Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-926/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus olan torpaq sahəsindən və onun üzərində yerləşən ünvan 4 saylı fərdi yaşayış evindən cavabdehin ona məxsus olan əşyaları ilə birlikdə çıxarılması və ona məxsus olan torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 4 saylı fərdi yaşayış evinə özbaşına daxil olmama öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2016-cı ildə rəsmi olaraq ayrılmış, rəsmi ayrılmamışdan əvvəldən də onların münasibətiləri faktiki olaraq bitmişdir. Rəsmi ayrıldıqları vaxtdan da cavabdeh xaricdə olmuş, ara-sıra anasına məxsus olan evə gedib-gəlmişdir. Cavabdeh uşaqları ilə görüşmək adı ilə 25 dekabr 2022-ci il tarixdə onun evinə gəlmişdir. Cavabdehə uşaqları ilə anasıgildə görüşməsi təklif edilsə də, zorla mənzilə daxil olmuş və tərəflər arasında mübahisə düşmüşdür. Lakin böyük oğlu mübahisəyə müdaxilə edib, problem yaşamasın deyə ona müvəqqəti olaraq həmin gün cavabdehə evdə qalmağa icazə vermişdir. İddiaçı cavabdehi dəfələrlə evindən çıxarmağa çalışsa da, cavabdeh evdən çıxmayacağını bildirmişdir. İddiaçı öz xüsusi mülkiyyətindən bu gün normal qaydada istifadə edə bilmir. Belə bir şəraitdə bu gün iddiaçının mənzildən istifadə etməyi heç cürə mümkün deyildir. Ona görə də bu gün məcbur qalıb məhkəməyə müraciət edir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, tərəflərin münasibətləri illər öncə faktiki olaraq bitsə də, rəsmi qaydada nikahları 2016-cı ildə pozulmuşdur. ünvan 4 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh illərdir ki, başqa ölkədə yaşayır. O, müstəsna hallarda ölkəyə gəldiyi zaman övladları ilə görüşmək bəhanəsiylə evə zorla daxil olur, evdə mübahisə yaradır, iddiaçıya qarşı zorakılıq tətbiq edir. Bu hal isə iddiaçının, eləcə də onun övladlarının psixologiyasını pozur. İddiaçının öz mülkiyyətindən istifadə hüquqları məhdudlaşır. Bu səbəbdən də, cavabdehin məhkəmə qaydasında sözügedən evdən çıxarılması barədə iddia tələbi irəli sürmüşdür. Sözügedən əmlak birgə nikah dövründə əldə edilsə də, tərəflərin nikahları 7 ildən çox müddətdir ki, pozulmuşdur. Cavabdeh nə vaxtsa əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırsa belə, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüş hesab ediləcək. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizələrinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1978-ci ildə, sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1975-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6892/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2001-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş X2 və X1 iddiaçının yanında saxlanması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2019-cu ildə, 187 nömrə ilə qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 1870 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 507C nömrəli evdə yaşayır və qeydiyyatdadır. Quliyeva Zibeydə Əsəd qızı ilə iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Quliyeva Zibeydə Əsəd qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 507 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,0478 hektar torpaq sahəsinin 0,02 hektar hissəsini 5400 manata iddiaçının mülkiyyətinə vermişdir. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında, 0,02 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən cavabdeh xx.xx.2022-ci il tarixdə ölkədən çıxmışdır. İddiaçı hazırkı iddiasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 507 nömrəli fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu bildirir və cavabdehin həmin evdən çıxarılmasını tələb edir. Mülki Məcəlləyə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. İşdən göründüyü kimi tərəflər 2001-ci ildə nikaha daxil olmuşlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi 2008-ci ildə iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən alınmışdır. Mübahisəli ev isə 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Tərəflər arasında nikah 2016-cı ildə pozulmuşdur. Beləliklə müəyyən edilir ki, mübahisəli ev tərəflərin nikahları dövründə əldə edilmişdir və bu səbəbdən tərəflərin ümumi birgə mülkiyyətidir. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər (222.1.). Göründüyü kimi cavabdeh mübahisəli evin iddiaçı ilə yanaşı birgə mülkiyyətçisi olmaqla həmin evdən istifadə etmək hüququna malikdir. Bu hüquqdan onun məhrum edilməsi isə cavabdehin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, tərəflər arasında nikah 2016-cl ildə pozulmuş və bu səbəbdən cavabdeh mübahisəli ev üzərində payların müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixi Qərarında göstərilmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddiaçı cavabdehin birgə əmlakın bölünməsi ilə bağlı iddia müddətini ötürdüyünü qeyd etsə də, hazırkı tələb daxilində həmin məsələyə hüquqi qiymət verilə bilməz. Belə ki, cavabdeh mübahisəli ev üzərində payların müəyyən edilməsi ilə bağlı tələblə məhkəməyə müraciət edərsə, məhkəmə iddia müddətinin ötürülüb-ötürülməməsini yoxlaya bilər. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus olan torpaq sahəsindən və onun üzərində yerləşən ünvan 4 saylı fərdi yaşayış evindən cavabdehin ona məxsus olan əşyaları ilə birlikdə çıxarılması və ona məxsus olan torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 4 saylı fərdi yaşayış evinə özbaşına daxil olmama öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-926/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-926/2023
28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver