Məhkəmə qərarları › İş №e-2(064)-340/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-340/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-340/2025 08.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinin 6 saylı Beyləqan Ərazi hüquqların Dövlət Qeydiyyatı İdarəsinin Füzuli filialına qarşı verdiyi “çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışın qanunsuz və əsassız olduğu üçün etibarsız hesab olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Füzuli rayonu işğal olunana qədər Füzuli rayonu Mollaməhərrəmli kəndində atasının yurdu olan 2 mərtəbəli, 3 otaq, 1 zal və 1 şüşəbənddən ibarət olan evdə yaşamışdır. Hazırda həmin ünvanda qeydiyyatda olmaqla məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır. Onun xəbəri olmadan qeydiyyatını Arayatılı kənd İcra Nümayəndəliyi həmin ünvandan çıxarmış, onu kənd İcra Nümayəndəliyində qeydiyyatda olan kimi saxlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbinə əsasən onun ata yurdundan pay alma hüququ vardır. Onun məcburi köçkün düşənə qədər yaşadığı və hazırda da həmin ünvanda qeydiyyatda olduğu Mollaməhərrəmli kəndindəki 3 otaqlı evdən qanuni vərəsə kimi pay alma hüququ olduğu üçün ona mübahisələndirilən evdən pay ayrılması barədə qətnamə çıxarılmalıdır. Belə ki, onun bir neçə ay əvvələ qədər xəbəri olmamışdır ki, qardaşı Məmmədov Ramiz qeyri-qanuni yolla həmin evi oğlu Cavabdeh adına qeydiyyata aldırmış və çıxarış əldə etmişdir. Ona görə də, qeyri-hüquqi yolla əldə olunan çıxarışın etibarsız olması barədə qətnamə çıxarılmasını istəyir. İddiaçı qanuni vərəsədir və birinci növbədə olan vərəsə kimi onun da valideynlərinin miras qoyduğu əmlakdan pay almaq hüququ vardır. Lakin, yuxarıda qeyd etdiyi kimi o, kəndə yas yerinə gedərkən 2022-ci ildə qardaşı Ramizin ata yurduna qanunsuz çıxarış aldığını bilmişdir. Belə ki, o, bir gün kənddə toydan çıxıb Füzulinin işğalına qədər ailəsi yaşadığı ata yurduna gəlib orada qalmışdır. Onu polis əməkdaşı yuxudan oyatmış, Əhmədova Nazilə adlı qadın şikayət edərək “bəs evə oğru girib” dediyi söyləmişdir. İzah etmiş ki, “bura mənim ata yurdumdur”. O, yalnız o zaman dəqiqləşdirmiş ki, “qardaşı Ramiz saxta yolla atasının evinə çıxarış alıb evi oğlu Elşənin adına rəsmiləşdirmişdir. Onda olan notarial müqaviləyə əsasən anası X4 evlərini 13942 manat qiymətləndirilməklə bağışlama qaydasında qardaşı oğlu Cavabdeh vermişdir. Onu da qeyd edir ki, onun anası 101 yaşında vəfat etmişdir və o, öz hərəkətini o zaman, o yaşda ölçüb-biçmək iqtidarında ola bilməzdi. Bu o deməkdir ki, anasının adından yazılmış bağışlanma müqaviləsi saxtadır. Həmin müqaviləni bağlamaq üçün hazırda qüvvədə olan notarial qanuna əsasən anası ofisə getməli və kampyuter qarşısında dayanaraq bu müqaviləni rəsmiləşdirməli idi. Yaxudda Notariusun rəisi özü evə gedərək həmin rəsmiləşdirməni başa çatdırmalı idi. Anası həmin vəziyyətdə öz iradəsini heç cür ifadə edə bilmədiyindən həmin müqavilə saxta olduğundan etibarsız hesab olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi qanuni vərəsə olduğuna görə əvvəla, anasının bağışlama müqaviləsi ilə Cavabdeh bağışladığı payda məcburi pay hüququ vardır, bu ev atası ilə birgə nikah dövründə 1960-cı illərdə tikildiyindən anası atasının payını yox, öz payını bağışlaya bilərdi və buna görə bu barədə mübahisə olduqda, “mübahisə Məhkəmə qaydasında həll olunmalıdır. Beləliklə də, o, atasının qanuni vərəsəsi olmaqla onun əvəzinə əmlakdan payını tələb etmə hüququna malikdir. Ona görə də, anası bu problem həll olmadan həmin əmlak üzərində sərəncam vermə hüququna malik olmadığı halda, atası Mustafanın qanuni vərəsəsi olaraq onun hüququnu pozmuşdur. Həm də bu barədə bağışlama müqaviləsinin 5-ci bəndində qeyd olunduğu kimi Cavabdeh bu izah olunduğuna baxmayaraq o, onun birmənalı şəkildə vərəsəlik hüququnu pozaraq ümumiyyətlə bu barədə ötən 10 ilə yaxın müddətdə hər şeyi iddiaçıdan gizlətmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Lakin cavabdehin nümayəndəsi məhkəməyə 13 mart 2025-ci il tarixdə iddia ərizəsinin mümkün sayılmamasına dair vəsatət ünvanlayaraq bildirmişdir ki, iddia predmeti olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə iddiaçının mərhum anası G.Hüseynovanın şəxsi mülkiyyətində olmuş, xx.xx.2013cü il tarixdə isə nəvəsi Cavabdeh bağışlanmış və xx.xx.2013-cü il tarixdən Cavabdeh şəxsi mülkiyyətindədir. Bağışlama hələ keçmiş mülkiyyətçinin sağlığında baş verdiyindən, iddiaçının heç bir hüququ pozulmamışdır, çünki bağışlama müqaviləsinin predmeti miras əmlaka daxil olmur. Digər tərəfdən, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia müddətini ötürmüşdür. Eləcə də mübahisə predmeti olan bağışlama müqaviləsi əvvəlki mükkiyyətçinin (iddiaçının anası və cavabdehin nənəsi) sağlığında könüllü əsaslarla olmuşdur, həmçinin bağışlama müqaviləsindən iddiaçının xəbəri və məlumatı da olmuşdur. Həmin evə iddiaçı özü qonaq gəlib-getmişdir. İllərdir ki, su qaz işıq cavabdehin adına olmuşdur. İddiaçının subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Hesab edir ki, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməli və iddia ərizəsi rədd edilməlidir. Bu səbəbdən iş üzrə iddia ərizəsinə iddia müddətini tətbiq edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin və onun nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961ci il tarixdə Füzuli rayonu, Mollaməhərrəmli kəndində doğulmuş və həmin kənddə qeydiyyatdadır; - Füzuli rayon İHB-nın Arayatılı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-43-15/2-232/2024 nömrəli arayışından görünür ki, İddiaçı Füzuli rayonu, Mollaməhərrəmli kəndində qeydiyyatdadır; - Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, 756 nömrəli arayışının surətindən görünür ki, Məmmədov X3 Zenfira Mirzəağa qızı ilə arasındakı nikah aktı Füzuli rayon Arayatılı kənd icra nümayəndəliyində xx.xx.1990-cı il tarixdə 02 nömrə ilə qeydə alınmışlar; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Mollaməhərrəmli kəndində, 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir; - xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, X4 ona məxsus olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində, 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh bağışlamışıdır; - AZ-İ 632691 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Füzuli rayonu, Mollaməhərrəmli kəndində vəfat etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıda göstərilən hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır; - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidi; - 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; - 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; - 337.5-cü maddəsinə əsasən qqd etibarsız olduqda, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; - 338-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ə.Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadının: 14-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. 17-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam, zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam, zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Göründüyü kimi müqavilənin qanunvericilikdə anlayışından da aydın olur ki, müqavilə iki və daha çox şəxsin iradə ifadəsidir. X2 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi Plenum Qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. İddiaçı könüllü olaraq mülkiyyətində olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini tam mülkiyyət üzrə Cavabdeh bağışlamışdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman iddiaçının müqavilənin bağlanmasından məlumatsız olmasına, bunu son zamanlar öyrənməsinə şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən bağışlama müqaviləsi qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Füzuli rayon Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-01-12 reyestr nömrəli Müqaviləyə əsasən X1 rayonu, Mollaməhərrəmli kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini tam mülkiyyət üzrə Cavabdeh bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən Mollaməhərrəmli kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar