Məhkəmə qərarları › İş №e-2(060)-8213/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8213/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8213/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi , İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiləşdirmə verərək cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər - Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili bağışlama müqaviləsi əsasında oğlu X1 bağışlamaq istəyir. Yuxarıda qeyd olunan ünvan 1 ünvanında yerləşən mənzili bağışlama müqaviləsi əsasında oğlu X1 bağışlayarkən Cavabdeh3 ilə 16.02.2021-ci il tarixdə “kompensasiya ödənilməsi barədə” müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə Cavabdeh3 10 000 manat kompensasiya ödənilməsini öhdəlik götürmüşdür, Cavabdeh3 isə müqavilə bağlandığı gündən 1 ay müddətində qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək kompensasiya ödəsə də Cavabdeh3 müqavilə üzrə ödəliyini yerinə yetirməmiş, mənzildən qeydiyyatdan çıxmamışdır. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili bağışlama müqaviləsi əsasında oğlum X1 bağışlayarkən mənzilin bağışlanmasına etiraz etmədiklərini, mənzildən qeydiyyatdan çıxmağı öhdəlik götümələri barədə ərizə vermiş və qeyd olunan ərizələr 23.08.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir. Bildirirəm ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə yaşamırlar onların həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdehlər faktiki olaraq özlərinə məxsus olan mənzillərdə yaşayırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal qeydiyyatda olması onun kommunal xərclərinin artıq məbləğdə hesablanmasına, əlavə maliyyə vəsaiti itirməyimə səbəb olur. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsini və pasport qeydiyyatından çıxarılmasını istəyirəm. Mübahisənin məhkəməyədək həll edilməsi üçün dəfələrlə cavabdehlərlə danışıqlar aparsa da heç bir nəticəsi olmamışdır. Odur ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək, məhkəmə prosesi gedişatında cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxdıqları üçün iddia tələbinin həcminin azaldırlması zərurəti yarandı. Odur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. - 16.02.2021-ci il tarixli kompensasiya ödənilməsi barədə müqavilədən görünür ki, bu müqaviləyə əsasən İddiaçı məxsus olan ünvan 1-dən qeydiyyatdan çıxması barədə və kompensasiya ödənilməsi barədə bağlanılır. İddiaçı ona məxsus olan mənzildən Cavabdeh3 müqavilənin bağlandığı gündən 1 (bir) ay müddətində qeydiyyatdan çıxmağına və həmin mənzili istəyən şəxslərin adına özgəninkiləşdirilməsinə görə Cavabdeh3 bank vasitəsilə 10000 (on min) manat vəsait ödəyir. Cavabdeh3 öhdəlik götürür ki, qeydiyyatda olduğu ünvan 1-dən müqavilənin bağlandığı gündən 1 ay ərzində qeydiyyatdan çıxır və gələcəkdə həmin ünvanda yerləşən mənzili istənilən şəxslərin adına sənədləşməsinə, özgəninkiləşdirilməsinə razıdır, gələcəkdə bununla bağlı heç bir iddia tələbi olmayacaqdır, bu öhdəliyin əvəzində Cavabdeh3 İddiaçı kompensasiya olaraq bank vasitəsilə 10000 (on min) manat məbləğində vəsait alır. -23 avqust 2021-ci il tarixli **********265 saylı ərizədən görünür ki, Cavabdeh4, qeydiyyatda olduğu İddiaçı məxsus olan ünvan 1-nin bağışlanmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. - Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 15/23 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 62,68 kv.m ümumi, 44,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 108 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 15/23 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 62,68 kv.m ümumi, 44,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər kompensasiya müqaviləsindən göründüyü mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də buna əməl etməmiş və qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlərin ünvan 1-də qeydiyyatda qalması iddiaçının– mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əksinə mülkiyyətçi kimi onun iradəsinə ziddir. Cavabdehlər mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu İddiaçı verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüşlər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1-də qeydiyyatda qalması mülkiyyətçiyə öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsində göstərilən tarixdən itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar