Məhkəmə qərarları › İş №e-2(062)-403/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-403/2024

21.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-403/2024 21.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onların hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılması, onlardan vurduqları maddi ziyana görə 6000 manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlərin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ona məxsus Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsini 2017-ci ildən zəbt etmişlər. Həmin torpaq sahəsində cavabdehlər üzüm bağı salmış və ona məxsus torpaq sahəsindən qanunsuz olaraq bəhrələnirlər. Cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmağı xahiş etsə də, onlar buna məhəl qoymamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Yəni istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər onun torpaq sahəsini zəbt ediblər. Hansı ki, bu mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Verilmiş rəy ilə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi onlara məxsus pay torpaq sahəsidir. Orada 2000-ci ildən üzüm bağı salmışlar. İddiaçı hazırki vaxta kimi ortalığa çıxmamışdır. Necə ola bilər ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini tutsunlar, lakin o, uzun illər susqun dayansın. Verilmiş mütəxəssis rəyi ilə də razı deyildir. Rəy həqiqəti əks etdirmir. Çünki torpaq sahəsi onlara məxsusdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və digər cavabdeh olan qardaşının izahatına uyğun izahat verərək göstərdi ki, onlar tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Mübahisəli torpaq sahəsi elə onlara aid torpaq sahəsidir. Hansı ki, 1997-ci ildə əkin üçün onlara verilmişdir. Verilmiş rəy ilə də razı deyildir. Çünki torpaq sahəsi uzun illərdir onların sahiblik və istifadəsindir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, baza məlumatlarına əsasən RX seriyalı ******* saylı çıxarış ilə İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 27 kv.m. hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 35 kv.m.-ə qədər hissəsi üst-üstə düşür. Üst-üstə düşən hissələrdə üzüm bağı salınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış üzrə Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə edilir və orada üzüm bağı salınmışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, RX seriyalı ******* saylı çıxarış ilə İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 27 kv.m. hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 35 kv.m.-ə qədər hissəsi üstüstə düşür. Üst-üstə düşən hissələrdə üzüm bağı salınmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Cavabdehlərin isə mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi yoxdur. Onların torpaq sahəsinin tutduqları hissəsindən istifadə etmələri qanuni əsasa söykənmir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0,02 ha torpaq sahəsinin 27 kv.m. hissəsindən Cavabdeh1, 35 kv.m. hissəsindən isə Cavabdeh2 çıxarılsın. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar