Məhkəmə qərarları › İş №e-2(060)-8494/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8494/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8494/2025 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 yanvar 2020-ci il və 18 yanvar 2020ci il tarixlərində Cavabdeh ilə aralarında S3K5821371 nömrəli və S3K5821372 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5821371 nömrəli müqavilə üzrə 500 manat dəyəri olan 1 ədəd “MW LG MS” markalı məhsul alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5821372 nömrəli müqavilə üzrə 348 manat dəyəri olan 1 ədəd “SAMSUNG GALAXY A10" markalı məhsul alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı S3K5821371 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 480 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 20 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5821372 nömrəli müqavilə üzrə 15 manat ilkin ödəniş olmaqla, qalan 333 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 28 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada, icra edilməmiş və nəticədə onun S3K5821371 nömrəli müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pulu olmaqla, 325 manat və S3K5821372 nömrəli müqavilə üzrə 81 manat əsas, 24 manat dəbbə pulu olmaqla, 105 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5821371 nömrəli, 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 5 manat ödəniş və S3K5821372 nömrəli, 18 yanvar 2020-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 7 manat ödəniş edilmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh S3K5821371 nömrəli, 02 iyun 2020-ci il tarixli müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pulu və S3K5821372 nömrəli, 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə 81 manat əsas, 24 manat dəbbə pulu və 30 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 460 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli, S3K5821371 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 500 manat dəyərində olan 1 ədəd “MW LG MS 2535 GİB” markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 24 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 20 manat etməklə cəmi 480 manat ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2020ci il tarixli, S3K5821372 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 348 manat dəyərində olan 1 ədəd “SAMSUNG GALAXY A10"” markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 12 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 28 manat etməklə, cəmi 333 manat ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh 18 yanvar 2020-ci il tarixli, S3K5821371 saylı müqavilə üzrə 250 manat əsas, 75 manat dəbbə pulu, 18 yanvar 2020-ci il tarixli, S3K5821372 saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixə müvafiq olaraq 331 manat əsas, 99 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 460 manat məbləğində borcu mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

12. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

13. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

14. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

15. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

18. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, S3K5821371 nömrəli, 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə cərimə borcu 20 manat, 18 yanvar 2020-ci il tarixli, S3K5821372 nömrəli müqavilə üzrə cərimə borcu 10 manat məbləğində müəyyən edilməlidir.

19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, S3K5821371 saylı alqı-satqı müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 270 (iki yüz yetmiş) manat, xx.xx.2020-ci il tarixli, S3K5821372 saylı alqı-satqı müqaviləsinə əsasən 81 (səksən bir) manat əsas, 10 (on) manat cərimə, cəmi 91 (doxsan bir) manat olmaqla, ümumilikdə 361 (üç yüz altmış bir) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, S3K5821371 saylı alqı-satqı müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat əsas, 20 (iyirmi) manat cərimə, cəmi 270 (iki yüz yetmiş) manat, xx.xx.2020-ci il tarixli, S3K5821372 saylı alqı-satqı müqaviləsinə əsasən 81 (səksən bir) manat əsas, 10 (on) manat cərimə, cəmi 91 (doxsan bir) manat olmaqla, ümumilikdə 361 (üç yüz altmış bir) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar