Məhkəmə qərarları › İş №e-2(060)-7637/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7637/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7637/2025 17.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S4K5823369 nömrəli, 22 may 2020-ci il tarixli müqavilə üzrə 663 manat əsas, 199 manat dəbbə pulu, 30 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 892 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.

4. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılması o zaman yolveriləndir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar iş materiallarına əlavə edilsin, məhkəmə tərəfindən tələbi təsdiq edən hər hansı əlavə sübut tələb edilməsinə ehtiyac qalmasın. Çünki, məhkəmə işə yazılı icraat qaydasında, əlavə araşdırma aparmadan və tərəfləri dinləmədən baxır.

5. Elə bu səbəbdəndir ki, mülki prosessual qanunvericilik tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina edilməsinə yol vermişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 may 2020-ci il tarixdə Cavabdeh ilə aralarında S4K5823369 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1958 manat dəyəri olan 1 ədəd REF BEKO RCNK 400E20 ZX, 1 ədəd VR BOMBOX, 1 ədəd BLENDER BRAUN MQ 787 markalı məhsul Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci maddəsinə əsasən Alıcı 100 manat ilkin ödəniş olmaqla, qalan 1858 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 77 manat olmaqla, hər ayın 21-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 663 manat əsas, 199 manat dəbbə pulu olmaqla, 862 manat borcu yaranmışdır. Alıcı tərəfindən S4K5823369 nömrəli, 22 may 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş edilmişdir.

7. İddiaçı tərəflər arasında 22 may 2020-ci il tarixli, S4K5823369 nömrəli alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, iddia ərizəsinə həmin müqaviləni, ödəniş cədvəlini, əşyaların təhvil-təslim aktını və maliyyə arayışını əlavə əlavə etməmişdir.

8. Göründüyü kimi hazırkı iş materiallarında iddianı təsdiq edən sənədlər əlavə edilməmişdir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.

9. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar