Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-428/2024 29.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə ərizəçi “Çaldağ” Kooperativinin nümayəndəsi X2 iştirakı ilə ərizəçi “Çaldağ” Kooperativinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “Çaldağ” Kooperativi maraqlı şəxs qismində Füzuli Rayon Vergilər Şöbəsini cəlb etməklə “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə vergi ödəyicisi kimi qeydiyyatda olması, habelə “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında “Dağ-mədən ayırma” aktının hüdudları çərçivəsində 38 S 1. X 688695.57 Y 4394605.91; 2. X 689056.54 Y 4394553; 3. X 689027.71 Y 4394343.80; 4. X 688628.81 Y 4394406.66 koordinatlar daxilində 8 ha torpaq sahəsində mişardaşı istehsalı və satışı fəaliyyətini göstərməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Çaldağ” Kooperativi 1988-ci il tarixdə həmtəsisçilər X6, X5 və X3 tərəfindən təsis edilmiş, Füzuli rayon X12 İcraiyyə Komitəsi tərəfindən qeydə alınmış, Kooperativin Nizamnaməsi təsdiq olunmuşdur. “Çaldağ” Kooperativinin Nizamnaməsinə əsasən Kooperativin əsas fəaliyyəti mişardaşı istehsalı və satışı təşkil etmişdir. “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında “Dağ-mədən ayırma” aktının hüdudları çərçivəsində 38 S
1. X 688695.57 Y 4394605.91; 2. X 689056.54 Y 4394553; 3. X 689027.71 Y 4394343.80;
4. X 688628.81 Y 4394406.66 koordinatlar daxilində 8 ha torpaq sahəsində mişardaşı istehsalı və satışı fəaliyyətini göstərmişdir. Qeyd edilən müddət ərzində “Çaldağ” Kooperativinin təsisçilərindən biri olan Füzuli rayon sakini X1 qanuni təmsilçisi (sədri) olmuş, Kooperativdə Füzuli rayon sakinləri işçi kimi işləmiş, əmək haqqı almışlar. “Çaldağ” Kooperativi vergi ödəyicisi kimi Füzuli Rayon Vergilər Şöbəsində qeydiyyatda olmuş, dövlət və digər ödənişləri lazımi qaydada həyata keçirmişdir. Lakin 1993-cü ildə Füzuli rayonunun erməni separatçıları tərəfindən işğalı nəticəsində Füzuli rayon sakinləri, o cümlədən, “Çaldağ” Kooperativinin təsisçiləri rayonu tərk etmək məcburiyyətində qalmışdırlar. “Çaldağ” Kooperativinin sədri X6 rayonu tərk edərkən Kooperativə aid bütün sənədlər rayonda qalmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərini həyata keçirmək üçün “Çaldağ” Kooperativi əvvəlllər ona verilmiş 8 ha torpaq sahəsində yenidən fəaliyyət göstərmək istəyir. Lakin “Çaldağ” Kooperativinin vergi ödəyicisi kimi qeydiyyatda olmasını təsdiq edən, həmçinin Kooperativin 1988-1993-cü il tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında fəaliyyət göstərməsini təsdiq edən sənədlər rayonda qaldığı üçün müvafiq sənədləşmə işlərinin aparılması mümükün deyil. Məhkəmə iclasında iştirak edən ərizəçi “Çaldağ” Kooperativinin təsisçisi X6 və şahid qismində dindirilmiş 1988-1993-cü illərdə də Füzuli Rayon Vergilər Şöbəsində işləmiş və hal-hazırda da həmin şöbədə işləyən X7, X10 və X8 iclasda ərizə ilə oxşar məzmunlu ifadə verərək “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə vergi ödəyicisi kimi qeydiyyatda olmaqla, həmin tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında mişardaşı istehsalı və satışı ilə məşğul olmasına şahidlik etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3/48-DA-3F/2-10-/2024 saylı məktubunda göstərilmişdir ki, “ ... Füzuli rayon Dilağarda kənd ərazisində yerləşən mişardaşı yatağında “Çaldağ” Kooperativinə məxsus olan sənədlər X13 Fililalına təhvil verilməmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Füzuli Rayon Vergilər Şöbəsinin xx.xx.2024-cü il tarixli, **********173100 saylı məktubunda göstərilmişdir ki, “ ... Füzuli rayonu 1993-cü ilin avqust ayında işğal olunmuşdur. “Çaldağ” Kooperativinin qeydiyyatına dair vergi orqanında olan qeydiyyat sənədləri işğal olunmuş ərazidə qaldığı üçün həmin sənədlərin surətlərini sizə təqdim edə bilmirik. Odur ki, halhazırda Vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “Çaldağ” Kooperativinin vergi orqanında vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməmişdir”. İş materiallarında olan Füzuli rayon X12 İcraiyyə Komitəsinin 23 dekabr 1988-ci il tarixli qərarında göstərilmişdir ki, “Çaldağ” Kooperativinə beş hektar torpaq sahəsi ayrılması barədə rayonun baş yer quruluşçusunun rəyi və sxemi təsdiq olunsun, “Çaldağ” Kooperativi dövlət krediti ilə təmin olunsun, “Çaldağ” Kooperativinin yerləşdiyi binanın və kooperativ üzvlərinin sığorta edilməsi həyata keçirilsin. İş materiallarında olan Güzdək tikinti materialları Kombinatının direktoru tərəfindən 1988-ci il tarixdə təsdiqlənən “Çaldağ” Kooperativinə məxsus nizamnamədə kooperativin xalq istehlakı malları istehsal edən təşkilat olduğu müəyyən olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “ ... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq, eyni zamanda iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan sübutlardan, şahid ifadələrindən müəyyən olunur ki, “Çaldağ” Kooperativi 1988-1993-cü il tarixlərdə vergi ödəyicisi kimi qeydiyyatda olmaqla, həmin tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında mişardaşı istehsalı və satışı ilə məşğul olmuşdur. Lakin həmin kooperativin məhs 38 S 1. X 688695.57 Y 4394605.91; 2. X 689056.54 Y 4394553; 3. X 689027.71 Y 4394343.80; 4. X 688628.81 Y 4394406.66 koordinatlar daxilində 8 ha torpaq sahəsində fəaliyyət göstərməsinə gəldikdə məhkəmə hesab edir ki, həmin koordinatların müəyyən edilməsi fiziki cəhətdən mümkünsüzdür. Həmçinin şahidlər tərəfindən verilən ifadələrdə də həmin fakt öz əksini tapmamışdır. Belə olan halda ərizə qismən təmin edilməli, ərizəçi “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə vergi ödəyicisi kimi qeydiyyatda olması, habelə “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında mişardaşı istehsalı və satışı fəaliyyətini göstərməsi faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə vergi ödəyicisi kimi qeydiyyatda olması, habelə “Çaldağ” Kooperativinin 1988-1993-cü il tarixlərdə Füzuli Rayonu ərazisində, “Dilağarda” mişardaşı yatağında mişardaşı istehsalı və satışı fəaliyyətini göstərməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir İsmayılov