Məhkəmə qərarları › İş №e-2(060)-782/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-782/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-782/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1-da yerləşən 19 saylı (yeni qaydalarla: ünvan 2 m1) mənzilə istifadə hüququnun itirilməsi və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(060)-4332/2022 saylı qətnaməsi ilə tərəflər arasında Sumqayıt Nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin cavadehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil cavabdehin adına olsa da, tərəflərin birgə mülkiyyətlərində olmuşdur. Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisində bağlanmış 19 oktyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzili iddiaçıya satmışdır. Hazırda həmin mənzil iddiaçının mülkiyyətindədir. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh 19 noyabr 2022ci il tarixədək sözügedən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sonradan isə cavabdeh bildirmişdir ki, ölkəyə gələ bilmədiyi üçün qeydiyyatdan çıxa bilmir. Cavabdeh həmin evdə qeydiyyatda qalmışdır. Həmçinin, həmin cavabdeh 2018-ci ildən həmin evdə yaşamır. Cavabdehin qeyd edilən mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 19 saylı (yeni qaydalarla: ünvan 2 m1) mənzil (bundan sonra – mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(060)-4332/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmaları, 06 iyun 2022-ci il tarixdən başlayaraq cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. 4 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdeh 2018-ci ildən mübahisəli mənzildə yaşamır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh mübahisəli mənzil üzərində mülkiyyət hüququ ilə ona məxsus olan payı 14000 manata iddiaçıya satmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən cavabdeh xx.xx.2019-cu il tarixdə ölkədən çıxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İşdən göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzil tərəflərin birgə nikahları dövründə əldə edilmiş, sonradan cavabdeh həmin mənzil üzərində olan payını iddiaçıya satmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (215.6.). Göründüyü kimi mübahisəli mənzil hazırda tam mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdeh həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1-da yerləşən 19 saylı (yeni qaydalarla: Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 36, M 3, m 1) mənzilə istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar