Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-991/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt edilmiş icarə haqqı borcunun tutulması, torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli, 80 saylı iclasının qərarı ilə istehsal sahələrinin tikintisi məqsədi ilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış 13104,16 (on üç min bir yüz dörd manat on altı qəpik) manat icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 22 mart 2005-ci il tarixli, 118saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli, 80 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsi istehsal sahələrinin tikintisi məqsədi ilə Cavabdehicarəsinə verilmişdir. Belə ki, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında qeyd edilən torpaq sahəsinə dair 22 mart 2005-ci il tarixli, 118 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır ki, müqaviləyə əsasən icarənin müddəti 31 dekabr 2029-cu il tarixədək müəyyən edilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki, bunun da nəticəsində onun torpaqdan istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinə 2023-cü ilin sentyabr ayınadək ümumilikdə 13104,16 (on üç min bir yüz dörd manat on altı qəpik) manat icarə haqqı borcu yaranmışdır. Tərəflərindən borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh xəbərdarlıqlar edilsə də, cavabdeh bələdiyyənin tələblərinə məhəl qoymayaraq özünün müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən torpaq icarə müqaviləsinin şərtlərinə zidd olaraq yol verilmiş qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin deyil, dövlətin mülkiyyətindədir. Belə olan halda iddiaçının hazırki iddia tələbini irəli sürməsinə subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İcarəyə verən Sumqayıt bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 118 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında çüqavilənin surətindən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsini xx.xx.2005-ci ildən xx.xx.2029-cu il tarixədək icarəçinin istifadəsinə vermişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-734/2024 saylı məlumatın təqdim olunması barədə məktubun mahiyyətindən görünür ki, Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İcarəyə verən Sumqayıt bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 118 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsini xx.xx.2005-ci ildən xx.xx.2029-cu il tarixədək icarəçinin istifadəsinə vermişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq, Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsinin təqdim olunmuş baş plana əsasən mülkiyyətin hansı növünə aid olması sorğu edilmişdir. Həmin sorğuya cavabdan məlum olmuşdur ki, Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Belə olan halda Sumqayıt Bələdiyyəsinin hazırki iddiası əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin heç bir hüququ olmadığı halda o, hazırkı iddianı qaldırmışdır, ona görə də iddia təmin edilə bilməz. Sumqayıt Bələdiyyəsi hazırki mübahisənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehə qarşı iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, tərəflərin irəli sürdükləri digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir - Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt Bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli, 80 saylı iclasının qərarı ilə istehsal sahələrinin tikintisi məqsədi ilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış 13104,16 (on üç min bir yüz dörd manat on altı qəpik) manat icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 22 mart 2005-ci il tarixli, 118saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Sumqayıt Bələdiyyəsinin Sumqayıt Bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli, 80 saylı iclasının qərarı ilə istehsal sahələrinin tikintisi məqsədi ilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış 13104,16 (on üç min bir yüz dörd manat on altı qəpik) manat icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 22 mart 2005-ci il tarixli, 118saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-991/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-991/2024
19.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver