Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-775/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 14.03.2020-ci il tarixdə Cavabdeh ilə 2 saylı Bakı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Ölkədə koronavirus infeksiyasının yayıldığı və sərt karantin rejiminin tətbiq olunduğu bir dövrdə valideynlərinin təsiri altında və ailə qurmaq niyyətləri olmadan nikaha daxil olmuşlar. Özünün 27, cavabdehin isə 29 yaşı var. Onlar bir gün belə olsun bir yerdə yaşamamışlar. Sərt karantin rejiminin tətbiq olunduğu bir dövrdə nə nişan, nə xına, nə də oğlan-qız toy mərasimləri olmamışdır. Pandemiya dövründə onlar bir-birlərinə qarşı hər hansı sevgi hissləri və ailə qurmaq niyyətlərinin olmaması qənaətinə gəlmişlər. Belə ki, onlar ailələrinin psixoloji təsiri ilə nikaha daxil olmuşlar. Hər ikisi gəncdirlər, həyatları qabaqdadır. Ailələrinin basqısına, təzyiqinə baxmadan dəqiq qərara gəlib məhkəməyə müraciət etmişdir. Qarşı tərəf də onunla razıdır. Özü də iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edə və bu barədə məhkəməyə müfəssəl izahat verə bilər. İlkin mediasiya sessiyasında da bir yerdə iştirak etmişlər. İki anlaqlı insan kimi hər ikisi başa düşür ki, qeydiyyat şöbəsində bağlanmış bu formal nikahın heç bir əhəmiyyəti yoxdur. Mediasiya sessiyasında iştirak etdikdən sonra aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh arasında 14.03.2020-ci il tarixli 2 saylı Bakı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 17.12.2021-ci il tarixdə məhkəməyə iddianın etirafı barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, 14.03.2020-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. Pandemiya dövründə valideynlərinin təsiri altında və ailə qurmaq niyyətləri olmadan nikaha daxil olmuşlar. Zamanla bunun çox səhv addım olduğunu anlamışdır. Pandemiya dövründə keçən zaman ərzində iddiçıya qarşı hər hansı sevgi hislərinin olmaması qənaətinə gəlmişdir. Oğlan-qız toy mərasimləri olmamış və aralarında cinsi münasibət də olmamışdır. İddia ərizəsi ilə tanışdır, orada qeyd olunanları təsdiq edir. Mediasiya prosesində iddiaçı ilə birlikdə iştirak etmişdir. İşi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Maraqlı tərəf 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh və maraqlə tərəf 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 04.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, İddiaçı, onun bacısıdır. Bacısı ilə Cavabdeh arasında 14.03.2020-ci il tarixdə rəsmi nikah olmuş, özü də nikah şahidi kimi iştirak etmişdir. Ailələr 2019-cu ilin noyabr ayında tanış olmuşdur. Tərəflərin bir-birlərini tanımaq üçün çox az vaxtları olmuş, həmin müddətdə bir-birlərinə uyğun olmadıqları qənaətinə gəlmişlər. Lakin ailələrin istəyi ilə tərəflər nikaha daxil olmuşlar. Onlar tamamilə ayrı dünyagörüşlü insanlardır. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı və şahidin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 14.03.2020-ci il tarixində akt qeydləri kitabında 558 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 25.11.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişdir. İlkin Mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında olan nikahın qeydə alınması üçün ərizə və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı aralarında olan nikahın qeydə alınması üçün ərizə ilə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişlər. Nikahlarının qeydə alınması üçün tibbi müayinədən keçmələri barədə arayış təqdim etmişlər. X1 14.03.2020-ci il tarixli, 558 saylı akt qeydinə əsasən İbadova qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddianı etiraf edir, İddiaçı ilə aralarında nikah bağlansa da cavabdehin ailə qurmaq niyyətləri olmamış, nikahın bağlanmasında ailələrinin təzyiqi olmuş, pandemiya dövrünə təsadüf etdiyi və toy mərasimlərinin keçirilməsinə icazə verilmədiyi bir vaxtda, ailə qurmaq niyyətləri olmadan nikah bağlanmış, ər-arvad münasibətlərində olmamış, birgə yaşayıb birgə təsərrüfat aparmamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək, qanunvericiliyin yuxarıda göstərilən tələblərini və Cavabdeh iddia tələbini etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ilə İbadova (Məmmədova) Reyhan Əfqan qızı arasında 14 mart 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 558 №-ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İbadova (Məmmədova) Reyhan Əfqan qızı arasında 14 mart 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 558 №-ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-775/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-775/2022
01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver