Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2138/2025 20.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli 147 nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki o, 14 ildən artıq ingilis dili müəllimi kimi fəaliyyəti göstərmişdir. xx.xx.2025-ci il tarixdə işə gedərkən xəsarət almış, bu səbəbdən səhhətinə görə işdən həkim məsləhəti ilə müvəqqəti işdən ayrılmışdır. Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2025-ci il tarixədək ona arayış vermiş, müalicənin davamı isə yaşadığı ərazi üzrə 25 saylı şəhər poliklinkasında davam etdirilmişdir. Həkim məsləhəti ilə xx.xx.2025-ci il tarixdən etibarən 3 aylıq öz hesabına məzuniyyət ərizəsi tərtib edərək iş yoldaşı Aynurə və digər müavin İlahənin iştirakı ilə direktora təqdim edilmişdir. xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək bülletendə olmuşdur. Sonra direktor ərizəni gizlədərək xx.xx.2025-ci il tarixdən 14-15 gün öz hesabına məzuniyyət əmri vermişdir. Lakin iddiaçı həmin tarixlərə məzuniyyət üçün ərizə yazmamış, həmin məzuniyyət əmrinin surəti və işdən çıxarılmağı barədə əmrin surəti bugünədək ona verilməmişdir. İddiaçının anası ilə direktor və digər müavin Arzu arasında məhkəmə mübahisəsi olduğu üçün özünün yazdığı məzuniyyət ərizəsi qəsdən gizlədilmişdir. O hesab edir ki, direktor X5 onu qanunsuz, əsassız və qərəzli olaraq işdən çıxarmışdır. Həmçinin iddiaçıya əmək haqqı və 56 gün üçün məzuniyyət haqqı ödənilməmiş, xx.xx.2025-ci il tarixdə işdən çıxarılsa da sonuncu əmək haqqı xx.xx.2025-ci il tarixdə gecikdirilərək (27 AZN) ödənilmişdir. İddiaçı məsələnin həlli üçün mediasiyaya müraciət etsə də, razılaşma əldə olunmadığından məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə buraxılmış iddia müddətinin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqşünas olmadığı üçün əmək mübahisələrində iddia müddəti anlayışının nə olduğunu bilməmişdir. Öz savadı çərçivəsində aidiyyəti olan bütün idarə və təşkilatlara mütəmadi olaraq şikayət etmişdir. Həmçinin həm özünün, həm də anasının ağır xəstəliyi ilə əlaqədar bəzən bu işlə məşğul olmağa fiziki cəhətdən də imkanı olmamışdır. Ona görə də hesab edir ki, iddia ərizəsinin məzmununda qeyd etdiyi üzürlü səbəbləri də nəzərə alaraq, onun işdən çıxarılmağı ilə əlaqədar əmrdən şikayət vermə müddəti bərpa edilməlidir. İş üzrə Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə3 Vahid oğlu ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə vermiş olduğu etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, Füzuli rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimi vəzifəsində çalışmış İddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cı il tarixdə xitam verilmiş və həmin əmrin icrası tərəflərindən təmin edilmişdir. Azərbaycan Respublikasının “Vətəndaş müraciəti haqqında” 30 sentyabr 2015-ci il tarixli, 1308 nömrəli Qanununa əsasən vətəndaş, müraciətinə baxan orqanın vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan məhkəməyə şikayət vermək hüququna malikdir Lakin bu qayda yalnız müraciətə baxılmasından narazılıqla bağlı məhkəməyə şikayət imkanını müəyyən edir və Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətlərinin hesablanmasına hər hansı təsir göstərmir. Bu baxımdan İddiaçı X9 Xidmətinin cavabını gözlədiyini bildirməsi onun üçün müəyyən edilmiş iddia müddətinin dayandırılması və ya uzadılması üçün hüquqi əsas sayılmır. İşçiyə 3 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi məsələsinə dair bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsasən ödənişsiz məzuniyyət yalnız işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında həmçinin kollektiv müqavilədə nəzərdə tutulan hallar və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlər çərçivəsində verilir. Qanunvericiliyə əsasən belə məzuniyyətin müddəti tərəflərin mülahizəsinə uyğun olaraq altı aydan çox olmamaqla müəyyən edilə bilər. Bu səbəbdən iddiaçının tələb etdiyi 3 (üç) aylıq ödənişsiz məzuniyyət yalnız işəgötürənlə işçinin qarşılıqlı razılığı olduğu halda verilə bilər və bu, birtərəfli qaydada tələb edilə bilən hüquq hesab edilmir. Əlavə olaraq bildirilir ki. İddiaçı 14 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur.11 iyun 2025ci il tarixdən- 21 iyun 2025-ci il tarixdək xəstəlik vərəqəsində olmuş və 22 iyun 2025-ci il tarixdən işdə hesab olunmuşdur. 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 -cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü , yəni 30 iyun 2025-ci il tarixdə ödənilmişdir. Buna görə də yuxarıda təqdim olunanlar əsasında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, 20 iyun 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı keçiirlən sertifikasiya imtahanından 13 bal toplayaraq uğursuz nəticə göstərmiş və xx.xx.2025-ci il tarixdə keçirilən imtahanda iştirak etməmişdir. Həmçinin qeyd edilmişdir ki, o, xəsətlik vərəqəsi üzrə (№ XV**********1) 11,06.2025-ci il tarixindən 21,06.2025-ci il tarixinə qədər əmək funksiyasından azad olunmuş və işə başlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyiz üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdə 147 saylı əmrlə ləğv edilmişdir. Onun ödənişsiz məzuniyyətdə olmağı barədə müəsissə tərəfindən təsdiqedici heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılma məqsədi ilə 20 iyun 2025-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və ya imtahanda iştirak etməyən şəxslər təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onlarla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasın Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AA2168/2025 nömrəli arayışından görünür ki, İddiaçı sağ əlin hər iki dizin, sağ aşıq-baldır və sol daban nahiyəsinin əzilməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan İddiaçı Füzuli rayonu 2 saylı tam orta məktəbin direktoru Svetlana Məmmədovaya ünvanlamış olduğu xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, səhhəti ilə bağlı ona 3 aylıq məzuniyyət verilməsini sonuncudan xahiş etmişdir. İş materiallarında olan 25 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, XV**********1 nömrəli sığortaolunanın xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı 11-xx.xx.2025-ci il, 14-xx.xx.2025-ci il və 17-xx.xx.2025-ci il tarixləri arasında əmək funksiyalarını icra etməkdən azad edilmiş, işə başlama tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, həmin tarixdə işə bərpa tələbi üzrə keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 60 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh tərəf iştirak etməmişdir. İş materaillarında olan Cavabdeh tərəfindən Füzuli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, məktəbin sabiq ingilis dili müəllimi İddiaçı aprel 2025-ci il tarixdə 3 aylıq öz hesabına məzuniyyət ərizəsini (xx.xx.2025-ci il tarixdən etibarən) şəxsən qəbul edib məktəbin o vaxt direktor işləyən Svetlana Məmmədovaya məktəbin digər müəllimi X3 yanında təqdim etmişdir. İş materaillarında olan X3 Füzuli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, iş yoldaşı İddiaçınin əl barmağı ayağı sarıqlı və gipsdə olduğu üçün onun 2025-ci ilin aprel ayında 3 aylıq öz hesabına məzuniyyət ərizəsini şəxsən məktəbin direktor müavini X2 verilmiş, sonuncu isə həmin ərizəni onun yaxınında əyləşmiş o vaxt direktor işləyən Svetlana Məmmədovaya təqdim etmişdir. İş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən İddiaçı müraciətinə xx.xx.2025- il tarixli cavabdan görünür ki, siz xx.xx.2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixinədək müxtəlif səbəblərdən işdə olmamısınız. İşdə olmadığınız zamanlarda tarif cədvəli üzrə olan dərs saatlarınız məktəbin daxilində digər ixtisas müəlliminə əvəzçilik şəkilində əvəz edilmişdir.Həmin dövrdə məktəb rəhbəri vəzifəsini icra edən X5 işində verdiyi nöqsanlara görə əmək müqaviləsinin uzadılması məqsədə müvafiq hesab edilməmiş, barəsində intizam tədbirlərinin görülmüş və əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin əlavə olaraq bildirilmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilən sertifikatlaşdırma prosesinin 1-ci mərhələsində uğursuz olmuş, xx.xx.2025-ci il tarixində keçirilən təkrar imtahanlarda isə iştirak etməmişdir. Bu səbəblə sertifikatlaşdırılma prosesinin hər iki mərhələsindən uğursuz nəticə əldə edildiyi üçün onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi prosesi qanunamüvafiq qaydada həyata keçirilmiş və sonuncu həmin müddətdə məzuniyyətdə olmamışdır. İş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən Füzuli Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı xx.xx.2025-ci il 147 nömrəli əmrin ləğv edilməsi tələbi ilə əlaqədar iddia müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində iddia müddəti ilə bağlı müəyyən edilmiş tarixdən başlamışdır. Belə ki, həmin maddəyə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda qeyd olunanlara əsasən iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ... işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, 20 iyun 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir. İşə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, Məhkəməyə isə hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 08.07.205-ci il tarixdən işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmaması barədə xəbərdarlıq edilmiş, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq İddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Belə ki, iş materiallarından da aydın olduğu kimi, İddiaçı əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi tarixdən başlayaraq işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, öz narazılığını bildirmiş, müxtəlif nüsxələr toplamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı İddiaçı mahiyyəti üzrə məhkəməyə də müraciət edə bilərdi. Beləliklə, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə belə qənaətə gəlir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-2138/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2138/2025
20.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver