Tərəflər 2024-cü ildə rəsmi qaydada boşanmışlar. Bildirir ki, iddiaçı cavabdehin atasının evinə gəlin gəlmişdir. Daha sonra həmin torpaqda, yaxınlıqda ev tikmiş və orada yaşamağa başlamışlar. Evin bütün kommunal xidmətləri cavabdehin adınadır. 2024-cü ildə bəzi ailədaxili məsələlərlə bağlı iddiaçı evi tərk etməli olmuşdur. Bir neçə dəfə evə gəlməyə cəhd etmiş, cavabdeh imkan verməmişdir. Cavabdeh hətta mənzilin bölünməsi məsələsi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin əmlakda daha çox hissədə onun payının müəyyən edilməsini tələb etdiyindən tərəflər arasında razılıq əldə olunmamışdır. Bir daha qeyd edir ki, iddiaçı fasiləsiz olaraq 2024-cü ilədək həmin mənzildə yaşamışdır. İddiaçının yaşamaq üçün başqa evi yoxdur. İddiaçı hazırda valideynləri birlikdə yaşayır. Tərəflər arasında nikah 2024-cü ildə pozulmuş, həmin vaxtdan sonra iddiaçı cavabdehin özünün də etiraf etdiyi kimi evə bir neçə dəfə gəlməyə cəhd etmiş, lakin cavabdeh buna mane olduğundan 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tam əsaslıdır. Belə ki, iddiaçı 13 il fasiləsiz yaşadığı evə köçmək istəyir. Bir daha qeyd edir ki, mediasiya prosesində tərəflər özləri məsələni olduğu kimi – yəni, birgə nikah dövründə birgə vəsait hesabına tikilmiş ev olduğunu etiraf etmişlər. Lakin cavabdeh payları qeyri-bərabər bölmək istədiyindən tərəflər arasında razılıq əldə olunmamışdır. Hazırda işə başqa cür “forma” verərək guya cavabdehin atasına məxsus olduğunu iddia etmək müdafiə xarakteri daşıyır. Belə ki, mediasiyaya elə cavabdehin özü müraciət etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin özü də əmlakın nikah dövründə tikildiyini etiraf etmişdir. Qeyd edir ki, yerli baxışa zərurət yoxdur. Burada evin bölgüsündən deyil, mənzilə köçürülmədən söhbət gedir. İddiaçı hazırda valideynləri ilə yaşayır. Nikah pozulduqdan sonra evə girməyə bir neçə dəfə cəhd etsə də cavabdeh buna mane olmuşdur. Torpağın cavabdehin atasına məxsus olmasına gəldikdə hamıya məlumdur ki, Kimyaçılar qəsəbəsində yerləşən evlər hamısı sənədsizdir. Torpağın və evin cavabdehə və ya onun atasına məxsus olması barədə sənədlər yoxdur. İddiaçı keçmiş qaynatasından hər hansı əmlak tələb etmir. Cavabdehin dəvət etdiyi şahidlərə gəldikdə həmin şəxslər təsadüfi şəxslərdir. İddiaçı onların heç birini qonşu kimi tanımır. Həmin şəxslərin ifadələrinə tənqidi yanaşılmalıdır. Cavabdehin nümayəndəsinin izahatına gəldikdə dəvət etdikləri şahid iddiaçının atasıdır. Heç bir valideyn övladı üçün nə isə bir şey edəndə onun haqq-hesabını aparmır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. o, atası ilə qonşudur. Bir həyətin içində iki balaca ev tikilmişdir. Hazırda həmin evdə özü tək yaşayır. Bəzən valideynləri də onunla qalır. Əvvəllər iddiaçı bir neçə dəfə axşam saatlarında gəlib evə girmək istəsə də, buna imkan verməmişdir. Hətta bununla əlaqədar DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Mübahisəli mənzildə iddiaçıya məxsus balaca şkaf var. İddiaçı bütün əşyalarını özü ilə aparmışdır. İddiaçının 2 ildən sonra bu tələbi sürməyə heç bir haqqı yoxdur. Bundan sonra iddiaçı ilə eyni evində içində yaşamaq mümkün deyil. Evi isə onun atası hələ evlənməmişdən qabaq tikmişdir. Həmçinin, qeyd etmişdir ki, 2023-cü ildə iddiaçı boşanma mübahisəsi açmışdır. O, əvvəllər iddiaçıya yaşamağa icazə vermişdir. Lakin iddiaçı elə yaşayırdı ki, sanki müvəqqətidir. Nə vaxtsa çıxıb gedəcək. Sonuncu dəfə boşanandan 8 ay sonra evə gəlmiş, gec olduğu üçün evə buraxmamışdır. Qeyd edir ki, torpaq atasına məxsusdur. Evi də atası, anası, qardaşı tikmişdir. Əvvəllər orada tikili var idi. Lakin üstü vurulmamışdı. Qardaşı evlənəndə atası evi tikib ona vermiş, o da həmin evə köçmüşdür. Ona aid yeganə sənəd sayğaclarla bağlı olan qəbzlərdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin evdə 10 ildən çoxdur ki yaşayır. Torpağın bölünüb evin satışa çıxarılması üçün mediasiyaya vəkil müraciət etmişdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndələri (vəkilləri) Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Tərəflər 3-4 il cavabdehin atasına məxsus evdə yaşamışlar. Sözügedən mənzil tərəflər ailə həyatı qurarkən artıq hazır vəziyyətdə olmuşdur. Evdə sadəcə cüzi təmir işləri (kosmetik) aparılmış, əlavə artımlar olmamışdır. Həmin təmir işləri də ən çoxu 1500 manat olar. Ev' yerində baxış keçirilsə, bu hallar təsdiqini tapar. Təmir işlərini də cavabdehin atası aparmışdır. Mediasiyaya müraciət edərkən cavabdeh evin bölünməsini tələb etməmişdir. Predmet evin içinə çəkilmiş təmir xərcləri ilə bağlı olmuşdur. Xüsusilə qeyd edir ki, torpaq da, ev də cavabdehin atasına məxsusdur. Mənzil torpağın üzərindədir və ayrıla bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məxsus torpağın üzərində yerləşən və onun tərəfindən tikilmiş evə onun keçmiş ailə üzvünün köçürülməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Qeyd edir ki, tərəflər arasında nikah 2024-cü ildə pozulmuş və həmin vaxtdan iddiaçı evdən bütün əşyaları ilə çıxıb getmişdir. İddiaçının dəvət etdiyi şahidə gəldikdə o, iddiaçının atasıdır. Sözsüz ki, onun mənafeyinə uyğun danışacaqdır. Dəvət edilmiş şahid çəkilən xərcin məbləğini və mənzilin tikilmə vaxtını da xatırlamır. Cavabdehin əvvəlki məhkəmə iclaslarında evin birgə nikah dövründə tikilməsinə gəldikdə o, iclas protokolları ilə tanış olmuşdur. Cavabdehin bu cür etirafı yoxdur. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçı qızı, Ruslan isə keçmiş yeznəsidir. Qızı cavabdehin atasının evinə gəlin köçmüşdür. Daha sonra cavabdehin qardaşı evlənən vaxt keçmiş qudaları onun qızını evdən çıxartmaq istəmişlər. Bu zaman onlar həyətdə ev tikmək üçün razılaşmışlar. Qızına məxsus qızılları satıb tikinti üçün material almışlar. Daş, qum, milin pulunu şəxsən o, özü ödəmişdir. Evin üstünün materiallarını isə oğlan evi almışdır. Demək olar, əl-ələ verib həmin evi tikmişlər. Evin tikildiyi ili dəqiq xatırlamır, lakin cavabdehin qardaşının evləndiyi il olardı. Onu da qeyd ki, torpağı cavabdehin atası onlara vermişdi. Həmçinin, evin tikintisi üçün çəkilən xərci xatırlamır. Evin tikintisinə qardaşı, yeznəsi də kömək etmişdir. Cavabdeh özü də malyar işlərini görmüşdür. Ev təxminən bir neçə aya tikilmişdir. Qızı üçün cehiz vermişdir. Həmin cehiz əşyaları, yorğan-döşək, şifoner hazırda həmin evdədir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ruslan ilə həm dost, həm də qonşudur. O, 15 ildir ki, həmin ərazidə yaşayır. Sözügedən evi Ruslanın atası tikmişdir. Ev tikilən vaxt Ruslan subay idi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflərin nə vaxt evləndiyini bilmir. Ruslanın toyunda iştirak etməmişdir. İddiaçının atasını həmin evdə usta kimi görməmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, cavabdehlə bir məhlədə böyümüşlər. Sözügedən evi Ruslanın atası tikmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, ev təxminən 15-16 il əvvəl, Ruslan evlənməmişdən qabaq tikilmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-998/2024 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 1832 saylı nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 15 avqust 2011-ci il təvəllüdlü X12, 16 avqust 2013-cü il təvəllüdlü X13 və 06 iyun 2016-cı il təvəllüdlü X14 anaları X1 yanında qalmış, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh 15 avqust 2011-ci il təvəllüdlü X12, 16 avqust 2013-cü il təvəllüdlü X13 və 06 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-6-1/2-292 nömrəli, xx.xx.2023cü il tarixli arayışından görünür ki, Kərimova Elimira Tiflis qızı ünvan 1, ev 8-də qeydiyyatsız yaşayır və ailə üzləri bunlardır: Cavabdeh, X12, X13, X14.

13. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər birgə nikah dövründə birgə vəsait hesabına inşa edilmiş fərdi evə dair çəkilmiş pul vəsaitinin tərəflər arasında 1/2 hissədə pul vəsaitinin cavabdehdən alınması mübahisəsinə dair mediasiya prosesində iştirak etmişlər. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci Cavabdeh tərəfindən ödənilmişdir.

13. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

14. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Kespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-4819/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

15. Azərbaycan Respublikasının Sumqayıt Bələdiyyəsi, 32-ci məhəllə üzrə, 1 saylı Məhəllə Komitəsinin 222 və 223 nömrəli, xx.xx.2026-cı il tarixli arayışlarından görünür ki, Kərimova Elimira Tiflis qızı Sumqayıt şəhəri, məhəllə 52, Saray Məhərrəmov küçəsi, ev 88-də müvəqqəti yaşayır. Həmin mənzildə müvəqqəti yaşayanlar bunlardır: qızı xx.xx.2011-ci il təvəllüdlü X12, oğlu xx.xx.2013-cü il təvəllüdlü X13 və qızı xx.xx.2016-cı il təvəllüdlü X14. Daimi yaşayanlar isə bunlardır: atası xx.xx.1961-ci il təvəllüdlü X6, anası xx.xx.1966-cı il təvəllüdlü X3, qardaşı xx.xx.1988-ci il təvəllüdlü X11 və qardaşı qızı xx.xx.2016-cı il təvəllüdlü X8.

16. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Kespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-808/2026 saylı, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

17. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Kespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-809/2026 saylı, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzil və yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

b) tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

23. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

24. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi).

25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh 2010-cu ildə nikaha daxil olmuş, birgə nikahdan üç uşaqları olmuşdur. Tərəflər 2012-ci ildən mübahisəli evdə yaşamağa başlamışlar. Tərəflər arasındakı nikah 2024-cü ildə məhkəmə qaydasında pozulmuşdur.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2009-ci ilin oktyabrın 1-dən sonra yarandığından, hazırkı mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

28. Baxılan iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir.

29. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi).

30. İşdə olan sənədlərdən göründüyü kimi iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

31. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları).

32. Özbaşına tikililərə köçürülmə tələbi ilə bağlı mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

33. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

34. Hazırkı işin müəyyən olunan halı odur ki, tərəflər 2010-cu ildə ailə qurmuş, ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evi isə təxminən 2012-ci ildə inşa edilmişdir. İddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikili olsa da, o həmin mənzildə 2012-ci ildən cavabdehlə yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmişdir. Lakin cavabdeh onu evdən qovmaqla faktiki olaraq mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır.

35. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər evə dair kommunal xidmətlərlə (işıq, qaz, su) əlaqədar bütün müqavilələrin tərəfinin məhz Cavabdeh olduğu da işin mübahisəsiz halıdır.

36. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşməkdədir.

37. Bu kontekstdə nəzərə alınmalıdır ki, mübahisəsi gedən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini vəya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ərarvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır.

38. Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur.

39. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

40. Cavabdeh əmlakın atasına məxsus olmasını və hələ nikahdan əvvəl məhz atası tərəfindən tikildiyini bildirsə də, əvvəlki məhkəmə iclasında cavabdeh izahatında evin atası, anası, qardaşının tikdiyini, əvvəllər orada tikili olsa da, üstünün vurulmadığını, qardaşı evlənəndə atasının evi tikib ona verdiyini, onun həmin evə köçdüyünü bildirmişdir.

41. Məhkəmə cavabdehin izahatına tənqidi yanaşır. Belə ki, əvvəla, cavabdehin iddia etiiyi kimi ev tam hazır vəziyyətdə idisə və nikah dövründə yüngül kosmetik işlər görülmüşdüsə, iddiaçı qayınatasının evinə gəlin köçməzdi. İkincisi, cavabdeh özü də hələ 2024-cü ilin avqust ayında, yəni nikahları pozulduqdan dərhal sonra mediasiyaya müraciət etmiş, təklifdə göstərilən mübahisənin predmeti birgə nikah dövründə birgə vəsait hesabına inşa edilmiş fərdi evə dair çəkilmiş pul vəsaitinin tərəflər arasında 1/2 hissədə pul vəsaitinin ikinci tərəfdən (hazırkı halda iddiaçıdan) alınması olmuşdur.

42. Cavabdeh məhkəmə iclasında evin nikahdan qabaq tam hazır olduğunu, yalnız kosmetik işlər görüldüyünü bildirərək mediasiyaya məhz həmin xərclərin bölünməsi ilə müraciət etdiyini bildirsə də, həmin xərclərin deməsinə görə 1500 manat civarı olmasını diqqətə alarsaq, cavabdehin həmin məbləğin ½ hissəsinin bölünməsi ilə bağlı mediasiyaya müraciət etməsi ağlabatan görünmür. Şəxsin 2024-cü ildə "birgə nikah dövründə birgə vəsait hesabına inşa edildiyini" göstəriyi evi sonradan “nikahdan qabaq atasının tikdiyi ev” kimi adlandırması Estoppel prinsipi ilə qadağandır. Belə ki, heç kim özünün ziddiyyətli davranışına əsaslanaraq xeyir əldə edə bilməz (“nemo auditur propriam turpitudinem allegans”).

43. Məhkəmə cavabdehin məhkəmə iclasına dəvət etdiyi şahidlərin ifadələrinə də tənqidi yanaşır. Belə ki, həmin şahidlər evin nə vaxt tikildiyini, tərəflərin nə vaxt ailə qurduğunu bilməmiş, sadəcə evi cavabdehin atasının tikdiyini bildirmişlər. Həmin faktı isə necə bildiklərini məntiqli olaraq izah edə bilməmişlər.

44. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 torpağın ona məxsus olduğunu bildirsə də, məhkəmə sorğusu əsasında torpaq sahəsinin də dövlət qeydiyyatından keçmədiyi müəyyən edilmişdir ki, üçüncü şəxsin pozulmuş hüququndan söhbət gedə bilməz.

45. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh inkar etsə də, işin hallarından tərəflərin 2012-ci ildən münasibətlərinin pozulduğu dövrədək məhz ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evində yaşayıb orada birlikdə təsərrüfat apardıqları məlum olur.

46. Nikahın (münasibətlərinin) pozulmasından sonra cavabdehin davranışları da o qənaətə gəlməyə əsas verir ki, iddiaçı uşaqları ilə birlikdə evdə yaşamağa bir neçə dəfə cəhd etsə də, cavabdeh mübahisəsi gedən fərdi yaşayış evində iddiaçının yaşamasının qarşısını almağa cəhd etmiş, bu barədə 102 xidmətinə məlumat vermişdir.

47. Məhkəmə qeyd edir ki, məhkəmənin aydınlaşdırmalı olduğu digər məsələ iddiaçının hazırda mübahisəli mənzildən başqa yaşayış yerinin olub-olmaması və ora köçürülməsinin mütləq ehtiyacdan irəli gəlməsinin sübuta yetirilməsi ilə bağlıdır.

48. Belə ki, məhkəmə icraatı zamanı tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, iddiaçı üç uşağı ilə birlikdə hazırda atasına məxsus Sumqayıt şəhəri, 52-ci məhəllə, Saray Məhərrəmov küçəsi, ev 88-də müvəqqəti məskunlaşmışdır. Həmin evdə əlavə dörd nəfər (hazırkı halda iddiaçı ilə birlikdə səkkiz nəfər) yaşayır. Göründüyü kimi iddiaçının başqa yaşayış yeri yoxdur.

49. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X21rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

50. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi isə tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

51. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında ədalətli tarazlıq iddia tələbinin təmin olunması ilə qoruna bilər.

52. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə hissəsi:

54. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı övladları – xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar