Məhkəmə qərarları › İş №e-2(060)-81/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-81/2024

02.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-81/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul kompensasiyası verməklə cavabdehin ona məxsus ünvan 2, mənzil 8-ə dair azyaşlı uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, 2009-cu ilin dekabr ayından faktiki nikah münasibətlərində olmaqla, nikahları xx.xx.2014-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fatimə, xx.xx.2019-cu il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Cavabdeh 2009-cu ildən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçmüşdür. Mübahisəli mənzil xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı qardaşı X2 adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmış və adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi İddiaçıdur. Tərəflər uzun müddət mübahisəli mənzildə birlikdə yaşadıqdan sonra 2021-ci ildə ailə münasibətləri pozulmuş, Cavabdeh uşaqları ilə birlikdə mənzili tərk edərək, valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4326/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması qət edilmişdir. Daha sonra iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh isə istifadə hüququnun itirilməsi ilə bağlı qarşılıqlı iddia vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4997/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov) hər iki iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, Cavabdeh həmin vaxtdan 4-5 ay öncə mənzildən çıxmış və tərəflər hazırda bir yerdə yaşamırlar. Cavabdeh mübahisəli mənzilə istifadə hüququ olmadığından həmin mənzilə köçürülə bilməz. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar isə məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığından onların yaşayış yeri analarının yaşayış yeri sayılır. İlk iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3768/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.Quliyev (sədrlik edən və məruzəçi) G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2792/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1729/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi) İ.Dəmirov və R.Ağayev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi və bu mənzildə istifadə hüquqlarının 4 il müddətinə saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən istifadə hüququ 2 il müddətinə saxlanılmışdır. Cavabdeh azyaşlı uşaqları ilə birlikdə 2 ildən çoxdur ki, qeyd olunan mənzildə yaşamır, onun daimi yaşamağa yeri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. Konstitusiya Məhkəməsinin qərarına əsasən, təklif olunan kompensasiya ağlabatan olmalı və cavabdehə müəyyən müddət oxşar şəraitdə yşamaq imkanı verməlidir. O, cavabdehə 5000 (beş min) manat məbləğində kompensasiya təklif edir. Belə ki, bu kompensasiya ilə o, oxşar şəraitli mənzildə ən azı 3 il kirayədə qala bilər. Kirayə haqları barədə müvafiq arayışı məhkəmə iclasında təqdim ediləcəkdir. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul kompensasiyası verməklə ünvan 2, mənzil 8-ə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, cavabdehin mübahisəli mənzilə Ali Məhkəmənin qərarı əsasında 2 il müddətinə istifadə hüququ tanınıb. İstifadə hüququna xitam verilməsi üçün qarşı tərəf cavabdehə 8000 manat məbləğində pul kompensasiyası təklif edir. Hesab edir ki, təklif olunan pul cavabdehin mənafeyinə uyğundur və buna görə də həmin məbləğlə razıdır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1729/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilmiş, ilkin iddiaçı Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi və bu mənzildə istifadə hüquqlarının 4 il müddətinə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1009/2023 saylı qərarından görünür ki, həmin qərar ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən istifadə hüququnun 2 il müddətinə saxlanılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1009/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən və azyaşlı övladı X3 isə xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir (30.5). Beləliklə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmə qərarına əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən istifadə hüququnun 2 il müddətinə saxlanılması qərara alınmışdır. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, həm İddiaçı, həm də Cavabdeh sözügedən mənzildə birlikdə yaşamaq istəmir. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən 2 il istifadə hüququnun əvəzində cavabdehə 8000 manat kompensasiya təklif edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9122, 9/9/16xx-xx/1689 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanındca köhnə beşmərtəbəli binada yerləşən iki otaqlı mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250 manat məbləğində müəyyən edilmişdir. ünvan 2, 8 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 60000 manat, likvid dəyəri isə 57000 manat məbləğində müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasındcan asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik edilməsi istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 8000 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh davamlı surətdə, nəinki 2 il, daha çox müddətdə (8000 manat : 250 manat : 12 ay) başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edə bilər. Eyni zamanda məhkəmə bu nəticəyə gələrkən cavabdeh tərəfin təklif olunan kompensasiya məbləği ilə razı olduğunu da nəzərə alır. Beləliklə mənzildən istifadə hüququna xitam verilməsi əvəzində ödənilməli olan kompensasiyanın istifadə hüququna xitam verilmiş şəxsin ayrıca mənzillə təmin olunması məqsədi daşımadığını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən 2 il müddətinə istifadə hüququna xitam verilməsi üçün təklif edilən 8000 (səkkiz min) manat məbləğində kompensasiya ədalətli və ağlabatandır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul kompensasiyası verilməklə ünvan 2, mənzil 8-ə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh azyaşlı övladlarına münasibətdə də təmin edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və onun azyaşlı övladlarının ünvan 2, 8 saylı mənzilə olan 2 il istifadə hüquqlarına İddiaçı tərəfindən onlara 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar