Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-925/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs – "xxxx" ASC) mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə köçürüldüyü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşağdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı qarşı onun cavabdehlə birgə nikah dövründə inşa etdikləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 2 mərtəbəli, 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi və digər tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evə köçürülməsi barədə iddiası təmin edilmişdir. Cavabdeh iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə olduğu halda uzun müddət iddiaçının ora köçməsinə hər şəkildə mane olmuş və iddiaçı uzun müddət sonra icra məmurunun köməkliyi ilə orada yaşamağa başlamışdır. Lakin bir müddətdir ki, cavabdeh həmin evdəki qazı, işıq su xəttini kəsməklə, evdə yaşamaq üçün hər cürə şəraiti yox etməklə iddiaçının həmin mənzildən istifadəsinə maneələr yaradır. Bundan başqa cavabdeh qapını bağlayaraq iddiaçının sanitar qovşaqdan istifadə etməsinə də maneəçilik törədir. Bu şəraitdə iddiaçının məhkəmə qətnaməsi ilə köçürüldüyü mənzildən istifadə etməsi heç cürə mümkün deyildir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştriak etməmiş (təmsil edilməmiş) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükn hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1977-ci ildə anadan olmuşdur. O, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikah dövründə inşa etdikləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə edilmiş olması nəzərə alınaraq onun və cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi və iddiaçının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 2 mərtəbəli, 257 nömrəli fərdi yaşayış evinə (bundan sonra-mübahisəli ev) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 887/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mübahisəli evdən iddiaçı və cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-869/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən iddiaçı ilə cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi hissəsində ləğv edimiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-869/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Göründüyü kimi hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla tərəflərin heç birinin həmin ev üzərində mülkiyyət və ya qanuni istifadə hüquqları mövcud deyildir. Buna baxmayaraq həmin ev faktiki olaraq mövcuddur və qanuni qüvəvəyə minmiş məhkəmə aktı əsasında iddiaçı həmin evə köçürülmüşdür. Bu səbəbdən həmin evə iddiaçının yaşayış yeri kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən əmələ gəlmişdir. Cavabdeh iddiaçının mübahisəli evə yaşamasına maneələr törətməklə iddiaçının həmin hüququnu pozmağa çalışmışdır. Mülki Məcəlləyə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (159). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci madədsində göstərilir ki, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Hal-hazırda iddiaçı cavabdehin onun həmin evdən istifadə etməsinə maneələr törətdiyini bildirir və həmin maneələrin aradan qaldırılmasını tələb edir. Həmin maneələr isə kommunal xidmətlərdən və sanitar qovşaqdan istifadəyə yaradılmış maneələrdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan iddiaçının istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-925/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-925/2023
17.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver