Məhkəmə qərarları › İş №e-2(060)-976/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-976/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-976/2024 26.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və s. tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 saylı otağa köçürülməsi və mənzilin bölünərək 17 saylı otağın onların isfifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla xx.xx.2002-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuş, nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Cavabdehlə aralarındakı nikah qeydi məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olarkən cavabdeh və uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 və 17A olan 2 otaqda yaşayırdılar. Nikahları pozulduqdan sonra o, əmlaklarını yataqxananın 17 saylı otağına yerləşdirərək uşaqları ilə yaşayırdı. Cavabdeh onu övladları ilə həmin otaqdan qovmuş və 17 saylı otaqda yaşamağa qoymur. Məcbur olub övladları ilə qohumqardaşın evində yaşayırlar. Yaşamağa yeri yoxdur. Ona görə də uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 saylı otağa köçüb yaşamaq istəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı və xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2013cü təvəllüdlü X1 Sumqayıt şəhəri, H.Əİiyev prospekti, 18-ci məhəllə 30, yataqxana 3-də yerləşən 17 saylı otağa köçürülməsi və mənzilin bölünərək 17 saylı otağın onların istifadələrinə verilməsi, həmin otağa istifadə hüquqlarının tanınması, digər 17A saylı otağın Cavabdeh istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında onun Cavabdeh oğluna qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş var. Cavabdehla xx.xx.2002-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib qurmuş, nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Cavabdehlə aralarındakı nikah qeydi məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olarkən cavabdeh və uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 və 17A olan 2 otaqda yaşayırdılar. Nikahları pozulduqdan sonra o, əmlaklarını yataqxananın 17 saylı otağına yerləşdirərək uşaqları ilə yaşayırdı. Cavabdeh onun övladları ilə həmin otaqdan qovmuş və 17 saylı otaqda yaşamağa qoymur. Məcbur olub övladları ilə qohum-qardaşın evində yaşayırlar. Məhkəməyə iddia ərizəsı təqdim edəndən sonra Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 saylı otağa uşaqları ilə köçüb yaşayır, lakin yenə də ona maneçiliklər törədir. Hazırda ayrıca giriş çıxış qapısı olan 17 saylı otağın bölünməsini və otağın onun və övladlarının istifadəsinə verilməsi və həmin otağa istifadə hüquqlarının tanınmasını, digər 17A saylı otağın isə Cavabdeh istifadəsinə verilməsini istəyir. Bu səbəbdən iddia ərizəsini dəqiqləşdirərək düzəliş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının mübahisəli evə qeydiyyatı var. Tərəflərin evə dair orderi və ya hər hansı sənədi yoxdur. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı iddia tələbi ilə bağlı bildirmişdir ki, cavabdehlə 2002-ci ildə ailə həyatı qurmuşdur. Nikahdan sonra cavabdehlə əvvəl Qubada yaşamışdırlar, daha sonra Rusiyaya köçmüşdürlər. 14 il olar ki, Sumqayıt şəhərində yaşayırlar. Onlar kirayə qaldıqdan sonra yataqxanadan iki otaqlı ev aldılar. Hazırda o, həmin otaqların birində uşaqları ilə birlikdə qalmaq istəyir. Cavabdehlə aralarında olan nikah pozulubdur. Boşandıqdan sonra və hal-hazırda da orada yaşayır. Hazırda cavabdehlə əlaqənin kəsilməsini istəyir. Ona görə də məhkəməyə müraciət edib. Onu da qeyd edir ki, ortancıl oğlu atası ilə yaşayır. İstiyir ki həmin uşaq atası ilə bir otaqda, o və digər uşaqları isə digər otaqda yaşasınlar. Evin girişi iki tərəfdəndir, bir tərəfdən qapı bağlanmışdır. Ev İcra hakimiyyətinin balansındadır, evin sənədləri barədə dəqiq məlumatı yoxdur. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbi ilə bağlı bildirmişdir ki, iddia tələbini qəbul edir, iddiaya etirazı yoxdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ailə üzvləri - X2, X3, X4 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İşdə olan AZ İ 451937 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 322 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər hər ikisi uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 saylı otaqda yaşayırlar və orada qeydiyyatdadırlar. Lakin həmin otaqla bağlı tərəflərin hər hansı hüquqmüəyyənedici sənədi, o cümlədən order, mənzil kirayə müqaviləsi və s. yoxdur. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5-ci maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin mübahisəli ünvana hər hansı hüquqmüəyyənedici sənədləri olmadığından, o cümlədən Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə, ev 30, yataqxana 3-də yerləşən 17 saylı otaq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin mənzilin bölünməsi və mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilə bilməz. İddia tələbinin mənzilə köçürülməsi hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda köçürülməsini tələb etdiyi mənzildə yaşayır və cavabdeh tərəf buna etiraz etmir. Beləliklə, tərəflər arasında bununla bağlı hər hansı mübahisə yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin mənzilə köçürülmə hissəsində təmin edilməsinə də zərurət yoxdur. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və s. tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və s. tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar