Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2914/2025 13.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi İsaqlı Pərvanə Zakir qızı İddiaçı 2 saylı X5 Mərkəzinin cavabdeh X3 qarşı “icarə müqaviləsinə xitam verilməsi, zəbt edilmiş dövlət meşə fondu torpaqlarının boşaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı 2 saylı X5 Mərkəzi cavabdeh X3 qarşı “icarə müqaviləsinə xitam verilməsi, zəbt edilmiş dövlət meşə fondu torpaqlarının boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 2 saylı X5 Mərkəzi ilə vətəndaş X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 144 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsinin 2 saylı X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ( 149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). Həmin Məcəllənin 10-1.1-ci maddəsinin tələbinə görə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinin tələbinə görə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 10.2.2-ci bəndinin tələbinə görə İnformasiya sisteminə məlumatları düzgün daxil etmək informasiya sistemi istifadəçilərinin vəzifəsidir. İş materiallarından görünür ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, ərizədə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar tam olaraq göstərilməmişdir. Belə ki, cavabdehə məxsus fərdi identifikasiya nömrəsi iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da cavabdehin harada qeydiyyatda olması və şəxsi məlumatları elektron sistemdə aşkar edilmir. Bir sözlə cavabdehə məhkəmə bildirişinin çatdırılması mümkünsüz olur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı 2 saylı X5 Mərkəzinin cavabdeh X3 qarşı “icarə müqaviləsinə xitam verilməsi, zəbt edilmiş dövlət meşə fondu torpaqlarının boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №e-2(062)-2914/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2914/2025
13.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver