Məhkəmə qərarları › İş №e-2(063)-535/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-535/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-535/2025 17.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2024-cü il tarixli, 09/04864 nömrəli operativ lizinq müqaviləsinə əsasən 500 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 530 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 29 oktyabr 2024-cü il tarixli, 09/04864 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Belarus-1221” markalı traktor sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən müqaviləyə əsasən cavabdeh 500 manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə heç bir ödəniş etməmişdir. Cavabdeh Cəmiyyətə hal-hazırda 500 manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günədək müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2024-cü il tarixli, 09/04864 nömrəli “Aqroservis“ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 01 ay müddətinə, yəni 29 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixə kimi 500 manat müqabilində 2017-ci il buraxılışlı, “Belarus-1221” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktor istifadəyə verilmişdir. İşdə olan Sabirabad DAİM tərəfindən 04 iyun 2021-ci il tarixdə verilmiş AZ 020736 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı, “Belarus-1221” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktorun sahibi “Aqroservis“ASC-dir. İşdə olan 29 oktyabr 2024-cü il tarixli, 09/04864 nömrəli Akt 1-dən görünür ki, iddiaçı “Aqroservis“ASC-nin Sabirabad RN-nin istifadəsində olan “Belarus-1221” markalı traktor saz vəziyyətdə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçı “Aqroservis“ ASC-yə ünvanlanmış 29 oktyabr 2024-cü il tarixli iltizamın surətindən görünür ki, o, texnikadan təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi və s. öhdəsinə götürmüşdür. İşdə olan “Aqroservis“ ASC tərəfindən 24 fevral 2025-ci il tarixdə tərtib edilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh 29 oktyabr 2024-cü il tarixli, 09/04864 nömrəli müqavilə üzrə 500 manat ödənilməmiş borcu qalmışdır. İşdə olan 25 fevral 2025-ci il tarixli, 3-22-13/2-H-xx-xx/2025 nömrəli pretenziyanın surətindən görünür ki, yaranmış borcla əlaqədar “Aqroservis“ ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, “Aqroservis“ ASC iddia tələbi ilə məhkəməyə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, operativ lizinq müqaviləsinə əsasən, 2017-ci il buraxılışlı, “Belarus-1221” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktor 29 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixə kimi istifadə müddətində 500 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinin 2.2.3-cü bəndinə əsasən texnikanın istifadəsinə görə bu müqaviləyə uyğun ödənişi həyata keçirmədikdə, lizinqə (istifadəyə) verənin tələbi ilə qeydşərtsiz texnikanı geri qaytarır və borc məbləğini ödəyir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış öhdəliklərin ötürülməsi və lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə lizinq verən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin operativ lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 500 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddəti üzrə ödəmədiyindən lizinq verənin pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat müqavilə üzrə ödənilməmiş borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat müqavilə üzrə ödənilməmiş borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar