Məhkəmə qərarları › İş №e-2(060)-7521/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7521/2022

21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7521/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, X3 Xanlar qızının Sumqayıt Şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdim: X3 Xanlar qızı Sumqayıt Şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb edərək «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X1 adına verilmiş 10 avqust 1990-cı il tarixli “nikahın bağlanması haqqında şəhadətnamədə” onun soyadının “Məmmədova” olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizə prossesual sənəd olmaqla ərizənin tərtibi qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. Ərizə yoxlanılarkən ərizəçinin xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi müəyyən edildi. Qanunvericiliyin tələbinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə mülki prosessual qanunvericiliyin tələbinə görə xüsusi icraat qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə istinadən hesab edirəm ki, hazırki ərizədə göstərilən tələb- nikahın bağlanması haqqında şəhadətnamədə onun soyadının “Məmmədova” olması faktının müəyyən edilməsi - xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin sırasına daxil deyildir və xüsusi icraat qaydasında baxıla bilməz. MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə işlərə baxılması nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi bu halda müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrlə bağlı mübahisələndirilən faktın müəyyən edilməsi istisna təşkil edir. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Xanlar qızının Sumqayıt Şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar