Məhkəmə qərarları › İş №e-2(063)-88/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-88/2025

10.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-88/2025 10.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və iddiaçı "̇ xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ̇"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin və xərclərin tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı vurulmuş zərərin və xərclərin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1381,29 manat məbləğində vurulmuş zərərin, audit hesabatının aparılması üçün ödənilmiş 750 manat xərcin, mediasiya üçün ödənilmiş 50 manat mediasiya xərcinin, məhkəmə üçün ödənilmiş 2 manat dövlət rüsum xərcinin, cəmi 2183,29 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı ilə cavabdeh arasında 13 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən işçi İddiaçı QSC-yə (hazırda İddiaçı ASC) satıcı-anbardar vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 13 oktyabr 2021-ci il tarixindən iddiaçının Ucar rayonu, Müsüslü kəndində yerləşən anbarında anbardar-satıcı vəzifəsində çalışmışdır. Cavabdehlə iddiaçı arasında “tam maddi məsuliyyət haqqında” fərdi müqavilə də bağlanmışdır. Cavabdeh iddiaçıdan 164776,00 kiloqramlıq malları təhvil-təslim aktlarına uyğun olaraq təhvil almışdır. Cavabdeh həmin malların 126006,00 kiloqramını satmışdır, 30182,00 kiloqramlıq malları digər anbarlara təhvil vermişdir, 5250 kiloqramlıq mal ilə bağlı silinmə aparılmışdır, qalıq mallar 8588 kiloqram olmalı idi. Cavabdehin maddi məsuliyyətində olan anbarda sayım keçirilməsi məqsədilə cəmiyyət tərəfindən 25 aprel 2024-cü il tarixli 01 saylı inventarizasiya aparılmış və akt tərtib edilmişdir. Lakin cavabdeh həmin inventarizasiyada iştirak etməkdən boyun qaçıraraq iştirak etməmişdir. İnventarizasiya aktına əsasən cavabdeh 25 aprel 2024-cü il tarixə 8588 kq olmaqla, 9764 manat dəyərində iddiaçıya maddi ziyan vurmuşdur. "xxxx" MMC tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair tərtib edilmiş 1 may 2024-cü il tarixdə verilmiş auditor hesabatında göstərilmişdir ki, cavabdeh tərəfindən məsul olduğu anbar üzrə 25 aprel 2024-cü il tarixə yekunda 8588 kq olmaqla, 9764,95 manat dəyərində iddiaçıya maddi ziyan vurmuşdur. 11 iyun 2024-cü il tarixdə cavabdehin iştirakı ilə anbarda saxlanılan mallara baxış keçirilmiş, cavabdeh tərəfindən iddiaçıya 9764,95 manat məbləğində vurulmuş maddi ziyandan 8383,66 manat hissəsi mal şəklində geri qaytarılmış, qalan 1381,29 manat məbləğində vurulmuş ziyandan heç bir ödəniş edilməmiş, ya da ki, ödənişin əvəzində mal qaytarılmamışdır. Nəticədə cavabdeh tərəfindən cəmiyyətə 1381,29 manat maddi ziyan vurulmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış “tam maddi məsuliyyət haqqında fərdi müqavilə”nin 1-ci bəndinin a) yarımbəndinə əsasən işçi Cavabdeh inzibati idarə heyyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: b) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən “maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir.” Əmək müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, “bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır”. Həmin müqavilənin 5.4cü bəndində göstərilmişdir ki, “tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarının pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Məsələnin məhkəməyə qədər nizama salınması məqsədilə Yevlax rayonu 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bununla bağlı mediator X5 tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 avqust 2024-cü il tarixli arayış təqdim edilmişdir. Həmin arayışdan görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdehə 02 iyul 2024-cü il tarixli pretenziya məktubu ilə müraciət olunmuş, lakin cavabdeh həmin məktuba məhəl qoymamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, Ucar Rayon Prokurorluğunun 14 iyun 2024-cü il tarixli qərarı ilə cavabdehin iddiaçıya ziyan vurması təsdiq olunmuşdur. Cavabdehin iddiaya qarşı etirazı ilə tanış olmuşdur, etirazla razı deyil, etirazı əsassız hesab edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, ona əmək haqqı hesablanmadığından və onun üçün müqaviləyə əsasən iddiaçı, DSMF-yə ödənişlər etmədiyindən o, həmin ödənişlərin ödənilməsini və əmək haqqını tələb etmişdir. Bundan sonra, iddiaçı onun iştirakı olmadan akt tərtib etmiş və guya müəyyən etmişdir ki, o, iddiaçıya 9764 manat zərər vurmuşdur. O, təhvil-təslimdə iştirakını tələb etdikdən sonra onun və "xxxx" MMC-nin iştirakı ilə baxış keçrilmiş və anbarda olan 9764 manat dəyərində mal iddiaçıya təhvil verilmişdir. Lakin iddiaçı təhvil verilmiş malların 1381,29 manatını vaxtı keçmiş və yararsız mal kimi dəyərləndirmiş və qəbul etməkdən imtina etmişdir. Həmin mallar anbarda qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə şərtinə əsasən cavabdeh vaxtı keçmiş və ya yararsız halda olan mallara görə məsuliyyət daşımır. Digər tərəfdən, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının şikayəti əsasında Ucar Rayon Prokurorluğu tərəfindən fakt üzrə araşdırma aparılmış və yeyinti, israfçılıq və çatışmamazlıq faktları aşkar olunmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Qeyd etmək istəyir ki, iddiaçının iddia etdiyi çatışmamazlıq 1381,29 manat dəyərində olan gübrədən ibarətdir ki, həmin mallar da iddiaçıya təhvil verilmişdir, lakin iddiaçı həmin malları qəbul etmədiyindən həmin gübrələr də (yarasız hala düşmüş mallar) anbarda qalmışdır. Qeyd etdiyi faktlar Ucar Rayon Prokurorluğu tərəfidən aparılmış yoxlamanın nəticəsi kimi cinayət işinin başlanmasının rədd olunması barədə tərtib etdiyi qərarda öz əksini tapır. Belə ki, araşdırma zamanı izahatı alınmış İddiaçı ASC-nin bölmə müdiri və satış təmsilçisi öz izahatlarında 1381,29 manat dəyərində olan qalıq gübrənin anbarda qaldığını təsdiq etmişdir. Qərar elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur. İddia əsassız və qanunsuz olduğundan iddiaya etiraz edir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, cavabdehin etirazını, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh satış bölməsi, əsas iş yeri üzrə satıcıanbar vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilmişdir. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqaviyə əsasən Cavabdeh maddi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə aşağıdakı tələblərə əməl etməklə müqavilə bağlamışdır. Həmin müqavilənin 1-ci bəndinin a) yarımbəndinə əsasən işçi Cavabdeh ona inzibati idarə heyyəti tərəfindən etibar edilmiş maddi sərvərlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: b) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. İş materiallarına əlavə olunmuş ̇"xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləyən Cavabdeh fəaliyyətinə aid təqdim edilmiş sənədlərə əsasən fəaliyyətinin audit yoxlamasının nəticələri barədə 01 may 2024cü il tarixli auditor hesabatında göstərilmişdir ki, 25 aprel 2024-cü il tarixli, 01 saylı tərtib edilmiş inventarizasiya aktına əsasən satıcı-anbardar vəzifəsində çalışan Cavabdeh 25 aprel 2024-cü il tarixə 8588 kq olmaqla, 9764,95 manat dəyərində ̇"xxxx" Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan vurmuşdur. İşlərin təhvil-təslim aktından (01 may 2024-cü il tarixli) görünür ki, maliyyə audit xidmətlərinin xərci 750 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Ucar rayon prokurorunun köməkçisi X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, 55-C-24 nömrəli toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh vaxtı keçmiş və yararsız hala düşmüş mallara görə cəmiyyətə 1381,29 manat məbləğində maddi ziyan vurması barədə xüsusatların araşdırılması mülki mübahisə predmetinə aid olduğu üçün İddiaçı ASC-yə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 24, 25-ci maddələrinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunan qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh 9764,95 manat məbləğ dəyərində olan malı satmadığı, həmçinin talamadığı, həmin malı anbarda saxladığı, dəyəri 8383,66 manat məbləğdə olan malı İddiaçı ASC-yə təhvil verdiyi müəyyən edilmiş, qalan 1381,29 manat məbləğində olan mal isə vaxtı keçdiyi və yararsız hala düşdüyü üçün cəmiyyət tərəfindən götürülməmişdir. Eyni zamanda, vaxtı keçmiş və yararsız hala düşmüş mallara görə Cavabdeh tərəfindən ̇"xxxx" ASC-yə 1381,29 manat məbləğdə maddi ziyan vurulduğu müəyyən edilmişdir. İşdə olan 02 iyul 2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərini icra edərək 1381,29 manat vurulmuş ziyanı və audit yoxlamasının keçirilməsi üçün 750 manat məbləğində xərci 3 gün ərzində iddiaçıya ödəməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 avqust 2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərci kimi 50 manat və poçt, kargüzarlıq və digər cari xərclər kimi 10 manat iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq, bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 1381,29 manat maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddənin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin iddiaçıya ziyan vurduğu öz təsdiqini tapdığından cavabdehdən iddiaçıya vurduğu ziyana görə 1381,29 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, cavabdehin bununla bağlı etirazını əsaslı hesab etmir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilən 50 manat mediasiya xərci, 750 manat audit hesabatının aparılması üçün ödənilmiş xərc və 2 manat ödənilmiş dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə 1381,29 manat, audit hesabatının aparılması üçün ödənilmiş xərcə görə 750 manat, mediasiya xərcinə görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 2 manat, cəmi 2183,29 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1381 (bir min üç yüz səksən bir) manat 29 (iyirmi doqquz) qəpik, audit hesabatının aparılması üçün ödənilmiş xərcə görə 750 (yeddi yüz əlli) manat, mediasiya xərcinə görə 50 (əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 2 (iki) manat, cəmi 2183 (iki min yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutularaq iddiaçı ̇"xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar