Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1192/2024 18.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 ABŞ dolları məbləğində pulu 5100 manat ekvivalentində, o cümlədən həmin pul vəsaitini qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməyə görə 2024-cü ilin yanvar ayından iyun ayınadək olan dövr üçün aylıq 369,75 manat olmaqla, 5 ay üzrə 1848,75 manat vəsaitinin, ödənilmiş 90 manat dövlət rüsumunun və 150 manat vəkil xidmət haqqının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ölkədə GREENCARD AZƏRBAYCAN şirkətinin rəhbəri kimi tanınmışdır. Azərbaycandan Kanadaya və Amerikaya GREENCARD vasitəsi ilə köçmək istəyənlərə şirkətlərin qurulması, viza işlərində köməklik və s. işlər gördüyünü bildirmişdir. Cavabdehlə tanışlığı da o, rəsmi yollarla GREENCARD udduqdan sonra Amerikaya gedən ərəfədə yaranmışdır. Daha sonra münasibəti bir az da səmimi xarakter almış, onun cavabdehə inamını, etibarı yaranmağa başlamışdır. O, Amerikaya getdikdən sonra bir neçə dəfə kiçik məbləğdə ondan qısa müddətlik borc istəmiş və o da vermişdir. Verdiyi borcları çox vaxt zamanında geri qaytarırmışdır. Lakin sonuncu dəfə ondan Amerikada olarkən 3000 ABŞ dolları istəmişdir. Cavabdehə Azərbaycana geri qayıtdıqda bu məsələdə ona kömək edə biləcəyini bildirmişdir. Beləliklə, 2023-cü ilin noyabr ayının əvvəlində Amerikadan qayıtdıqdan sonra oradakı tanışından aldığı 1500 ABŞ dolları və qalanını da özündən olmaqla cavabdehə Bakı şəhəri, Yasamal rayonu ərazisində dəqiq ünvanı xatırlamadığı bir ofisdə Cavabdehlə görüşüb qardaşının yanında ona 3000 (üç min) ABŞ doları vermişdir. Verərkən cavabdeh iki aya qaytaracağını bildirmiş, o, da “mümkün qədər ən qısa zamanda qaytara bilsən yaxşı olardı, çünki bir hissəsini də özü borc almış” deyib qardaşı ilə ofisdən ayrılmışlar. Daha sonra o, yenidən Amerikaya yollanmışdır. Ara-sıra Amerikadan bir neçə dəfə vatsap mesajlaşma tətbiqi vasitəsilə cavabdehə borcu xatırladıb geri qaytarmasını sürətləndirməyi xahiş etmişdir. Hər dəfəsində “yaxşı Vaqif bəy, unutmamışam, çalışıram tez düzəldib verim” demişdir. Bir müddət sonra Amerikada olarkən təsadüfən sosial şəbəkələrdə və müxtəlif internet xəbər saytlarında GREENCARD direktoru Cavabdeh narazı vətəndaşların yarandığını, onların aldadıldığına dair xəbərlər, məlumatlar oxumağa başlamışdır. Hətta Bakıdakı tanışları vasitəsi ilə öyrənmişdir ki, artıq rəsmi olaraq şikayətçilər də var. Bu barədə özünə yazdıqda isə yazılanların hamısı “boş şeydi, heç bir əsası yoxdu, sən yazılanlara inanma, xəbər saytları mənim üzərimdən reytinq yığmağa çalışırlar və s.” bu kimi cavablar verməyə başlamışdır. Lakin bu xəbərlərdən artıq ciddi narahatçılıq keçirməyə başladığından Amerikada olarkən ondan borcunu ən qısa zamanda geri qaytarmasını tələb etməyə başlamışdır. Lakin Cavabdeh hər dəfəsində müxtəlif bəhanələrlə ona vədlər verir, lakin borcun qaytarılması üçün heç bir əməli addımlar atmır. Beləliklə, vəziyyətin uzun müddət dəyişməz olduğunu və cavabdehlə insani-humanist danışıqların heç bir nəticə vermədiyini görüb son çarə olaraq hüquqi yol ilə məsələnin həll olunmasına qərar vermişdir. Beləliklə, həmin vaxt Amerikada olduğundan və buna görə də ölkədə hüquq mühafizə orqanlarına birbaşa şikayət etmək imkanı olmadığından qardaşıdan bu məsələ barədə onun adından Cavabdeh Daxili İşlər Nazirliyinə şikayətlə müraciət etməsini istəmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının 12-də qardaşı Raqif Nəcəfli DİN-nin 102 Xidmətinə Cavabdeh ondan pul alıb indiyədək qaytarmadığı barədə rəsmi şikayət etmişdir. Şikayət əsasında Cavabdeh Nərimanov RPİ-nin 17-ci PB-nə dəvət olunmuş və orada verdiyi izahatında həqiqətən də ondan 3000 ABŞ dolları aldığını və qeyd olunan məbləği xx.xx.2023-cü il tarixdə qaytaracağına vəd vermiş, əgər qaytara bilməsə onunla bağlı qanuni tədbir görülməsinə etirazının olmamasını bildirmişdir. Vəkil sorğusu ilə Nərimanov RPİ-nin 17-ci PB-dən alınmış müvafiq sənədlər sübut olaraq iddia ərizəsinə əlavə edilmişdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi cavabdeh ona olan borcunu inkar etməmişdir. Onda olan məlumata əsasən hazırda cavabdehin barəsində Yasamal rayon Prokurorluğunun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilmiş, barəsində cinayət işi istintaq edilir. Cavabdeh indiyədək könüllü olaraq bu borcun qaytarılmasını təmin etmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, iddiaçıdan 5100 manat pul aldığını qeyd etsə də, fazilərin hesablanması ilə razı olmadığını, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Mərkəzi Bank tərəfindən vəkilin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-dən Mərkəzi Bankın uçot faiz dərəcəsi 7,25 manat müəyyən olunmuşdur. İş materiallarında olan qəbzin surətindən iddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.[ 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ildə iddiaçı tərəfindən cavabdehə 5100 manat (3000 ABŞ dolları) borc pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2023-cü il tarixdə şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən 5100 manat pul məbləğinin qaytarılmadığı cavabdehin öz etirafı ilə də müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbinin 5100 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh özü də bu hissədə iddia tələbini etiraf etdiyindən və MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxardığından 5100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin həmin pul vəsaitini pul vəsaitini qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməyə görə 2024-cü ilin yanvar ayından iyun ayınadək olan dövr üçün aylıq 369,75 manat olmaqla, 5 ay üzrə 1848,75 manat vəsaitinin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, həmçinin qanunvericilikdə başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə ondan faydalanan şəxs, yəni əsassız varlanmış şəxs faydanı Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi Bank uçot dərəcəsinə uyğun olaraq ödəməli olduğundan əsassız varlanmış şəxs əsassız əldə etdiyi pul vəsaitinə hesablanan fayda olaraq 154,06 manat məbləğində pulu (yəni 2024-cü ilin may ayınadək ödənilməmiş 5100 manat əsas borc məbləğinə Mərkəzi Bankı müəyyənləşdirdiyi Bank uçot dərəcəsinə uyğun olaraq 7,25% hesablanmaqla gecikdirilmiş müddət üçün 5100 x 7,25% :100=369,75; 369,75:12=30,8125 (bir ay üçün); 30,8125 x 5=154,06 manat (5 ay üçün-iddiaçı 5 ay üçün tələb edir) ödəməlidir. İddiaçı həmçinin vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı vəklin hüquqi xidmətindən istifadə etmiş və bunun üçün vəsait ödəmişdir, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin məhkəmə, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 90 manatın tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 90 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsassız varlanmaya görə 5100 manat, əsassız əldə etdiyi pul vəsaitinə hesablanan fayda olaraq 154,06 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat, ödənilmiş dövlət rüsumuna görə 90 manat olmaqla, cəmi 5494,06 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 5100 manat, əsassız əldə etdiyi pul vəsaitinə hesablanan fayda olaraq 154,06 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat, ödənilmiş dövlət rüsumuna görə 90 manat olmaqla, cəmi 5494,06 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1192/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1192/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver