Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-93/2025 12.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “iddiaçının payına düşən payın kompensasiya qaydasında ona ödənilməsi, bu mümkün olmadıqda isə mübahisəli mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, ünvan 1, mənzil 37-nin naturada bölünməsi, bölgü zamanı sahəsi 18.4 kv.metr olan yaşayış otağının onun, sahəsi 12.2 kv.metr olan yaşayış otağının Cavabdeh2, sahəsi 9 kv.metr olan yaşayış otağının Cavabdeh1 və sahəsi 8.8 kv.metr olan mətbəxin isə Cavabdeh3 istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artıraraq iddiaçının payına düşən payın kompensasiya qaydasında ona ödənilməsi, bu mümkün olmadıqda isə mübahisəli mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin iddia tələbində qeyd etdikləri formada naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda kompensasiyanın ödənilməsini, o da mümkün olmadıqda isə mənzilin açıq hərracda satılması və ödənilmiş rüsumların cavabdehlərə aid olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 37 paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsusdur. Həmin mənzil üzərində hər birinin payı ¼ hissədədir. Mənzilin ümumi sahəsi 69.1 kv.metrdir və mənzil üç otaqdan ibarətdir. Hesab edir ki, mənzil naturada bölünməli, bölgü zamanı sahəsi 18.4 kv.metr olan yaşayış otağı onun, sahəsi 12.2 kv.metr olan yaşayış otağı Cavabdeh2, sahəsi 9 kv.metr olan yaşayış otağı Cavabdeh1 və sahəsi 8.8 kv.metr olan mətbəx isə Cavabdeh3 istifadəsinə verilməli və bu barədə qətnamə qəbul olunmalıdır.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mənzilin qiyməti təxmini olaraq 110000-120000 manat aralığındadır. Cavabdehlərin hər birinə kompensasiya məsələsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, lakin razılığa gələn tərəf olmamışdır.
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, hazırda kirayədə yaşayır. Digər Cavabdeh3 evin ona qalması üçün barışıq təklifi ilə razılaşmır.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. 14 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1, 37 saylı mənzilin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh3, 1/4 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/6016 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzildən İddiaçı payının naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 bə 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olundu.
11. "xxxx" MMC-nin MB-18/1169 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin 28 avqust 2025-ci il tarixinə olan bazar dəyəri 105000 manat təşkil edir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; -220.4-cü maddəsinə əsasənbu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; -220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı:
Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1, 37 saylı mənzilin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh3, 1/4 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ vardır. Hal-hazırda iddiaçı ünvan 1, 37 saylı mənzilin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda kompensasiyanın ödənilməsi, o da mümkün olmadıqda açıq hərracdan satılmasını məhkəmədən xahiş edir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin keçilməsinə riayət olunduğu təqdirdə əsaslı hesab edilə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyibsə, həmçinin öz payının naturada ayrılmasını tələb etməsinə baxmayaraq, payın naturada ayrılması mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
18. Məhkəmə iddiaçının ünvan 1, 37 saylı mənzilin naturada bölünərək onların hər birinə düşən payın naturada ayrılması tələbinə münasibətdə qeyd edir ki, mübahisə predmetini təşkil edən mənzil iddiaçının və cavabdehlərin paylı mülkiyyətindədir. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəydən məlum olur ki, sözügedən mənzilin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil.
19. Məhkəmə o halı da xüsusilə qeyd edir ki, iddiaçı paylı mülkiyyətində olan payının dəyərinin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə cavabdehlərə ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının payına uyğun kompensasiyanın ödənilməsi barədə tərəflər arasında razılaşma əldə olunmamışdır.
20. Məhkəmə hesab edir ki, mübahisəli əmlakda payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də iddiaçının payına uyğun kompensasiyanın ödənilməsi barədə tərəflər arasında razılaşma əldə olunmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslı olmuşdur. Lakin məhkəmə həmin satışın həyata keçirilməsi formasına işin faktiki hallarına uyğun olaraq daha dəqiq münasibət bildirilməsini zəruri hesab edir.
21. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı, xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadında qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.
22. Qeyd edilən mövqedən çıxış edərək hazırki iş üzrə məhkəmə hesab edir ki, mübahisəli əmlakın satışı açıq hərrac qaydasında keçirilməlidir.
23. Məhkəmə hər bir halda mübahisəli əmlakın hərracdan satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui istifadə hallarının qarşısının alınması məqsədilə mübahisəli əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsini də zəruri hesab etdiyindən əmlakın qiymətləndirilməsini keçirmişdir. "xxxx" MMC-nin MB-18/1169 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin 28 avqust 2025-ci il tarixinə olan bazar dəyəri 105000 manat müəyyən edilmişdir.
24. Məhkəmə o halı da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
25. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli əmlakın bazar dəyərinin 105000 manat olması nəzərə alınmaqla açıq hərracın seçilməsi zamanı onun ilkin (mövcud vəziyyətdə bazar) dəyəri kimi həmin məbləğ əsas götürülməlidir.
26. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı və cavabdehlərin ümumi paylı mülkiyyətində olan ünvan 1, 37 saylı mənzil açıq hərracdan satılmalı və ilkin satış qiyməti onun bazar dəyərinə uyğun olaraq 105000 manat məbləğində müəyyən edilməli, ünvan 1, 37 saylı mənzilin hərracda satışından əldə olunmuş pul vəsaiti paylı mülkiyyətçilər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 paylarına uyğun bölüşdürülsün. 27. Məhkəmə xərcləri:
28. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(060)-3916/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır.
29. 21.04.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
30. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142955, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
31. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e- 2(060)-93/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır.
32. 10.09.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
33. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ013501**********2944; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətində olan ünvan 1, 37 saylı mənzil açıq hərracdan satılsın və ilkin satış qiyməti onun bazar dəyərinə uyğun olaraq 105000 manat məbləğində müəyyən edilsin. ünvan 1-da yerləşən 37 saylı mənzilin hərracda satışından əldə olunmuş pul vəsaiti paylı mülkiyyətçilər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 paylarına uyğun (hər birinin ¼ hissədə payı nəzərə alınmaqla) bölüşdürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142955, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub "xxxx" MMCnin (xidmət göstərən: "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ013501**********2944; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva