Məhkəmə qərarları › İş №e-2(060)-974/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-974/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-974/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X5 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “cavabdehin mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumisahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzilində olmuş istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X6 oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzilindən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzilini, xx.xx.2004cü il tarixdə Sumqayıt şəhərində yerləşən, "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında imzalanmış müqaviləyə əsasən, mənzilin ümumi dəyərini nəğd şəkildə tam ödəməklə almışdır. Qeyd olunan mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh Baxışova (Qasımova) Pərvanə İlham qızı ilə xx.xx.2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından birgə nikahımızdan xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri 5 ildən çox müddət idi ki, bitdiyindən aralarında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(060)-2760/2023 saylı qətnaməsi ilə pozularaq birgə nikahlarından anadan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 yanında saxlanması və uşaqların saxlanması üçün hər ay ondan sabit pul məbləğində 190 manat olmaqla iki uşaq üçün 380 manat ailimentin tutulması qət edilmişdir. Qeyd edir ki, mənzil cavabdehlə nikaha daxil olmazdan əvvəl yəni xx.xx.2004-cü il tarixdə dəyərini tam ödəniş etməklə almışdır. Yuxarıda qeyd etdiyi kimi cavabdehlə aralarında olan ailə münasibətləri 5 ildən çox müddətdir ki, bitmiş olsa da və eyni zamanda məhkəmə qətnaməsi ilə aralarında olan nikaha xitam verilsə də cavabdeh ona məxsus olan evdən çıxmır. Onun etirazının əsası mənzildə onun pay hüquqlarının olduğunu bildirməsidir. Bundan əlavə iş üzrə digər Cavabdeh1 onların ailə üzvləri olmamışdır. O, qeyd olunan mülkiyyətdə olan mənzildə ümumiyyətlə yaşamamışdır. Onun ümumiyyətlə mənzildə qeydiyyatı formal olmuşdur.

3. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunaraq, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 kv.metr olan 45V nömrəli evin, 7 saylı mənzili üzərində onun 3/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, birinci iddia üzrə İddiaçı ona və Cavabdeh1 qarşı Sumqayıt şəhəri, birinci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin 7 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab olunması, onun və xx.xx.2009-cu il təvəllüdlü oğlu X6 oğlunun, xx.xx.2011ci il təvəllüdlü qızı X2 Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin 7 saylı mənzilindən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi ilə razı deyildir. İddianı ona və uşaqlarına qarşı tamamilə qanunsuz və əsassız hesab edir. Ona görə də qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. Belə ki, cavabdeh İddiaçı ilə 2004-cü ildə yaşı çatmadığından dini nikah kəsdirməklə ailə qurmuşdur. xx.xx.2006-cı il tarixdə cavabdeh İddiaçı ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. 2023-cü ilin əvvəlinə kimi münasibətləri normal olsa da sonradan cavabdeh Rusiyada yaşadığından, ona və uşaqlara münasibətdə soyuqluq yarandığından aralarında münasibətlər pozulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(060)-2760/2023 saylı qətnaməsi ilə pozulmuş, hər ay iki uşağın saxlanması üçün 380 manat sabit pul məbləğində aliment ödənilməklə azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Bildirir ki, İddiaçı Rusiyaya gedib-gəldiyindən mübahisəli mənzilin təmiri onun tərəfindən tam başa çatdırılaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin, 7 saylı mənzilində 2006-cı ilin əvvəlindən başlayaraq hazıradək uşaqları ilə birlikdə yaşayır. Qeyd edir ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, 7 saylı mənzilə dair 82 saylı order verilmiş və orderdə qeyd olunmuşdur ki, həmin mənzildə İddiaçı və Cavabdeh2 yaşamaq hüququ vardır. Həmin orderdə Cavabdeh2 - İddiaçı həyat yoldaşı kimi qeyd olunmuşdur. Bu fakt təsdiq edir ki, onlar həmin dövrlərdə faktiki ailə münasibətlərində olmuşlar. Həmçinin, "xxxx" MTK-nin 275 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə haqq-hesabı arayışını da hər ikisinin daimi qeydiyyatda olması qeyd olunmaqla həmin mənzilə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə müraciət etmişlər. Həyat yoldaşı İddiaçı adına DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Qeyd etdiyi kimi istər orderin verilməsində, istərsə də "xxxx" MTK-nin 275 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə haqqhesabını arayışında hər ikisinin adı olmuş və DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın verilməsi birgə nikahda olduqları və yaşadıqları dövrlərdə olduğu üçün həmin mənzilə pay hüququ vardır. Qeyd edilən əmlak birgə nikah dövründə əldə edildiyindən himayəsində olan iki azyaşlı uşaqlarının mənafeyi nəzərə alınmaqla həmin əmlaka 2/3 pay haqqı müəyyən edilməklə müvafiq qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X5 ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatında bildirmişdir ki, ilkin iddiaya münasibətdə qeyd edir ki, mənzil 2004-cü il tarixdə iddiaçı tərəfindən dəyəri tam ödənilməklə alınmışdır. 2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. 2006-cı il tarixdə tərəflər rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Tərəflər uzun müddət ayrı yaşadığı üçün Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Buna baxmayaraq cavabdeh qeyd olunan mənzildən çıxmamışdır. O, iddia etmişdir ki, həmin əmlak üzərində pay hüququ vardır. Bunu əsas götürərək mənzildən qeydiyyatdan çıxmamışdır. Öncəki nümayəndə bildirmişdir ki, əsas mübahisə predmeti ondan ibarət olmuşdur ki, əmlakın alınmasına cavabdeh tərəfindən də vəsait sərf olunmuşdur. Bununla bağlı hər hansı bir sübutun təqdim edilmədiyini bildirir. Hesab edirlər ki, tam əsassızdır. Ödənişlə bağlı iki qəbz vardır. Hal-hazırıki vəziyyətdə MTK ləğv olunmuşdur. Həmin sənədlər də evdə qalmışdır. 19 yanvar 2005-ci il tarixdə sonuncu ödəniş olmuşdur. Həmin məbləğlər müqayisəli şəkildə tədqiq edilsə görünər ki, həmin məbləğ tam ödənilmişdir. Qarşılıqlı iddia tələbini tamamilə əsassız hesab edirlər. Belə ki, heç bir sübut təqdim olunmamışdır. İlkin iddiaya münasibətdə qeyd edir ki, order yaşayan şəxsə verilir. Şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçilən andan yaranır. Konstutsiya Məhkəməsinin Plenum qərarlarında da bu məsələyə kifayət qədər toxunulmuşdur. Orderdə adı qeyd olunsa da mənzildən istifadə hüququ yoxdur. Vaxtında nikaha daxil olmaması barədə mülahizəsi də əsassızdır. Bununla bağlı hər hansı bir dəlil də məhkəməyə təqdim etməlidir. Rəsmi nikah dövlət qeydiyyatından keçilən andan yaranır. Order o demək deyildir ki, orada ad qeyd olunubsa həmin mənzildən istifadə etmək hüququ vardır. İstifadə ilə bağlı Konstutsiya Məhkəməsinin Plenumunun 5-ə yaxın qərarı vardır. Hesab edirlər ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən tərəflər arasında olan rəsmi nikaha xitam verildiyindən cavabdehin də həmin əmlak üzərində olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməlidir. Ehtimallara deyil, sübutlara əsaslanılmalıdır. Bir ay öncə Ali Məhkəmənin Plenumu tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlak ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Ali Məhkəmənin mövqeyi ondan ibratədir ki, tərəf sübut etməlidir. O hissədə ki, onun valideyni mənzilin alınmasına pul sərf etmişdir. Qəbzdə 19 yanvar 2005ci il tarixi göstərilir. Həmin o qəbzlərdə müqavilədə göstərilən məbləğ tam olaraq öz əksini tapır və ödənilmişdir. İddiaçı həmin qəbzlə əmlakın dəyərini tam olaraq özü ödəmişdir. Maliyyə arayışı ilə bağlı onda heç bir məlumat yoxdur. MTK bağlanmışdır. Orderin həqiqiliyinə onun şübhəsi vardır. Orderdə o zaman onun adı həyat yoldaşı kimi göstərilərdi ki, onun həyat yoldaşı olmasını təsdiq edən sənəd olsun. 2006-cı il tarixində tərəflər rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Order isə 2005-ci il tarixdə verilmişdir. Burada əmlakın faktiki dəyərinin ödənilməsindən söhbət gedir. Qarşı tərəf bildirir ki, mənzili almışdırlar. Onda onu sübut etsinlər. Əgər şərti olaraq qəbul edilsə belə, bununla bağlı sübut təqdim etməlidirlər. 19 yanvar 2005-ci il tarixdə məbləğ tam ödənilmişdir. 2 avqust 2004-cü il tarixdə ilkin ödənişi ödəniş ödəmək şərti ilə müqavilə bağlanmışdır. Ona görə də ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddiaya etiraz edərək izahatında bildirmişdir ki, yoldaşı barışmaq istəmişdir. Ona görə də onun valideynləri ilə bağlı bu məsələdə çox danışmışdır. O başa sala bilmir ki, onlar arasında hörmət qalmamışdır. O qədər söz-söhbətdən sonra artıq münasibət belə qalmamışdır. Valideynləri ona cəza verməkdən ötrü ona barışmaqlarını deyir. Ona görə hal-hazırda gəlməmişlər. Onlar elə bilirlər ki, tərəflər barışacaqdır. Onun valideynləri ilə başqa, onunla başqa danışır. Ona bildirir ki, altı vəkil tutub, onu kirayələrdə yaşadacaqdır. Bildirir ki, sübut yoxdur. Ona görə də pul verildiyini sübut edə bilməz. Ceyhun onun anası ilə danışdıqda bildirir ki, barışacaqlar. Lakin onla danışdıqda bildirir ki, cəza verəcəkdir. Doqquz min dollar mənzil üçün pul ödəmişlər. Onun həmin zaman on altı yaşı olduğu üçün işi böyüklər həll etmişdir. 2005-ci il tarixdə orada yaşayış olmamışdır. Həmin zaman oranın təmir işləri getmişdir. Ceyhun bütün həyatı boyu Rusiya Federasiyasında olmuşdur. Hal-hazırda da ordadır. O isə uşaqlarnan yaşamışdır. Son səkkiz ildir ki, Ceyhun Rusiya Federasiyasında, o isə Sumqayıt şəhərində yaşayır. Əgər o pul verməsə idi, Ceyhun orderə onun adını yazdırmaz idi. 23 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Boşanma barədə iddianı da Ceyhun qaldırmışdır.

7. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddia olunan mənzil ümumi mülkiyyətdə olmuşdur. Mülki Məcəllənin 213-cü maddəsinə əsasən iki və daha artıq şəxsin istifadəsində olan əmlak onların ümumi mülkiyyəti hesab olunur. 26 sentyabr 2005-ci il tarixli, 82 nömrəli orderin əslini sübut kimi təqdim etmişlər. Hüququn yaranması üçün order əsasdır. Həmin order 21 sentyabr 2006-cı il tarixində Ruslan MTK tərəfindən təsdiq olunmuşdur. Hesab edirlər ki, Pərvanin valideynləri tərəfindən ödəniş olunmasa idi, orderdə onun adı da yazılmazdı. Daşınmaz Əmlakda hüquqların qeydiyyata alınması üçün əsas maliyyə haqq-hesab arayışıdır. Həmin arayışın da əslini təqdim etmişlər. Arayış xx.xx.2014-cü il tarixə aiddir. Ceyhun və Pərvanin hər ikisinin adı orada yazılmışdır. Rəsmi nikah olmasa da həyat yoldaşı kimi göstərilmişdir. Mənzillə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. 29 sentyabr 2023-cü il tarixində tərəflər arasında olan nikaha xitam verildikdən sonra mübahisə ortaya çıxmışdır. Ona görə də ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə qaydasında paylar müəyyən olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

9. "xxxx" Mənzil – Tikinti Kooperativ ilə İddiaçı arasında bağlanmış 2 avqust 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, vətəndaş İddiaçı "xxxx" Mənzil – Tikinti Kooperativin Sumqayıt şəhəri, 1-ci mikrorayonda tikəcəyi kooperativ yaşayış binasından üç otaqlı mənzil almaq üçün "xxxx" Mənzil – Tikinti Kooperativinə müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Həmin müqavilənin 2-ci bəndinə görə vətəndaş İddiaçı "xxxx" Mənzil – Tikinti Kooperativinin tikəcəyi yaşayış binasından alacağı üç otaqlı mənzilin ilkin dəyərini Kooperativin Nizamnaməsinə uyğun və kooperativ üzvlərini xx.xx.2003-cü il tarixli ümumi yığıncağının qərarına əsasən ödəniş gününə Azərbaycan Respublikası Milli Bankının məzənnəsi ilə manatla ödənilir. Həmin müqavilənin 3-cü bəndinə görə vətəndaş İddiaçı tərəfindən hər dəfə ödənilmiş pay haqqlarının məbləğini təsdiq edən sənəd MTK tərəfindən verilir. Həmin müqavilənin 4-cü bəndinə görə kooperativ pay haqqlarını vaxtında ödəməyən kooperativ üzvləri 10 gün müddətində "xxxx" Mənzil – Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli ümumi yığıncağının qərarına əsasən kooperativ üzvlüyündən xaric edilir. Həmin müqavilənin 9-cu bəndinə görə "xxxx" Mənzil – Tikinti Kooperativinin Sumqayıt şəhəri, 1-ci mikrorayonda layihə - smeta sənədlərinə uyğun tikəcəyi yaşayış binasında üç otaqlı mənzilin ümumi sahəsi 97 m2 təşkil edir.

10. 14.12.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

11. 14.11.2023-cü il tarixli, MŞS-MT030-2023-02394 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixli, AR-İİİ 184357 nömrəli etibarnamə üzrə nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh2 mediasiya prosesində iştirak etməmişdir. Mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlanılmış, lakin mediasiya prosesində iştirak etmədiyini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, AR-İİİ 184357 nömrəli etibarnamə üzrə nümayəndəsi Vəkil1 50 manat məbləğində mediasiya xərcini ödəmişdir.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 24 fevral 2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə X6 oğlu, X4, Cavabdeh1 və Cavabdeh2dır.

13. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın tam, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Göyçay rayon qeydiyyat şöbəsində xx.xx.2006cı il tarixdə bağlanmış, 259 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası Cavabdeh2 yanında qalması, xx.xx.2023-cü ildən etibarən xx.xx.2009-cu il təvəllüdlü X6 oğlunun və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat İddiaçı tutularaq Cavabdeh2 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir.

14. Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 467696 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 543 № ilə qeyd edilmişdir.

15. Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 82 nömrəli, xx.xx.2005-ci il tarixli orderindən görünür ki, ünvan 2 ünvanında İddiaçı Cavabdeh2 ilə birlikdə yaşamaq hüququ vardır. Orderin verilməsinə əsasən SŞİH-nin 345 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı olmuşdur.

16. Sumqayıt şəhəri, İcra Hakimiyyəti Mənzil-Təsərrüfat İdarəsinin forma iki arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli, 10 mərtəbəli evin 3-cü mərtəbəsində 50.6 m2 yaşayış sahəsi olan 3 otaqlı, 7 nömrəli mənzildə yaşayır. Mənzi tam kommunal şəraitlidir. Ev İddiaçı məxsusdur. Onun ailəsi iki nəfərdən digəri- Cavabdeh2 ibarətdir.

17. 26.01.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, Cavabdeh2 məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 29 yanvar 2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

19. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 29 yanvar 2024cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

20. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-974/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

22. İddiaçı ilə Cavabdeh2 rəsmi olaraq xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu və xx.xx.2011ci il təvəllüdlü X3 - yetkinlik yaşına çatmayan uşaqları vardır. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər faktiki nikaha daxil olduqdan sonra, yəni 2004-cü il tarixdən ilkin iddia üzrə cavabdeh həmin mənzilə köçmüşdür.

23. Tərəflər arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2760/2023 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

24. İddiaçı hazırda cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsini, cavabdeh isə birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsini və 2/3 hissədə payının müəyyən edilməsini tələb edir.

25. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 76 saylı, xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən mübahisəli mənzil İddiaçı təhvil verilmiş və satışdan sonra mənzilə görə qalıq borcun qalmaması barədə xx.xx.2014-cü il tarixli, 275 saylı maliyyə arayışı verilmişdir. Tətbiq edilən hüquq

26. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

28. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

29. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

33. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

34. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;

35. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar;

36. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 3 7 . Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir.

38. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

39. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

40. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

41. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

42. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.

43. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

44. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

45. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

46. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

47. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

48. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

49. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

51. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

52. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

53. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Məhkəmənin mövqeyi

54. Məhkəmə hesab edir ki, hüququn olmaması əsası ilə inzibati orqana müraciət etmək imkanın olması əsası ilə İddiaçı Cavabdeh1 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

55. Məhkəmə işin mübahisələndirilən halları baxımından o qənaətə gəlir ki, əvvəlcə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, hazırki mübahisədə qarşılıqlı iddianın əsaslılığı ilkin iddianın mahiyyətini aradan qaldırır. Yəni mənzilin tərəflərin ümumi birgə mülkiyyəti olunduğu təsbit edildiyi halda, məhkəmənin ilkin iddia tələbi üzrə istifadə hüququnun itirilməsi və mübahisəli mənzildən çıxarılma barədə tələbin əsaslı olmaması qənaətinə gəlməsinə əsas verir.

56. Qarşılıqlı iddiaçı mənzilin onun yaşının az olması səbəbindən valideynlərininin vəsaiti hesabına alındığını iddia edir və bu səbəbdən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi bölünməli olduğu qənaətindədir.

57. Məhkəmə hesab edir ki, iş materiallarında olan maliyyə arayışı, forma 2 arayışı və digər tədqiq olunmuş sübutlar olmuşdur. Belə ki, işin araşdırılan hallarına əsasən cavabdeh qarşılıqlı iddiaçının qeyd etdiyi xüsusat 2004-cü il tarixdə Cavabdeh2 1987-ci ildə anadan olmasını nəzərə alaraq, həqiqətən həmin tarixdə (2004-1987=17) mübahisəli mənzilin alındığı vaxtda onun yetkinlik yaşına çatmaması məhkəmə tərəfindən inandırıcı sayılmışdır.

58. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil tərəflərin nikahda olduqları dövrdə, hətta faktiki nikaha daxil olduqları müddətdə alınmışdır. Belə ki, mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı xx.xx.2014cü il tarixdə verilmişdir. Bu isə onu təsdiq edir ki, sifarişçi podratçıya xx.xx.2014-cü ildə mənzilin dəyərini tam ödəmişdir. Mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Bundan əlavə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş orderə əsasən müəyyən edilir ki, Baxışıov Ceyhun 1980-ci il təvəllüdlü, həyat yoldaşı 1987-ci il təvəllüdlü Cavabdeh2 olması barədə ailə tərkibindədir.

59. Eyni zamanda mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının tarixi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Odur ki, mülkiyyət hüququnun nikah dövründə qeydə alınması, həmin hüququn daha əvvəl yaranmış olmasının istisna edilmədiyi də nəzərə alınmalıdır.

60. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.13-cü bəndinə əsasən bundan əlavə, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur.

61. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.15-ci bəndinə əsasən bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.

62. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 5.11-ci bəndinə əsasən birgə nikah dövründə ərin (arvadın) ümumi və ya ayrıca əmlakı arvadın (ərin) sahibliyinə verməsi və ya adına rəsmiləşdirməsi faktı özü-özlüyündə həmin əmlakın (və ya özünə məxsus olan payın) bağışlanması kimi qəbul edilməməlidir. Birgə ailə həyatı çərçivəsində bir çox hallarda bunun səbəbi qarşılıqlı etimad, sədaqət, vaxt çatışmazlığı, məsafə fərqi, fiziki imkansızlıq və sair ola bilər. Yalnız bağışlama niyyəti güdən davranış və iradə ifadəsi mötəbər sübutlarla təsdiq olunduğu hallarda (məsələn, bağışlama müqaviləsi, doğum günü hədiyyəsi barədə iradə bəyanını təsdiq edən foto və videolar, şahid ifadələri və sair) bu cür zənginləşdirmələr işə baxılarkən bağışlama müqaviləsinin əhəmiyyətsiz olduğunun təsbit olunduğu və ya mübahisələndirmə nəticəsində etibarsızlığının müəyyən edildiyi hallar istisna olmaqla, hədiyyə kimi qiymətləndirilə bilər.

63. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 5.13-cü bəndinə əsasən qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir.

64. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, birgə nikah dövründə əldə edilmiş əmlaklara münasibətdə onların nikah dövründə birgə vəsait hesabına əldə olunmasını təkzib edən dəlillər təqdim edilməmiş, nikah dövründə əldə olunması sübut olunmuşdur. Lakin payların bərabər deyil 2/3 hissədə qarşılıqlı iddia üzrə iddiaçının mövqeyinin nəzərə alınmasını təsdiq edən dəlillər məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanlar məhkəməninin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlməsinə əsas vermişdir.

65. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, qarşılıqlı iddia üzrə cavabdehdən 50 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Eyni zamanda ilkin iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Tətbiq edilən prosessual normalar:

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

67. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

68. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

69. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

70. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “cavabdehin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi” tələbinə dair ilkin iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi” dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V ünvanında yerləşən 7 saylı mənzil üzərində paylar ½ hissədə ilkin iddia üzrə İddiaçı, ½ hissədə ilkin iddia üzrə Cavabdeh2 olmaqla müəyyən edilməli, İddiaçı 50 (əlli) manat dövlət rüsumu alınaraq Cavabdeh2 ödənilməlidir.

71. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi” dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V ünvanında yerləşən 7 saylı mənzil üzərində paylar ½ hissədə ilkin iddia üzrə İddiaçı, ½ hissədə ilkin iddia üzrə Cavabdeh2 olmaqla müəyyən edilsin. İddiaçı 50 (əlli) manat dövlət rüsumu alınaraq Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar