Məhkəmə qərarları › İş №e-2(062)-1266/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1266/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1266/2024 07.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilə üzrə öhdəliklərdən yaranan pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı «müqavilə üzrə öhdəliklərdən yaranan pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 3000 manat məbləğində dəbbə pulunun və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin tutularaq Cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən cəmiyyət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə Cəmiyyət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan Cəmiyyət ilə əmək müqaviləsi bağlayaraq 05 (beş) il müddətində yalnız Cəmiyyətə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 06 mart 2024-cü il tarixində Cəmiyyətə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə də, cavabdeh bu hərəkəti ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini və həmin müqavilə üzrə götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.2-ci maddəsinə əsasən cavabdeh Cəmiyyət ilə əmək müqaviləsi bağladığı gündən 05 il müddətində Cəmiyyətin yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbayan Respublikası ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə 3000 manat məbləğində dəbbə pulunu Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri pozmasına baxmayaraq dəbbə pulunu Cəmiyyətə ödəməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, tələb olunan pul vəsaiti Cəmiyyətin təlimin keçilməsi üçün ödədiyi pul vəsaitidir. Belə ki, Cəmiyyət müxtəlif şəxslərlə onun işçilərinə təlim keçilməsi üzrə müqavilə bağlayaraq onlara pul vəsaiti ödəyir. Onlar ümumi müqavilə üzrə şirkətə gələrək təlim keçirlər. Cavabdeh təlim keçən şəxsin elə şirkətin işçisi olmasını qeyd etsə də, bu belə deyildir. Doğrudur ki, həmin təlim keçən şəxs şirkətdə əvvəllər işləmişdir. Lakin hazırda şirkətin işçisi deyildir. Cavabdeh müqaviləni könüllü imza etmiş, ona qarşı hər hansı şirkət tərəfindən təzyiq edilməmişdir. Bu səbəbdən məsuliyyətini anlamalı idi. Lakin cavabdeh işdən çıxdığı üçün Cəmiyyət təlimçilərə ödədiyi pul məbləği həcmində ziyana uğramışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (atası) X3 iddia tələbini qəbul etmədi və etiraz ərizəsinin dəlillərini müdafiə edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin heç bir hüquqi əsası yoxdur. Müqaviləni imza edərkən mahiyyətini oğlu anlamamışdır. Müqaviləni oğlu tələb etsə də, təqdim edilməmişdir. Cəmiyyət tərəfindən oğluna təlim keçirilməmişdir. Oğlu Tuncay xx.xx.2023-cü ildə İddiaçı MMC-yə məxsus avtoservisdə operator vəzifəsinə qəbul edilmiş, altı ay sonra müqavilənin müddəti bitmiş və ərizəsi ilə işdən azad edilmişdir. Oğluna işin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. Əmək funksiyası servisdə təmir olunan maşınlara hansı işlərin görüldüyünü 1C proqramında sistemə yazmaqdan ibarət olmuşdur. İddiaçının təlim dediyi iş yerində ilk vaxtlar şirkətin əməkdaşına təhkim olunması, həmin şəxsin iş fəaliyyətinə nəzarət etməsi, işə başlamamışdan qabaq avtomobillərin ehtiyat hissələri barədə kitabın verilməsindən ibarət olmuşdur. Qısa müddət sonra isə oğlu müstəqil vəzifəsini icra etmişdir. Halbuki, təlimin keçirilməsi üçün təlimçi olmalıdır. Bundan başqa oğluna müqavilənin şərti olaraq peşə öyrədilməyib, çünki oğlunun vəzifəsi olan operator vəzifəsi peşə hesab oluna bilməz. Operator vəzifəsinin nəqliyyat vasitələrinin təmir edilməsi ilə əlaqəsi yoxdur. Operator qeydiyyat işi aparır, müştərinin qeydiyyat şəhadətnaməsini alıb gördürəcəyi işləri 1C proqramına qeyd edir və çap edərək ona təqdim edir. Cəmiyyətin isə onun oğlunu servisdə təmir ustası kimi işlətmək və təmir ustası kimi işə götürmək kimi niyyəti olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Təlim keçmə və əməkdaşlıq haqqında» xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqavilə şirkət İddiaçı MMC ilə təlim alan Cavabdeh arasında bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə görə şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün təlim alana müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim alan şirkət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətin servis mərkəzində işləməyi və başqa yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində şirkətlə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımı şəkildə icra etməyi öhdəsinə götürür. Müqavilənin 7.2-ci bəndində göstərilmişdir ki, təlim alan şirkətin yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməzsə şirkətə 3000 (üç min) manat məbləğində dəbbə pulu ödəməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə altı ay müddətinə operator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin İ bəndində əsasən, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. X4 “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi X4 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Adıçəkilən normanın İ hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə altı ay müddətinə operator vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra cavabdehin müqaviləni uzatmaq istəyi olmadığı üçün onlar arasında olan əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli «təlim keçmə və əməkdaşlıq haqqında» müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən Cəmiyyət cavabdehə ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə Cəmiyyət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətin servis mərkəzində işləməyi və başqa yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində şirkətlə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilə əsasında cavabdeh şirkətin yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməzsə şirkətə 3000 (üç min) manat məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İşçilərin bilavasitə istehsalatda peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması üzrə hüquq münasibətləri əmək münasibətlərini müşayiət edən münasibətlərdir və işəgötürənlə işçilərin bilavasitə istehsalatda peşə təhsili vəzifəsinin həlli ilə əlaqədardır. Əmək münasibətlərində olan işçi peşə hazırlığı, yenidən hazırlıq, yenidən hazırlıq və ixtisasartırma keçə bilər. Bu münasibətlər işçinin istehsalatda təlimi, ixtisasının artırılması və təlimə rəhbərlik üzrə münasibətləri əhatə edir. Bu münasibətlərin subyektləri işçinin peşə hazırlığı, yenidən hazırlığı, ixtisasının artırılması haqqında qərar qəbul etmiş işəgötürən, peşə təliminin növlərini seçmiş işçi, habelə tədris müəssisələri çıxış edir. Əmək Məcəlləsinin 7.4-cü maddəsinə görə bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşə öyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 7.5-ci maddəsinə görə işçiyə yeni peşə öyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Müvafiq olaraq peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma üzrə münasibətlərin yaranmasının əsasını həmin subyektlərin qarşılıqlı iradə ifadəsi təşkil edir. Bu zaman həqiqətən də işəgötürənin işçini hansı peşə növü üzrə təlimlərə cəlb etməsi, bunun üçün şirkətin dəvət etdiyi təlimçiyə məhz bunun üçün hansı məbləğdə vəsait ödəməsi, keçirilən təlimlərin nədən ibarət olması tam dəqiq müəyyən edilməlidir. Məhz bundan sonra işçinin təlimə cəlb edilməsinə görə müqavilə üzrə dəbbə pulu ödəməli olmasından söhbət gedə bilər. İşin halları bu yöndə araşdırılan zaman müəyyən olunur ki, cavabdeh Cəmiyyətə operator vəzifəsinə qəbul edilmişdir. Bu zaman işçiyə işəgötürən tərəfindən nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsi və bu məqsəd üçün müvafiq mütəxəssislər cəlb etməsi iş materiallarından görünmür. İlk növbədə işəgötürən üzərinə düşən vəzifəni icra etməlidir ki, hazırda da cavabdehdən dəbbə pulu tələb etsin. Cəmiyyətin təqdim etdiyi xidmət müqaviləsi isə "xxxx" MMC ilə X7 arasında bağlanmışdır. Həmin müqavilə üzrə Elçin Abbasov müqavilə tərəfi olan şirkətin işçilərinə həftə üzrə təlimlər keçməyi öhdəsinə götürmüşdür. Hansı ki, həmin şirkətin hazırki iddia üzrə tərəf olan İddiaçı MMC-nin əlaqəsinin nədən ibarət olması qeyrimüəyyəndir. Eyni zamanda müqavilədə İddiaçı MMC-nin işçilərinə də təlim keçirilməsi əksin tapmamışdır. Təlim yalnız "xxxx" MMC işçilərinə keçirilməli idi. Hansı ki, cavabdeh məhkəmə hazırlıq iclasında, habelə, verdiyi etiraz ərizəsində bunu ifadə edərək göstərmişdir ki, ona hər hansı peşə təlimi keçirilməmişdir. Bu kimi hallar iddiaçının müqavilə üzrə cavabdehə «nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsi və bu məqsəd üçün müvafiq mütəxəssislər cəlb etməsi» vəzifəsini icra etmədiyini göstərir. Bu barədə iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə diqqətə çatdırır ki, əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə təqdim edilən subutlar iddianın təmin edilməsi baxımından yetərsiz olmuşdur. Bu halda cavabdehdən işdən çıxdığı üçün dəbbə pulun tələb edilməsi isə əsassızdır. Əks yanaşma əmək münasibətlərinə davam etməyə məcbur edilmə kimi qiymətləndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilə üzrə öhdəliklərdən yaranan pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar